Baş xəbər, Siyasət
07.01.2019 / 01:00

Şərəfli yolun yolçusu, SƏFİYAR MÜƏLLİM/Foto

Şərəfli yolun yolçusu,Tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, 91-lərdən biri, Yeni Azərbaycan Partiyasının üzvü, dəyərli ziyalımız Səfiyar Musayevin vəfatından 20 il ötür.

İnform.az-ın xəbərinə görə, Səfiyar Musayev 1935-ci il iyulun 17-də qədim Azərbaycan torpağı ‎İrəvan quberniyasının Yeni Bayazid qəzasının Basarkeçər rayonunun Nərimanlı ‎‎(Hüseynqulu Ağalı) kəndində dünyaya göz açıb.‎

S.Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət ‎Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini ‎fərqlənmə diplomu ilə başa çatdırıb. ‎

Elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə Bakı Dövlət Universitetinin ‎aspiranturasına gətirib çıxarıb, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə ‎tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq ‎görülüb.‎

‎1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri ‎seçilmiş və ömrünün son günlərinə kimi bu vəzifədə çalışıb.‎

Professor Səfiyar Musayev çox gərgin, səmərəli və məhsuldar işləyən görkəmli ‎tədqiqatçı, tarixin başlıca elmi istiqamətlərindən hesab edilən siyasi ‎tarix sahəsində geniş araşdırmalar aparan, onu dəqiq fakt və sənədlərlə ‎zənginləşdirən, yeni elmi məktəb yaradan alimlərdən idi.

Tədqiqatçının ictimai-‎siyasi hərəkatlar və partiyalar, ölkəmizin iqtisadi, tarixi və mədəni problemlərini ‎elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri, müəllifi və redaktoru ‎olduğu kitablar, dərsliklər indi də öz aktuallığını saxlamaqdadır. O, 400-dən çox ‎elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifi idi. ‎

Səfiyar Musayevin rəhbərliyi altında 30-a qədər namizədlik dissertasiyası müdafiə ‎olunub.

Almaniya, Avstriya, Türkiyə, İran, Çin, Çexiya, Kipr və b. ‎ölkələrdə siyasi tarixin tədrisi, türkdilli xalqları düşündürən problemlərlə bağlı ‎simpoziumlarda, konfranslarda maraqlı məruzələr edib.‎

Görkəmli alim ömrünün 40 ilindən çoxunu BDU-da keçirib.

O, bu müddət ‎ərzində universitetin ictimai-siyasi və elmi həyatında mühüm xidmətlər ‎göstərib.

Səfiyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da Siyasi tarix ‎kafedrası yaradılıb və səmərəli fəaliyyət göstərib.

Onun rəhbərliyi ilə 1991-‎ci ildə respublikamızda ilk dəfə olaraq ali məktəb tələbələri üçün fundamental ‎xarakterli “Siyasi tarix” dərsliyi çap edilib.

1998-ci ildə işıq üzü görən bu ‎dərsliyin ikinci cildi respublikanın təhsil sistemində siyasi fənlərin tədrisində ‎yaranan boşluğun aradan qaldırılmasında mühüm hadisə olub.‎

Görkəmli alim Səfiyar Musayev təkcə müəllimlik fəaliyyəti ilə kifayətlənmirdi, o, ‎respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edirdi.

Onun həyatı və ‎fəaliyyəti Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda ‎gedən ictimai-siyasi proseslərlə sıx bağlı idi.

1980-ci illərin axırları - 1990-cı ‎illərin əvvəllərində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinib getmək ‎təhlükəsi yarandığı dövrdə Səfyar Musayev universitetin bir qrup müəllimi ilə ‎birlikdə mübarizəyə qalxdı.

O, 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində dərc ‎etdirdiyi “Mən niyə əliyevçiyəm” məqaləsində Heydər Əliyevin tarixi xidmətlərini ‎qeyd etməklə belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı düşmüş olduğu bu bəladan ‎yalnız və yalnız Heydər Əliyev xilas edə bilər.‎

Həmin illərdə mərhum professor Səfiyar Musayevin ictimai-siyasi xadim Murtuz ‎Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz BDU-nun ‎Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında “Heydər Əliyevin müdafiəsi ‎mərkəzi” yaradılır və ulu öndərin sədrliyi ilə Azərbaycanda yeni bir partiya ‎təsis edilməsi ideyası müzakirəyə çıxarılır.

