Diaspora Akademiyası
31.12.2018 / 11:00

"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."- Ərşad Heydərov/Video-Foto

"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-

Hər zaman bu fikrimdə qalmışam: "Təsadüf deyilən bir məvhum yoxdur. Təsadüfü zərurətə çevirən, gözəgörünməz qüvvənin ayırdığı bir an var..."

Həmin an sənin heç xəyalına gəlməyən bir zaman kəsiyində qarşını kəsir.

Necə ki, günlərin birində facebookda məni səsinin tilsimiylə bir uşaq qarşımı kəsdi...

Onun You tube-da ifalarını dəfərlərlə dinlədikdən sonra, onunla həmsöhbət olmaq qərarına gəldim.

On dörd yaşlı vokalçı...

Bu yaşda biri ilə ilk dəfə idi müsahibə üçün həmsöhbət olurdum.

Sən demə böyüklərdən fərli olaraq onlardan suallarına daha rahat, daha konkret cavablar almaq olurmuş.

Beləliklə, İnform.az-ın "Qəriblikdə kimimiz var?" layihəsində növbəti qonağımız, gənc vokalçı Ərşad Heydərovdur.

-Salam, Ərşad.

-Salam.

-Müsahibimiz olaraq, özünü təqdim etmən üçün layihəmizin ənənəvi sualı belədir:-Ərşad Əliyev kimdir?


-Deyim də kimdir...(gülümsəyir)

Mən Heydərov Ərşad Əli oğlu 20 sentyabr 2004-cü ildə Ukraynanın Xarkov şəhərində ziyalı ailəsində doğulmuşam.
Atam Heydərov Əli təqaüddə olan polis podpolkovnikidir.

- Ərşad, Ukraynada yaşamağına baxmayaraq, doğma ana dilində çox gözəl danışırsan. Yəqin ana dilinin sevilməsində valideynlərinizin rolu böyükdür?

-Vətəndən uzaqda yaşamağımıza baxmayaraq valideynlərim mənim tərbiyəmə ciddi nəzarət etməklə yanaşı, doğma dilimizi unutmamağım üçün də səylərini əsirgəməyiblər.

"SputnikTV"-dən istifadə edərək həmişə Azərbaycan telekanallarındakı verilişləri izlədərək deyiblər ki, "insan öz ana dilini yaxşı bilməlidir ki, öz tarixini, mədəniyyətini də yaşadığı ölkənin xalqına rahat çatdıra bilsin. Öz dilimi bilməsəydim, indi sizinlə də doğma dilimizdə danışa bilməzdim.

-Musiqiyə səndə maraq necə yarandı?

-Təxminən iki yaşından başlayıb bu həvəs və maraq.

TV kanallarda xoşuma gələn azərbaycan, türk və rus dillərində eşitdiyim mahnılarını hiss edirmişəm. Valideynlərim deyirlər ki, hələ danışa bilməsəm də, bu mahnıları "öz dilim"də oxuyurmuşam...
Bu marağım atamın nəzərindən qaçmır, elə o vaxtdan başlayır mənim musiqi sahəsində inkişafıma kömək etməyə.
Mənim doğma dilimizdə atamın köməyilə öyrənib ifa etdiyim ilk əsər, "Sənsiz"romansı olub.

-Niyə məhz klassik janra maraq?

-Deməli "Sənsiz" romansını gözəl ifa etməyə çalışdığımı və bunu bacardığımı görən atam, səsimin klassik janra daha çox uyğun gəldiyini hiss edir.
Və bir gün dahi sənətkarımız Rəşid Behbudovun qızı, gözəl ifaçı Rəşidə xanım Rəşidlə mənimlə bağlı məsləhətləşmə aparır.
Rəşidə xanım da bunun düzgün seçim olduğunu bildirir.
Atamın köməyi ilə evdə tanınmış italyan müğənnisi Robertino Lorettinin "Camayka", "Santa Luçiya", "O sole mio" kimi əsərləri öyrənərək ifa etməyə başlamışam.
Beş yaşından şəhərimzidəki Mədəniyyət sarayında vokal bölməsində dərs almışam.
2013-cü ildən Xarkovdə 15 saylı Mosart adına musiqi məktəbinin vokal və fortepiano sinfində təhsil alıram.

-Ən çox sevdiyin klassik bəstəkar və opera müğənnisi kimdir?

- Robertino Loretti, Müslim Maqomayev və Luçiano Pavorotti...

-Niyə məhz onlar marağını çəkir?

-Bu üç dahini çox sevirəm və həyatda bir gün mənim də onlar kimi dünya miqyasında məşhur sənətkar olmaq ən böyük arzumdur.

-Azərbaycanda yaşamaq istərdinmi?

-Əlbəttə. Arzum tezliklə vətənə qayıtmaq, 21 saylı Rostropoviçlər adına musiqi məktəbində təhsilimi davam etdirmək, sonra isə elə Bakıda da Konservatoriya bitirmək istəyirəm.
Bir sirr olaraq onu da deyim ki, hətta müəllimimi də seçmişəm...(gülümsəyir)
2017-ci ildə Bakıda olanda Azərbaycanın xalq artisti, tanınmış opera müğənnisi Gülnaz xanlm İsmayılovayla görüşmək mənə qismət oldu.
Təvazökarlıqdan uzaq da olsa, deyim ki, mənim ifalarımı Gülnaz xanlm çox bəyənir.

- Ən böyük arzun?

-Ən böyük arzum İtaliyada məşhur La Skala opera məktəbində təhsilimi davam etdirmək və öz sənətimlə doğma xalqımın, eləcə də dünya klassik musiqisevərlərin sevgisini qazanmaqdır.

- Opera müğənnisi kimi yetişsən, ən çox yaratmaq istədiyin obraz hansı olar?


-İndidən demək bir az çətindi mənə. İnşallah, layiqincə opera müğənnisi kimi yetişsəm, o zaman deyə bilərəm hansı obrazı yaratmaq istərəm.

-Azərbaycanda yaşayan həmyaşıdlarına nə demək istərdin?

- Azərbaycanda mənimlə həmyaşıd olan dostlarım az da olsa var.
Onlardan biri , Gülnaz xanımın şagirdi Əli Muradovdur. Onunla neçə illərdir dostluq edirik.
"Azərbaycanda yaşayan həmyaşıdlarıma nə demək istərdim?" Maraqlı sualdır.
Azərbaycanlı həmyaşıdlarıma demək istərdim ki, istedadlı gənclər vətənimizin gələcəyidir.
Biz harda yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycanımızın adını daha da yüksəklərə qaldıraq.
Bu arada mənə yaratdığınız imkandan istifadə edərək, azərbaycanlı həmyaşıdlarımla bərabər, dünyanın hər yerində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il müansibətilə səmimi qəlbdən təbrik edirəm.
İnşallah 2019-cu il Azərbaycanımızın düşmən üzərində QƏLƏBƏ ili olsun.

-Çox sağ ol, Ərşad. Biz də səni bu bayramlar münasibətilə təbrik edirik.
-Sənə ürəyindəki bütün arzulara çatmağı diləyirik. Və inanırıq ki, bir gün dünya şöhrətli sənətkar kimi Azərbaycanımızın adını böyük səhnələrdə qürurla təqdim edəcəksən.






"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-


"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-


"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-


"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-


"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-


"Azərbaycanda yaşayan həmyaşıdlarıma demək istərdim ki..."-




Həmsöhbət oldu, Xalidə Xalid


Baxış sayı: 563