Mədəniyyət
31.07.2015 / 11:59

Qaliblər mükafatlandırılıb

Qaliblər mükafatlandırılıb

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsi başa çatıb. Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər məlumat veriblər ki, bu yarışmada dünyanın 7 ölkəsindən Azərbaycana gələn və müxtəlif ölkələri, mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc ifaçılar iştirak ediblər. İyulun 25-dən 31-dək davam edən festivalda ifaçılıq sənətində tanınmış musiqiçilərin konsertləri ilə yanaşı, gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçirilib, onlar üçün dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunub.
Üç turdan ibarət olan müsabiqənin final konsertini izləyən tamaşaçıların sayı həddindən artıq çox olub. Bu isə müsabiqənin böyük əks- səda doğurduğunu bir daha təsdiqləyib. Müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edib. Tamaşaçılar və münsiflər heyəti ilə yanaşı, müsabiqə iştirakçıları da əslində onlar üçün bu yarışda rəqib olan həmkarlarının ifasını diqqətlə dinləyib, Qəbələdə dost olduqları gənc pianoçulara uğurlar arzulayıblar. Mərasimdə münsiflər heyətinin üzvləri müsabiqənin yüksək səviyyədə keçirildiyini deyib, iştirakçılarının ifalarından razı qaldıqlarını bildiriblər.
Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi olub. Məlumat verilib ki, müsabiqədə Tatyana Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) və Yevgeni Antonova (Rusiya) ikinci, Daniyel Neyman (İsrail) üçüncü yerləri tutublar. İştirakçılara mükafatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və tanınmış pianoçu Oksana Yablonskaya təqdim edib.
Qeyd edək ki, bu gün Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qaliblərinin konserti olacaq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 369