Beləcə, YAP 1992-ci il noyabrın 21-də Naxçıvan ‎şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə ‎Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk ‎təşkilatı yaradılır.

Xalqımızın böyük rəhbəri Heydər Əliyevin xidmətlərini və ‎fəaliyyətini dəstəkləmək istiqamətində Səfyar Musayevin apardığı çoxşaxəli ‎siyasi iş, Heydər Əliyevlə və respublikamızın digər rəhbərləri ilə qurulan əlaqələr, ‎ulu öndərin məktəbini keçən Səfyar Musayev resublikamızda artıq görkəmli ‎ictimai-siyasi xadimə çevrilır.

Xalqımız onu 1995-ci il noyabrın 12-də 74 ‎saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli ‎Məclisinə deputat seçir, Milli Məclis isə onu İnsan hüquqları daimi ‎komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament ‎Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri ‎təyin edir.

O, hər iki məsul vəzifənin öhdəsindən bacarıqla gəlir. Səfiyar ‎Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk ‎Konstitusiyasını hazırlayan komissiyanın üzvü olub.‎

Professor Səfiyar Musayev zəngin elmi-pedaqoji irs qoyub gedib.

O, istedadlı ‎alim, bacarıqlı təşkilatçı olmaqla bərabər, ustad pedaqoq idi. Elmi-pedaqoji ‎fəaliyyəti dövründə özünə qarşı həmişə tələbkar idi.

Mühazirə və ‎seminarlarında dövrün elmi nailiyyətlərindən məharətlə istifadə edərək, müəllim ‎ləyaqətini həmişə uca tuturdu.‎

Görkəmli elm xadimi hər kəsə, o cümlədən rəhbərlik etdiyi kollektivin bütün ‎üzvlərinə münasibətdə səmimi, nəzakətli və mehriban idi. Onlara daim qayğı ‎göstərirdi, xeyirxahlıq onun amalı idi. S.Musayev görkəmli alim olmaqla yanaşı, ‎həm də humanist və alicənab insan idi. Səfyar müəllim səriştəli təşkilatçı, ‎bacarıqlı siyasətçi, işgüzar və prinsipial şəxsiyyət kimi tanınırdı. O, ədalətsizliyə ‎və haqsızlığa qarşı barışmaz mübariz, adamları tanımaq və onların qəlbinə yol ‎tapmaq, insanları özünə cəlb etmək kimi yüksək keyfiyyətlərə malik idi. ‎

Mərhum professorun amalı hər yerdə qanunun aliliyini qorumaq, qanun ‎qarşısında hamının bərabərlik prinsipini müdafiə etmək idi.

Səfyar müəllimin ən ‎böyük arzusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, onu göz bəbəyi kimi ‎qorumaq, erməni işgalçıları tərəfindən zəbt olunan ərazilərimizin azad edilməsi, ‎milyondan çox qaçqının öz yurdlarına qayıtmasına nail olmaq idi.‎

Yeni Azərbaycan Partiyasının nüfuzlu şəxlərindən sayılan Səfiyar Musayev 1999-cu il yanvarın 6-da dünyasını dəyişib.

İctimai xadim, professor Musayev Səfiyar Bəylər oğlunun (17.07.1935 – 06.01.1999) anadan olmasının 75 illiyi dövlət tərəfindən qeyd olunub.

Bizdən cismən ayrılığının iyirminci ildönümündə İnform.az ailəsi olaraq unudulmaz ziyalımızın ruhu qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirik.

İnanırıq ki, gün gələcək Səfiyar müəllimin yarımçıq qalan arzuları mütləq çiçəklənəcək, biz də onun narahat ruhunu QƏLƏBƏ müjdəsi ilə sevindirəcəyik.

Şərəfli yolun yolçusu,


Şərəfli yolun yolçusu,




İnform.az

Baxış sayı: 585