İqtisadiyyat
17.01.2019 / 12:30

“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib

“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib
PASHA Holding” investisiya qrupu PAŞA Bank-la birlikdə holdinqin qadın əməkdaşları ilə işin aparılmasına yönəlmiş və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramını təqdim edib.

Proqram qadın sahibkarlardan və top-menecerlərdən ibarət “Azərbaycanın 100 işgüzar qadını” şəbəkəsi tərəfindən hazırlanıb və icra edilir.

Tədbirdə çıxış edən “PASHA Holding”in baş direktorunun müavini, biznesə dəstək üzrə direktoru Şahin Məmmədov bildirib ki, “PASHA Holding” uzunmüddətli korporativ qadın liderliyi proqramını həyata keçirən ilk Azərbaycan müəssisəsidir:

“Holdinq əməkdaşlarının yüksək səviyyəli korporativ mədəniyyəti ölkənin korporativ sektoru üçün nümunə ola bilər. “PASHA Holding” bütün qadın əməkdaşlarını bu proqramı karyeralar və peşəkar inkişaf baxımından yeni rakursdan nəzərdən keçirməyə və onun iştirakçısı olmağa çağırır”.

Şahin Məmmədov davamlı təlim və peşakar inkişaf proqramları vasitəsilə “PASHA Holding”in öz korporativ mədəniyyətinin təkmilləşdiriməsinin tərəfdarı olduğunu da vurğulayıb.

Tədbirdə çıxış edən PAŞA Bank-ın İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva qeyd edib ki, Bank “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının irəli sürdüyü qadınların biznes imkanlarını genişləndirmək təşəbbüslərini dəstəkləyən ilk maliyyə institutu olub:

“Məlum olduğu kimi, gender stereotipləri istənilən biznesin inkişafına mənfi təsir göstərir. Şəffaf və davamlı biznes təcrübəsinə əsaslanaraq, PAŞA Bank ölkədə gender bərabərliyi prinsiplərinə hörmətlə yanaşan qabaqcıl maliyyə qurumudur. Hazırda bankdakı bütün yüksək vəzifələrin təxminən yarısını məhz qadınlar tutur”.

“Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri Tatyana Mikayılova qeyd edib: “Biz “PASHA Holding”lə belə bir proqrama başlamağımızdan olduqca məmnunuq və fəxr edirik. Bizim holdinqin əsas bölmələrindən olan və iki il ərzində “SHE Congress”ini dəstəkləyən və müştəriləri üçün qadın liderliyinə həsr olunmuş xüsusi icra proqramını təşkil edən PAŞA Bankla münasibətimizin gözəl bir tarixi mövcuddur. Holdinqə çıxışı ilə sözügedən proqram daha geniş miqyas alır ki, bu da gözlənilən və məntiqidir.

Proqramın məqsədi qadınlara təhsildə və ünsiyyətin qurulmasında yardım göstərmək, onların hüquqlarını və imkanlarını genişləndirmək və ilhamlandırmaqdır. Mütəxəssis və məşqçilərimiz proqram iştirakçıları üçün bir nümunə olacaq və onlara liderlik bacarıqlarını artırmaqda kömək edəcəklər. Paylaşılmayan biliyin faydası olmaz. “SHE Leads” – ilk növbədə, mübadilə və dəstəkdir”.

“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib


“PASHA Holding” “She Leads” adlı unikal korporativ proqramını təqdim edib



Trend

Baxış sayı: 294