Sağlamlıq
17.01.2019 / 11:30

Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/ FOTO

Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/
Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsi iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, ev itləri arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərini aparır.

Bununla yanaşı iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazilərdə profilaktik dezinfeksiya işləri həyata keçirilir. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Xaçmaz rayonunun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarda 15 min baş iribuynuzlu, 525 baş təkdırnaqlı heyvanda və 250 baş donuzda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 2200 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi alınıb və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Həmçinin bir sıra qonşu ölkələrdə insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilib və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb. Belə tədbirlərdən biri də Xaçmaz rayonunun Çarxı kəndində yerləşən İlyas Sərdarova məxsus 150 baş donuz saxlanılan təsərrüfatda həyata keçirilib.

Baytarlıq mütəxəssisləri ilkin olaraq təsərrüfatda saxlanılan donuzlara kliniki baxış keçirərək, təsərrüfatın sağlam olmasını müəyyən ediblər. 3 aydan yuxarı donuzlarda isə qarayara xəstəliyinə qarşı peyvəndləmə aparıblar. Eləcə də donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 300 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri görüblər.

Epizootiya əleyhinə aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri tərəfindən qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi, donuzların qapalı şəraitdə saxlanılması, heyvan saxlanılan tövlələrin girişində dezinfeksiya məqsədilə xüsusi yerlərin düzəldilməsi, donuzların yemləndirilməsi üçün kənardan gətirilən sənaye və ictimai iaşə tullantılarının qaynadılaraq heyvanlara verilməsi, təsərrüfatlarda dezinfeksiya və dezinseksiya işlərinin aparılması, təsərrüfatlara kənar şəxslərin girişinin qadağan edilməsi, heyvanlar arasında xəstəliyə şübhəli hal baş verdikdə dərhal yerli baytarlıq idarəsinə və ya Dövlət Baytarlıq Xidmətinə məlumat verilməsini tövsiyə ediblər.

Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Xaçmaz rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyardermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərinin aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərinyayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/


Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/


Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/


Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/


Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb/







İnform.az

Baxış sayı: 153