Sosial
17.01.2019 / 12:00

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir/ Video-Foto

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir/
Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır.

Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir.

Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 18 min kv.m sahədə frezlənərək kənara daşınır, 92 min kub.m həcmdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Torpaq işləri 276 min kub. m həcmdə icra olunur.

Bunun ardınca təqribən 520 min kv.m sahədə yol əsasının 36 sm qalınlıqda alt və üst lay olmaqla qum-qırmadaş və optimal qum-çınqı qarışığı ilə tikintisi işləri aparılır.

Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə asfaltlanma işləri də görülür. Həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca isə tikinti norma və standartlarına uyğun olaraq 2 laydan ibarət 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihəyə uyğun olaraq asfaltlanacaq sahə ümumilikdə 350 min kv.m təşkil edir. Bundan başqa yolun çiyin hissələri də 155 min kv.m sahədə 12 sm qalınlıqda optimal qum-çınqıl qarışığı ilə də bərkidilir.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür. Bunun üçün xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, avtoqreyderlə 28 min paqon-metr uzunluğunda küvetlər açılır, həmçinin 3200 kub.m dəmir-beton küvetlər inşa edilir.

Bundan başqa yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyası da layihədə nəzərdə tutulmuş işlərdəndir.

Bu çərçivədə sürüşmə ərazilərində 11 kub.m dəmir-beton və 12 min kv.m daşdan hörülmüş istinad divarları inşa edilir, yol yatağı əlavə olaraq 234 min kub.m həcmdə xüsusi qruntla bərkidilir, ərazilərdə 1000-1020 mm diametrində və 12 metr dərinlikdə 6500 kub.m həcmdə 680 ədəd dəmir-beton svaylar vurulur.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün sökülərək çıxarılır və yenisi ilə əvəz edilir. Bunun üçün diametri 1000, 1200 və 1500 olan 525 paqon-metr uzunluğunda dəmir-beton borular quraşdırılır, boru başlıqları dəmir-betonla tikilərək izolyasiya olunur. Həmçinin yolda 86 paqon-metr uzunluğa malik dördbucaqlı su keçidləri də inşa edilir.

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərin azalmasına zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Ümumilikdə isə yol boyu yaşayan vətəndaşların sosial rifah halına müsbət təsir göstərməklə, bölgənin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə şərait yaratmaqla, sosial-itisadi inkişafının sürətlənməsinə gətirib çıxaracaq.”



Layihəyə uyğun olaraq yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri də görülür. Bunun üçün yararsız körpü məhəccərləri yenisi ilə vəvz olunur, yararsız keçid tavalar sökülərək əvəzinə yeni dəmir-beton tavalar, bundan başqa rigellər, metal konstruksiyalar və dəmir-beton şkaf divarları quraşdırılır. Körpülərdə ətrafında əlavə bərkitmə işləri çərçivəsində 1000-1020 mm diametrində 72 ədəd dəmir-beton svaylar vurulur.

Həmçinin layihə çərçivəsində 55 yol birləşmələrinin təmiri, zəruri yerlərdə 2 km-ə yaxın piyada səkilərinin inşası və təkərqaytaranların quraşdırılması da nəzərdə tutulub.

İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib. İnşaat işləri mövcud tikinti norma və qaydalarına uyğun şəkildə aparılır.

Yenidənqurma işlərinin sonuncu mərhələsində yola 6 avtobus dayanacağı qoyulacaq, həmçinin hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə 152 ədəd yol nişanı və məlumatverici lövhə, 2024 ədəd siqnal dirəyi və 110 ədəd km göstəricisi quraşdırılacaq, 153 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.



Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir/


Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir/


Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir/





İnform.az

Baxış sayı: 168