Ədəbiyyat
16.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=37746

-Salam, Səlma xanım, bu da mən.

Səlma titrəyirdi, onun üzünə baxmağa çəkinirdi. Niyə? Niyəsi məlum idi.

Qorxurdu, Kənan onun hislərini gözlərindən oxuya.

- Səlma xanım!!!Mən burdayam, sizə nə olub, əgər məni görmək istəmirsinizsə, qayıda bilərəm.

Kənanın incik səsi onu ayıltdı.

- Xe-y-r, yox, yox, - deyə yenə kəkələməyə başladı.

Kənan onun bu halından artıq çox şeyi anlamışdı. O bilirdi, bilirdi ki, Səlma ona biganə deyil. Bəlkə də bu gün, ilk telefon zəngindən sonra onu görüşə dəvət cəsarətini də, qızın titrək səsindəki səmimiyyət vermişdi.

- Hə, indi icazə verin, sizi yeməyə dəvət edim. Siz də, mən də işdən çıxmışıq. Mən acından ölürəm, gəlin elə vaxt itirməyək. “Mirvari”də oturaq.

Səlma nə edəcəyini bilmirdi. Bu nə hiss, bu nə vəziyyət idi, anlaya bilmirdi. Nə deyəcəyini bilmədən sakitcə, Kənanla birlikdə “Mirvari”yə tərəf addımlamağa başladı.

Onları qarşılayan gənc qarson hansı stolda oturmaq istədiklərini soruşanda:

- Bura əladır, dəniz də əl içi kimi görünür. Səlma xanım axı dənizi çox sevir, -Kənan təbəssümlə cavab verdi.

Səlma qulaqlarına inanmadı, Kənan onun dənizi sevdiyini haradan bilirdi? Soruşmaq istədi, amma içindən gələn “səbir, səbir” deyən səs onu susdurdu.

-Hə, indi gəlin daha yaxından tanış olaq. Mən Kənan Sahib, hüquqşünas, jurnalist, şair. Tanınmış saytlardan birinin köşə yazarı. Subayam, hələ ki, evlənmək fikrim də yoxdu. Yaşayıram da hələ ki, “subaylıq sultanlıqdı”-, deyirəm.

Səlma qımışaraq:

- İnşallah, ürəyinizcə birini sevib evlənərsiniz, -dedi.

- Qismət İlahidən.

Sifarişi verib Kənan Səlmanın gözlərinə diqqətlə baxaraq:

-Oooo, gözləriniz lap dənizə bənzəyir…, - deyə pıçıldadı.

Səlmanın yanağına qızartı çökdü. Başını aşağı dikdi.

- Səlma xanım, mən sizə bir söz demək istəyirəm.

- Buyurun.

- Mən, mən bilmirəm, doğrumu, yanlışmı, amma mən sizsiz çox darıxıram, çox. Hansısa bir qüvvə məni sizə tərəf çəkir. Yanınızda olmaq, hey sizinlə söhbət etmək, gözlərinizə doymadan baxmaq istəyirəm. Xahiş edirəm, bu xoşbəxtliyi mənə çox görməyin…

Səlma nə deyəcəyini bilmirdi. Kənanın etirafı onu çaşdırmışdı.

- Siz, siz, - deyə yenə kəkələməyə başladı.

- Mənə güvənməyə bilərsiz, çünki məni tanımırsınız axı. Amma mənim sizə olan hislərim ötəri deyil, sizdə hansı qüvvə var ki, məni sizə çəkir. Hansı qüvvədir, bilmirəm, tək bildiyim sizsiz mənə çox ağırdır. Mənə bir şans verin, yoxsa mən dəli olaram.

Səlma, təbii, Kənanın dediklərinə bu tezliklə məna verə bilməzdi. İnandığı tək şey özünün Kənana olan hisləri idi. Bəlkə də gerçək idi, bəlkə də sadəcə maraq. Amma nə idisə Səlmanı içdən titrədən bir hiss idi...

