Baş xəbər, İqtisadiyyat
17.01.2019 / 10:55

AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib/ FOTO

AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib/
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 saylı Sərəncamın icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub.

Heyvan kəsimi və satışı sahəsində işin daha səmərəli təşkil olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq tövsiyələr verilib.

Bildirilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin təlabatını ödəmək üçün kəsim məntəqələri fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə həyata keçirməlidir.

AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnform.az-a verilən mlumata görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. R. Mafusov bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.

R.Mafusov sahibkarların diqqətinə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcək.

Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.

AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib/




İnform.az

Baxış sayı: 228