Ədəbiyyat
14.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada: http://inform.az/index.php?newsid=37603

Qəribəydi, sanki bütün bədənini don vurmuşdu. Heç nə hiss etmirdi.

Tək bildiyi yenidən sevəcəyindən qorxması idi.

Qəfildən ayıldı. Titrəməyə başladı. Vannadan çıxıb hamam xələtini geyinib mətbəxə keçdi.

Qaynar çay süzdü. Əlləri əsir, öz-özünə pıçıldayırdı:

- İlahi, mən niyə belə oldum? Haradan gəldi axı bu insan? Ya Rəbbim, görəsən, sən məni çox sevdiyindənmi bu əzablara düçar edirsən, yoxsa sənin günahkar qulunam? Bu səbəblərdən hansıdı, görəsən?

Beləcə,Səlma yataq otağına keçib şifoneri açdı. Diqqətlə sıralanmış libaslarına baxdı:

“Bəlkə zəng vurdu, bəlkə işdən sonra görüşdük...”

Bu fikirlərlə paltar seçməyə başladı. Nəhayət, çox sevdiyi firuzəyi rəngli donunu asılqandan çıxardı. Bir müddət don əlində xeyli dayandı. Sonra tənbəl addımlarla aynanın qarşısına keçib geyinməyə başladı. Dodaqaltı hətta zümzümə də etdi:

- Ömür ötür, keçir aram-aram,
Heç bilmirsən gülüm, yoxam, varam
Yalnız səni, səni soruşaram,
Səndən nigaranam...

O da nigaran idi. Nədən yoxsa, kimdən? Həm nədən, həm də kimdən. Narahat idi. Kənanın ona olan hislərinin həqiqiliyindən. Narahat idi, Kənanın kimliyindən, onun Səlmaya olan səmimiyyətindən...

- Eh, nə isə, deyəsən, dəli oluram, - deyib güzgünün qarşısına keçdi. Azca kirşan, bir az da dodaq boyası çəkib evdən çıxdı.

Yolboyu telefonu əlindən çantaya qoymadı. Elə bilirdi ki, telefonu çantaya qoysa, Kənan zəng vuracaq və o, zəngi eşitməyəcək. Beləcə, qulağı səsdə ikən işə çatdı. Saat artıq 11.00 idi. Hər gün 09.00- da işdə olan Səlma bu gün iki saat gecikmişdi. Amma heç narahat deyildi. Sanki elə bu vaxt da gəlməli imiş.

Dekanlığa yenicə girmişdi ki, birdən... Birdən telefon zəng çaldı. Səlma ömründə yaşamadığı bir hissə bürünmüşdü. Əlləri əsirdi, yanaqlarına qəribə bir qızartı çökmüşdü. Laborant Lalənin qımışaraq:

- Səlma xanım, sizə nə oldu?!-deməsi onu ani olaraq özünə qaytardı. Gülümsəyərək:

- Heeeç, heeç, elə belə, - deyib otaqdan dəhlizə çıxdı.

Telefonu açmağa qorxurdu. Qorxurdu, amma niyə? Özü də bilmirdi, niyə? Telefon dayanmadan çalırdı. Nəhayət, titrək barmaqları ilə telefonun düyməsini basdı və elə titrək səslə də:

Xəyallarımın qadını

- Bəli, buyurun, eşidirəm, - deyə səsləndi.

- Səlma xanım, salam. Necəsiniz? Narahat etmədim ki?

Səlmanın qulaqları uğuldayırdı. Kənanın səsini qırıq-qırıq eşidirdi.

- Xeyr, xeyr, buyurun, eşidirəm.

- Hər şey yolundamı? Haralarda idiniz, niyə üç ay idi, sizdən xəbər-ətər yox idi?

Səlma donmuşdu. Demək, Kənan onun olmadığı günləri sayırmış. Çox qəribəydi çox. Kənanda ona qarşı diqqət oyadan nə idi? Sual, sual, yenə sual. Səlma sanki birdən ayıldı.

- Bəli, Kənan bəy, eşi-di-rəm, -deyə kəkələdi. - Hə, xəstə idim, həkimlər bir müddət mənim hər şeydən uzaq durmağımı məsləhət görmüşdülər.

- Bəs indi? İndi hər şey yolundamı?- Kənan ilıq bir pıçıltıyla soruşdu.