- Mənə maraqlıdı, niyə mən? Çevrənizdə görün nə qədər qadın qız var. Hamı da bir-birindən qəşəng.

- Hmm, nə olsun, gözəl ola bilərlər, amma mənim istədiyim ola bilməzlər.

- Maraqlıdır sizin istədiyiniz necə olmalıdır ki?

Kənan Səlmanın əllərini ovucuna alaraq:

Xəyallarımın qadını

- Sizin kimi-deyə dilləndi.

- Məndə qeyri-adi nə var ki?

- Çox şey, kimsədə görə bilmədiklərimi sizdə görürəm. Sadəlik, səmimiyyət, intellekt. Hər şeydən öncə, çox səmimisiniz.

Səlma nə deyəcəyini blmirdi, susurdu. Bu susqunluğu Kənan bəlkə də razılıq əlaməti kimi hiss edirdi. Gerçəyə qalsa, bu beləydi.

“Amma bunu ilk gündən Kənan hiss etməməliydi, sonra nə düşünər”, -deyə Səlma pıçıldadı.

- Kənan bəy!

- Xahiş edirəm, bəy, müəllim və sairlə mənə müraciət etməyin. Sadəcə adımı deyin. Sevmirəm, bu müraciət formalarını, -deyə Kənan təbəssümlə ona baxdı.

Əslində oturduqları andan Kənan nəzərlərini ondan çəkməmişdi.

Bu, Səlmanı nə qədər utandırsa da, bir o qədər də sevindirirdi.

İnanmaq istəyirdi, Kənanın ona qarşı olan hisslərinin həqiqi olduğuna.

- Səlma xanım, mənə imkan verirsinizmi, yəni şansım varmı sizə sevgimi sübut etməyə?

- Kənan, sevgi cinayət işi deyil ki, axtarışa verib sonra onu sübuta yetirəsən. Sevgi müqəddəs və çox qəliz bir anlayışdlr. Baxır bunu kim necə qavrayır və kim necə yaşayır.

- Mən sevgiyə inanıram, çünki bu sevgi deyilən zəhrimarın hesabına həyatım alt-üst olub.

Səlma kövrəlmişdi, qeyri-ixtiyari yanaqlarından süzülən göz yaşı onu daha da cazibədar göstərirdi.

Kənan özünü itirərək:

- Səlma xanım, çox üzr istəyirəm. Sizi incitmək istəməzdim. Bilmirəm, kimdi sizdə bu inamsızlığı yaradan, amma yanılırsınız, çünki hər kəs axı eyni olmur. Siz sadəcə mənə şans verin vəssalam.

Tezliklə özünüz görəcəksiniz.

- Kənan mən sizə heç bir söz verə bilmərəm. Mənə görə nə zamanınızı itirin, nə də inanın ki, mən yenidən sevə bilim.

Əslində bu sözləri söyləyən sadəcə onun dili idi, ürəyi isə əsim-əsim əsirdi, sevinirdi.

-Sevəcəksiniz, buna əmin olun, mütləq.

Mən o hissi sizə yenidən yaşadacam. Buna əmin olun.

-Artıq gec oldu, mən gedim, - deyə Səlma dilləndi.

- Oldu, qalxaq.

Yolboyu susdular. Kənan taksi saxladı:
Xəyallarımın qadını

- Ünvan,-deyə soruşdu.

- Bakıxanova gedəcəyəm, amma əziyyət çəkməyin, özüm gedərəm.

- Bu nə söz, olmaz, sizi bu saatda tək qoya bilmərəm axı.

Səlma sevinirdi, Kənanın belə diqqətli olmasına.

Sükut, içindəki hansısa hiss ona : “Tələsmə, tələsmə sevinməyə”, - deyə pıçıldayırdı.




Ardı var...

Baxış sayı: 416