Ədəbiyyat
11.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Onu belə çağırırdı- “Xəyallarımın qadını...”

Hər dəfə bu kəlməni eşidəndə qanadlanırdı Səlma. Ayaqları yerdən üzülür, sanki sevincdən quş kimi uçmaq istəyirdi...

Onların tanışlığı virtual aləmdə, təsadüf nəticəsində baş vermişdi.

O jurnalist idi. Yazıları Səlmanın diqqətini çəkmişdi.

Obyektiv, kəskin yazırdı yaman. Səlmanın diqqətini çəkən də məhz bu kəskinlik idi. Diqqətlə oxuyardı yazdıqlarını.

Hər gün bilgisayarın arxasına keçər, saytlarda onun yazılarını axtarardı...

Səlma yaxalandığı ani xəstəlik üzündən uzun müddət onun yazılarından xəbərsiz qalmışdı.

Həkimlərin gərgin səyi nəticəsində onu həyata qaytara bilmişdilər.

Artıq hər şey qaydasında idi. Səlma sağalmış, yenə işinə dönmüş, çox sevdiyi kitablarıyla, sevimli tələbələriylə baş-başa qalmışdı.

Həkimlərin icazəsindən sonra ilk dəfə idi, bilgisayarın qarşısına keçirdi. Nədənsə, içini qəribə bir hiss sarmışdı.

Əlləri əsirdi. Titrək barmaqlarını klaviaturadakı hərflərin üzərində gəzdirməyə başladı. Xəbər portallarını, xüsusən də onun ən çox yazıları çap olunan saytı tapdı. Gülümsədi.

Yenə yazırdı, hər sətrindən hiss olunurdu sözünün kəskinliyi.

Yazıları oxuyub bitirdikdən sonra ən gərgin hallarında ağuşuna sığındığı facebooka baş çəkmək istədi.

Uzun zaman idi dostlarından xəbərsizdi. Dost ha, dost...

O da facebookun dili ilə deyirdi "dost".

Əslində o dost bildiklərinin üstündən xeyli vaxt idi xətt çəkmişdi. İndi onun ən yaxın dostu, onu heç vaxt tək qoymayan xəyalları idi.

Səhifəsini açdı. Üç ayın ərzində elektron ünvanına xeyli məktub gəlmişdi.

Hamı, yəni dost-tanışları çox narahat olduqlarını yazırdılar.

Birdən... Birdən boğazı qurudu, gözlərinə sanki duman çökdü. “Sizinçün çox darıxıram”- kəlməsini təkrar-təkrar oxudu. Bunu o yazmışdı, o adam-Kənan...

Kənan çox sevdiyi ad idi. Hətta nə vaxtsa oğlu olsa adını Kənan qoyacağını da düşünmüşdü.

Səlma tələsik onun üç ay ərzində yazdığı ismarıcları, şərhləri oxumağa başladı. Hər yerdə bu yazılırdı, üç ay boyunca- "SİZİNÇÜN ÇOX DARIXIRAM..."

Səlma sanki qurumuşdu, barmaqları klaviaturaya pərçimlənmişdı.

Gözlərindən qeyri-ixtiyari axan göz yaşları onu ağuşuna almışdı. Niyə ağlayırdı, nəydi bu göz yaşlarına səbəb?

Kənanın yazdıqları niyə onu bu qədər mütəəsir etmişdi?

“İlahi, bu nədir, bu nə hissdir, belə”- deyə ani olaraq düşündü.

Təkrar-təkrar Kənanın yazdığı “Sizinçün çox darıxıram” kəlmələrini oxuyur, hərdən dodaqaltı gülümsəyir, hərdən kövrəlirdi.

Xəyallarımın qadını

Səlma gözlərini hərflərə dikib duruxmuşdu. Qəfildən gələn ismarıcın bildirişi onu sanki, yuxudan oyatdı. “Bu mənim nömrəmdi, yazdıqlarımı oxudunuzsa, mənə zəng vurun.”

Telefonu əlinə aldı, lakin, zəng vurmağa cəsarət etmədi. “Bəlkə mən nömrəmi yazım, hə? Hə belə daha yaxşıdı”-deyə düşündü.

Titrək barmaqları klaviaturanın üzərində gəzməyə başladı. Nömrəni yazdı. Ürəyi möhkəm döyünməyə başladı. Ani olaraq nəzərləri telefona dikildi.

Və...Və həmin nömrə telefonun ekranında göründü. Ürəyi qəfəsdə quş kimi çırpınırdı.

Telefon sanki, əlində donmuşdu. Nəhayət, titrək səslə:

- Bəli, buyurun. Eşidirəm,- dedi.

Alnında tər damlaları puçurlanmışdı.

- Səlma xanım, necəsiniz? Haralardasınız? Sizdən çox narahatam. Heç bir əlaqənizi də bilmirəm ki, zəng vurum.

Kənanın da səsinin titrədiyi hiss olunurdu. Bu titrək səs Səlmanı tilsimləmişdi. Kənanın qəribə ləhcəsi vardı. Şirin gəlirdi ona, çox şirin...

- Səlma xanım, məni eşidirsinizmi ?

Səlma diksindi. Sən demə hardasa beş dəqiqə susmuşdu.

- Bəə-lii , eşi-di-rəm- deyə sözləri qıra-qıra dilləndi.

- Sizi həyatda yaxından tanımaq istəyirəm. Mənə bu imkanı verərsinizmi?

Səlma duruxdu. Nə deyəcəyini bilmirdi.

- Səlma xanım eşidirsinizmi? Sizi tanımaq, yaxından tanımaq istəyirəm icazə verin bir gün sizi çaya dəvət edim.

- İnşallah, qismət ilahidən-deyə pıçıldadı.

- Zənginizi gözləyəcəyəm, mütləq görüşək, indi isə vaxtınızı çox almayım, gecəniz xeyrə qalsın.

Səlmanı sanki ildırım vurmuşdu. Telefon əlində titrəyirdi . Suallar qarşısında aciz qula çevrilmişdi. “ Hardan çıxdı bu adam? Niyə mənimlə görüşmək istəyir?”

Bütün bu suallar onu dəli eləmişdi.

Sabahı diri gözlü açdı. Nə edəcəyini bilmirdi.

Tək bildiyi bir şey vardı- Kənana qarşı olan hissləri çox fərqli idi. Beyni dumanlı halda vanna otağına keçdi. Güzgünün qarşısında dayanıb, onunla üz-üzə duran ikinci Səlma ilə həmsöhbət oldu:

- Səlma, sənə nə olub? Özünü topla qız, özünü topla. Hisslərinə qul olma.

- Bacarmıram, bacarmıram. Mən deyəsən yenə yanacağam dost. Mən aşiq olmuşam.

- Bəsdi, boş-boş danışma. Nə aşiqliyi qız. Yenəmi, yenəmi acılar içində çabalamaq istəyirsən?

- Bilmirəm. Zəng vurummu ona?

-Bax, sən axı söz vermişdin, daha sevməyəcəkdin. Kimsəyə inanmayacaqdın. Nə oldu?

-Bilmirəm, söz vermişdim, amma sözümü tuta bilmirəm.Acizəm duyğularımın qarşısında.

- Yaxşı, sən bilərsən, daha mən susuram. Bir gün bu güzgünün qarşısına keçib intihara qalxsan, demədi demə...

Səlma duşu açdı. Nə edəcəyini bilmirdi. Düşünmədən soyuq duşun altına girdi...




Ardı var...

Baxış sayı: 638