Türk dünyası
10.01.2019 / 10:45

"Ərdoğan Boltona yerini göstərdi..."- Toğrul İsmayıl

"Ərdoğan Boltona yerini göstərdi..."-"Türkiyə üçün ən həssas nöqtələrdən biri Türkiyənin Suriyadakı kürdləri hədəf alması ilə bağlı rəsmi açıqlamalardır."

İnform.az-ın xəbərinə görə, bunu professor Toğrul İsmayılın Boltonun Türkiyə səfəri ilə bağlı axar.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Boltonun Türkiyə səfərini necə dəyərləndirirsiniz?

- Bildiyimiz kimi, iki gün öncə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun başçılığı ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. Türkiyədə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalının başçılıq etdiyi türk nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həllini gözləyən bir çox məsələlər müzakirə edilib.

Bəzi mənbələrdə Boltonun Türkiyəyə ABŞ ordusunun Suriyadan çəkilməsi ilə bağlı şərtləri çatdırdığı qeyd olunur. Görüşün 2 saatdan çox çəkməsi isə müzakirələrin mübahisələrlə yadda qaldığını göstərir. Ərdoğan isə Boltonla görüşmədi və Bolton da Ankaradan ayrıldı. Dünya mediasındakı spekulyasiyalar arasında Ərdoğanın Boltonu qəbul etməməsinin səbəbi kimi Trampın Suriyanı tərk etmək planının YPG lehinə dəyişikliklərə səbəb olacağı ehtimalı göstərilir. YPG Türkiyənin üzərində durduğu əsas məsələlərdən biridir. Boltonun İsraildə olarkən kürdləri qorumaq üçün Türkiyədən zəmanət istəməklə bağlı səsləndirdiyi fikirlər Türkiyə tərəfində narahatlıq yaratdı. Xüsusilə “Türkiyə kürdləri qətl edir” və s. tipli rəsmi açıqlamalar məsələləri daha da problemli hala gətirir. Suriyanın şimalındakı hadisələrlə bağlı Türkiyə və ABŞ arasında bir dialoq qurulduğu təəssüratı vardı...

- Tramp niyə əvvəlki mövqeyindən geri çəkildi? Bundan sonra Türkiyə-ABŞ münasibətləri necə olacaq?


- Prezident Trampın açıqlamasından sonra ABŞ-ın da geriyə addım atdığını görürük. Trampın əslində ABŞ ordusunun Suriyadan tezliklə çəkiləcəyini nəzərdə tutmaması ilə bağlı fikirlər səsləndirməsi ehtimal ki, ABŞ siyasi elitasının Trampa təzyiqinin nəticəsi idi. Buna görə də ABŞ tərəfindən bu cür açıqlamalar vəziyyətin o qədər də ürəkaçan olmadığını deməyə əsas verir. Türkiyə tərəfini də bu cür açıqlamalar razı sala bilməz. Xüsusilə YPG-nin onurğasını təşkil edən Demokratik Suriya Qüvvələrinin ABŞ-ın çəkilməsindən sonra Suriyada açar rol oynaması ilə bağlı planları Ərdoğan sərt tənqid etdi. Ərdoğan Boltona mədəni şəkildə yerini göstərdi. Onunla görüşü rədd etdi. Bu cür məsələlər çox həssasdır. Ərdoğan eyni zamanda AKP-nin də sədridir. Partiyasının TBMM qrup toplantısında çıxış edərkən də Boltonun böyük yanlışa yol verdiyini söylədi. Jurnalistlərə açıqlamasında isə Boltonla İbrahim Qalının görüşməli olduğunu bildirdi. Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Boltona da Fəratın şərqində keçirilməsi nəzərdə tutulan əməliyyatların tez zamanda gerçəkləşəcəyi ifadə edildi. Ərdoğan əslində açıq şəkildə terrorçulara qarşı lazım olan addımları atacağını vurğuladı və bu məsələdə güzəştə gedilməsinin imkansız olduğunu bildirdi. Yəni bununla Suriyada terror qruplarının da lazımı cavabı alacağını açıqlamış oldu.

Türkiyə üçün ən həssas nöqtələrdən biri Türkiyənin Suriyadakı kürdləri hədəf alması ilə bağlı rəsmi açıqlamalardır. Bu böhtandır. Yəni Türkiyənin bundan əvvəl də həyata keçirdiyi əməliyyatlarda mülki əhaliyə hər hansı bir ziyan dəyməyib. Hədəf olan terrorçulardır. Hazırda dünyada hər kəs terror qruplaşmaları ilə mübarizə aparmaqdadır. Başqa ölkələrin İŞİD, Taliban, Əl-Qaidə və s. kimi terror qruplaşmaları ilə mübarizəsində etnik kimlik önə çıxarılmasa da, Türkiyənin öz təhlükəsizliyinin müdafiəsi üçün terror qruplarına qarşı mübarizəsini kürdlərə qarşı mübarizə kimi qələmə verirlər. Bu zaman alçaq, çirkin böhtanlar ortaya atılır. Türkiyədə çox sayda kürd yaşayır. Onlar hətta bugünkü iqtidarda və müxalifətdə də təmsil olunur. Yəni hər hansı bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Aparılan mübarizə terrora yönəlikdir. Bunu unutmamaq lazımdır.

- ABŞ ordusunun Suriyadan çıxacağını düşünürsünüz? Yoxsa ABŞ Türkiyəyə tələ hazırlayır?

- ABŞ ordusunun Suriyadan çəkilməsi məsələsi ilə bağlı birmənalı fikir söyləmək olmaz. Çünki ABŞ-ın öz daxili siyasətində də qarışıqlıq yaşandığını görürük. Trampın açıqlamaları, digər tərəfdən səlahiyyətli şəxslərin bəyanatları bir-birinə zidd olur. Belə olduğu halda deyə bilərik ki, ABŞ bölgədən çəkilməyəcək, sadəcə, çəkilmə manevrləri ilə fərqli siyasət həyata keçirməyə çalışır.



İnform.az

Baxış sayı: 30