Siyasət
29.12.2018 / 12:00

Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin ideoloji zəmini kimi

Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin ideoloji zəmini kimiTacəddin Sadıqov/DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi

Birinci dünya müharibəsindən sonra müxtəlif siyasi qütblərdə dünyanın geosiyasi iqlimi və güc ağırlıqlarının dəyişdiyi həssas tarixi dönəmdə qonşuluqdakı dövlətlərlə formal vassal münasibətləri saxlayan ölkəmiz ciddi sınaqlar qarşısında idi.

Yüz il öncə ayrı-ayrı xanlıqlar halında çarlığın hakimiyyəti altına düşən Azərbaycanın Birinci dünya müharibəsi nəticəsində çökən Rusiya imperatorluğunun xarabazarlığının altından çıxması, azərbaycanlıların söz haqqı istəməsi və beynəlxalq münasibətlərdə dövlət halında təmsil olunma istəyi ən çox da qonşuluğumuzda olan yeddi başlı əjdahaları narahat edirdi.

“Rusiyanın idarə forması demokratik respublika olmalıdır.

Yer kürəsinin altıda birini tutan, Kamçatkadan Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 milyon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır”deyən Rəsulzadə təkcə ölkəmiz üçün deyil, eyni zamanda Rusiyaboyda nəhəng coğrafiya üçün ideal siyasi və inzibati idarə sistemi irəli sürürdü.Rəsulzadə başda olmaqla milli məfkurə ideyasının qızğın daşıyıcıları qarşıya qoyduqları böyük hədəfə çatmaq yolunda çoxlu məşəqqətlər çəkdilər.

Dünyada azadlıq və istiqlal uğrunda çarpışan və ona nail olan başqa xalqlar kimi xalqımızın da bəşəri və təbii hiss olan azadlığa, dövlətimizin isə istiqlaliyyətə haqqı çatırdı. Ancaq bu haqq onlara çox baha başa gələcəkdi. Çətin bir dövrdə təhlükəli proseslərdən keçməli oldular. Məhrumiyyətlər, məşəqqətlər, sürgünlər, siyasi dışlanmalar onları gözləyirdi.

Elementar bəşəri hislərin öləzidiyi və ölkə ziyalılarının ruh düşkünlüyü yaşadığı bu zamanda milli istiqlal uğrunda əzmlə, yorulmadan çalışmaq, bütün mümkün potensiya və enerjini vahid ideologiyanın reallaşmasına yönəltmək insandan fövqəladə iradə və bacarıq tələb edirdi. Sistemsiz idarəçilik,şəriətin təsiri iləcəmiyyətdə özünü göstərən ətalət və süstlük vəziyyəti bir az da vəhim duruma gətirmişdi.

Azərbaycan xalqının böyük övladlarından və cins beyinlərindən birinin sahibi, Mustafa Kamal Atatürkün də müşaviri olmuş Əhməd bəy Ağaoğlu 1907- ci ildə Həsən bəy Zərdabinin dəfnində cənazənin qarşısında dayanaraq uca səslə deyir: Ey müqəddəs ruh, Sən kiodünyaya gedirsən, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da babalarımızın yaxasından tutub soruşarsan ki, ay kişilər, bu nəvətəndir bizə qoyub getmisiniz?!

Bu mənada1915- ci ildə Üzeyr Hacıbəyli “Nəyimizin vaxtıdır” adlı məqaləsində yazır ki, 1905-1906-cı illərdə şərait yarandı biz qızışdıq, böyük işlər gördük, amma sonra söndük. Qorxuram ki, bizim işığımız tez sönər”. Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində ona ümid və işıq dolu bir cavab yazır:“Əgər bu millət minlərcə bivecmirzələrin içərisində Mirzə Fətəli Axundzadə kimi əjdahalar yetişdirdisə, minlərcə bivec seyidin içərisində Seyid Əzim yetişdirdisə, minlərlə baqqal içərisində Sabir yetişdirdisə bu millətin işığı heç vaxt sönməz”.

TarixRəsulzadəni haqlı çıxararaq onun ideya müəllifi olan Xalq Cümhuriyyətinin yaranmasına şahidlik etdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən “İstiqlal bəyannaməsi” qəbul edildi. Azərbaycan tarixinin görkəmli araşdırıcısı olan ABŞ tədqiqatcısı, professor T.Svyatoçovski isə 28 May istiqlalını belə dəyərləndirirdi:“İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan artıq iki milyonluq bir dövlətin adı idi. Tatarlar, transqafqaziya müsəlmanları və Qafqasiya türkləri kimi dəyişik adlarla anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu”.

Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınskinin öncüllüyü ilə yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Şərq dünyasında ilk parlament-Azərbaycanın ilk parlamentinin,hökumət və dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, üçrəngli bayrağın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, demokratik qanunlar qəbul edilməsi, ilk ali məktəbin əsasının qoyulması, Azərbaycan milli valyutasının tədavülə buraxılması və dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, təhsil milliləşdirildi. Dünənə qədər mədrəsədə qamçı və şallaq altında ən yaxşı halda “xüsuf-küsuf” elmini öyrənən məmləkət övladları Cümhuriyyət dövründə dövlət hesabına Avropanın nüfuzlu elm ocaqlarına göndərildi.

Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımız özünün müstəqil yaşamaq haqqına malik olduğunu sübut etmiş, az zaman müddətində istiqlalını böyük dövlətlərə tanıtmış, insanların siyasi, iqtisadi, ictimai və digər sahələrdə azad fəaliyyətinə şərait yaratmış, hərbi gücünün artırılması üçün milli ordu formalaşdırmış, ölkənin ərazi bütövlüyü və milli mədəniyyətinin inkişafında ciddi işlər görmüşdür.

Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə beş dəfə Hökumət kabinetinin dəyişdirilməsi, parlamentin 17 aylıq fəaliyyəti ərzində müzakirəyə çıxarılmış 270 qanundan 230-nun qəbul edilməsi demokratik idarəçilik sisteminin formalaşdığını göstərir. Hökumət kabinetində nazirlərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və digər şəhərlərdə fəaliyyət göstərən universitetlərin hüquq məzunları idilər. Yaradılan dövlətin hüquqi əsaslarla inkişaf etdirilməsində bu amil əsaslı rol oynayırdı.

1920-ci ilin 27 Aprel hadisəsindən sonra Azərbaycan xalqı bolşevik rejimi və işğalçılıq siyasəti ilə razılaşmadı. İlk günlərdən başlayaraq gizli təşkilatların yaradılması, müqavimət hərəkatının güclənməsi sübut etdi ki, Azərbaycan xalqı bolşeviklərin işğalı ilə barışmamış, təcavüzə qarşı ciddi mübarizə aparmışdır.

Eyni zamanda mühacirətdə olan M.Ə.Rəsulzadənin və Ə.M.Topçubaşovun xidmətləri sayəsində azərbaycanlı mühacirlərin fəaliyyəti sistemli olaraq daha da güclənmişdir. 1923-cü ilin sentyabr ayında İstanbulda “Yeni Qafqasya” jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyulmuşdur. Sonradan Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər, jurnallar, kitablar nəşr edilərək mühacirət mətbuatımızın dəyərli nümunələri olmuşlar. Xüsusi qeyd olunmalıdır ki, Türkiyənin, Almaniyanın, Polşanın arxivlərində saxlanan mühacirət tariximiz hər cür ideoloji təsirdən uzaq olmuş və faktları obyektiv işıqlandırmış, problemləri doğru olaraq ictimai fikrə çatdırıb.

1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününühəmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ilə bağlı 1998-ci il 30 yanvar tarixli və Cənab Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı16 may 2017- ci il tarixli sərəncamları ilə Cümhuriyyətə münasibət bir daha hüquqi qiymət aldı.

Heç şübhəsiz ki, müasir dünyada dövlətçilik ənənələri olmayan xalqlar inteqrasiya proseslərində vəbeynəlxalq münasibətlər sistemində balanslaşdırılmış siyasi xətt yürütməkdə ciddi çətinliklər yaşayırlar. Bu gün müstəqil Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi sayaraq yaşayır, inkişaf edir və dünya siyasətində layiqincə təmsil olunur.

Ərazi bütövlüyü və müstəqilliyinin təəssübkeşi, xalqına, millətinə, torpağına bağlı, dövlət atributlarındakı simvollara sədaqət şüurunda olan hər bir Azərbaycan vətəndaşı canı, qanı, həyatı bahasına respublika quran və tarixdə ilk dəfə Azərbaycan xalqı adına dünya birliyindən siyasi və hüquqi vəsiqə alan fədakar cümhuriyyət qurucularını unutmur, onların müəzzəm xidmətlərindən dolayı şükranlıqlarını dilə gətirir, onların müqəddəs ruhları qarşısında baş əyir.



İnform.az

Baxış sayı: 517