- Hə, şükür, hər şey arxada qaldı.

- Oldu, Səlma xanım, inanıram, yaxın günlərdə sizinlə gerçək həyatda görüşəcəyik.

Səlma nə deyəcəyini bilmirdi. Susdu bir anlıq. Sonra isə: “inşallah”, - deyə pıçıldadı.

Beləcə, onun Kənanla ilk telefon söhbəti bitdi. Səlma sanki yenidən doğulmuşdu. Hər şey gözünə fərqli görünürdü, hər şey.

İşdə otura bilmədi, icazə alıb çıxdı. Bir müddət hara gedəcəyini qərarlaşdırmaqda çətinlik çəkdi.

“Gedim “Sadko”ya. Dəniz ən yaxın dostdu, o sirr saxlamağı bacarır.”

Beləcə, üzü bulvara sarı yeriməyə başladı. “Allahım, olmaya mən aşiq olmuşam, olmaya sevirəm?

İlahi, dəli olacam mənə yardım et. Qoyma, mən yenidən eşq atəşində yanım, ya Rəbbim”, -deyə Allaha yalvarmağa başladı.

Duaları bitmək bilmirdi. “Sadko”ya nə vaxt çatdığını bilmədi. Yavaş addımlarla körpünün başına tərəf addımladı.

Hər zamankı kimi lap küncə sıxılıb gözlərini dənizə zillədi. Dəniz sakit idi, çox sakit. Sanki dalğalar da Səlmanı sakitləşdirmək üçün həzinləmişdilər...

“Hə, əzizim, yenə sənə gəldim, gəldim ki, yenə ürəyimi sənə açım. Gəldim ki, səndən məsləhət alım”. Dəniz susurdu.

“Mən nə edirəm, mənə bir yol göstər. Bu adam hardan gəldi? Axı mən söz vermişdim, bir daha sevməyəcəm, - deyə. İndi bəs mənə nə olur? Olmaya, yenə məni acı dolu bir sevda gözləyir?

Yox, yox, ola bilməz, mən sevə bilmərəm. Yenidən o şeyləri yaşaya bilmərəm”.

Ləpələr sanki hərəkətə gəldilər. Bu nəyə işarə idi? Səlma duruxdu. Dodaqaltı gülümsəyərək pıçıltıyla: “Anladım, demək, yenə dəli bir sevda məni gözləyir, yenə göz yaşı, yenə həsrət dolu gecələr məni ağuşuna alacaq”.

Dalğalanan ləpələr də sanki gülümsəyir, sevinirdilər. Səlma iki saata yaxın “Sadko”da oturub gözlərini dənizdən çəkmədi. Külək başlamışdı. Üşüyürdü. Qalxıb asta addımlarla oradan uzaqlaşmaq istəyirdi ki, telefonu çaldı. O, yenə özünü itirərək telefonu çantada axtarmağa başladı. Nəhayət, tapdı. Telefona baxanda gözlərinə inanmadı, yenə o idi-Kənan. Titrək səslə:

- Bəli, eşidirəm,-dedi.

- Səlma xanım, bir daha salam, hardasınız?

Səlma qulaqlarına inanmadı. Kənan ərklə ondan harada olduğunu soruşurdu. Nə deyəcəyini bilmədi. Sanki “dənizkənarı parkdayam” deməkdən qorxurdu:

- Bulvardayam.

- Nə yaxşı, o zaman mən gəlirəm yanınıza.

Səlma donmuşdu, nə deyəcəyini bilmirdi…

- Gəlirəm, baxın heç yerə getməyin ha, xahiş edirəm, hansı tərəfdəsiniz?

- “Sadko”nun yaxınlığında.

Oldu, gəlirəm, on dəqiqəyə ordayam.

Səlma uçunurdu. Nə edəcəyini bilmirdi. Özünü danlayırdı:”Niyə etiraz etmədim, mən nə edəcəm, nə danışacam?”-deyə öz-özünə deyinirdi. On dəqiqə ani keçdi. Telefon yenə çaldı. O idi…

- Bəli.

- Siz hardasınız, dəqiq yeri deyin.

Səlma kəkələyərək:

- “Mir-va-ri”kafesinin yanında,- dedi.

Beş dəqiqə keçmədən Kənan gəldi...

Xəyallarımın qadını




Ardı var...

Baxış sayı: 411