Diaspora Akademiyası, Ədəbiyyat
29.12.2018 / 11:30

Həmrəylik və kəlmə-kəlmə əbədilik...

Həmrəylik və kəlmə-kəlmə əbədilik...
Gülay Tahirli/ NDU-nun filologiya fakültəsinin III kurs tələbəsi

Milli birliyimiz, milli həmrəyliyimiz
O taydadı Şəki, Şirvan, Qarabağ,
Bu tayda da Meşgin, Əhər, Qaradağ,
Bir-birini Arazdan alırmış soraq,
Araz bizi ayırmadan dağlayıb,
Son özü də gecə-gündüz ağlayıb.


Elə əzəldən bəri bu torpağın başı çox bəlalar çəkib...

Havasına, suyuna,hər qarış münbit torpağına gözü düşüb yad ellərin...

Bu torpaqdan ötən də , ölən də, bu torpaqda bitən də çox olub...

Üçrəngli bayrağın göydə elə məğrurcasına dalğalanmağına baxmayın, qəlbi yaralıdır bu torpağın...

Şimalını cənubundan, cənubunu şimalından ayırdılar. Analar oğullarından, bacılar qardaşlarından ayrı düşdü.

Ürəklər arasına çəkilməyi mümkünsüz olan sərhədlərlə cisimləri bir-birindən ayırdılar.

Ürəkləri ayıra bilmədilər, bəli!

Amma bu ürək daşdan deyil axı, kimsə görməz, kimsə bilməz, ürək isə yavaş-yavaş öləziyər, əriyər öz içində...

Sərhədlər çox ürəkləri boğdu, neçə-neçə deyilməmiş söz, bircə dəfə oğul üzü görmək istəyən anaların arzuları, qardaş deyə bağıran bacıların ömürləri, həsrətlə yaşayan aşiqlərin xəyalları puç olub getdi...

Simli dirəklər, bir ruh, bir can arasına çəkilmiş qanlı sərhədlər...

SSRİ-nin, İranın bir milləti bir-birinə unutdurmaq üçün törətdiyi amansız əməllər...

Həmin illər Azərbaycan tarixinin qara səhifələrindən biri idi. Mən həmin illəri yaşamasam da, görməsəm də, özümü həmişə yaşamış kimi hiss etmişəm. Nənələrimizdən, babalarımızdan eşitdiklərimiz, o ağrılı anlardan danışanda hələ də gözlərindən yaş süzülən insanlar bizi o zamana xəyalən də olsa aparıb çıxara bilir.

Bir də Şəhriyarın şimaldakı qardaşlarına məktub kimi yazdığı şeirləri var...

O şeirləri oxuduqca sanki həmin anları yaşayırsan, bəzən də misralar düyünlənib qalır boğazında.

Ötən əsrin mənzərəsi gözlərimiz önündə canlanır, bəzən də günlərlə o mənzərəni unutmaq olmur.

Dili, dini bir, canı-qanı bir olan şairlərin ən böyük təsəllisi gecikən məktubları idi. Bəzən o məktublar belə gedib öz ünvanına çata bilmirdi.

Bu yerdə bircə kömək, heç kimin mane ola bilməyəcəyi sərhədsiz, hüdudsuz bir şey daha var idi-Küləklər!

Salam aparsın, salam gətirsin o ellərdən bu ellərə. Bəli, küləklər vəfalı olur, kim bilir neçə dəfə Şəhriyarın sədasını Məmməd Rahimə, Süleyman Rüstəmin salamını Şəhriyara gətirib aparıb?

“Pis günün ömrü az olur”-deyirlər. Neçə-neçə ağrılı, həsrətli illər keçib getmiş, zaman öz növbəsini 1989-cu ilə vermişdi. Bu il özüylə birlikdə həmrəylik, sülh gətirmişdi. Artıq sərhəd dirəkləri

sökülür, ruhən heç vaxt ayrılmayan bir xalq cismən və məkan cəhətdən də bir-birinə qovuşurdu. Üzlərdəki təbəssüm göz yaşına qarışmış, kim bilir neçə qardaş, neçə dost saatlarla bir-birini qucaqlayıb ağlamışdı?

Və hər şeyin şahidi, illərin, əsrlərin sinəsindən süzülüb axan, hər axdıqca bir az da durulan Xan Araz!

Onu da günahlandıran az olmadı, kiminin dərdini danışdığı, kiminə də dərd olan Araz əslində iki şəhəri bir-birindən ayıran çay deyil, o tayı bu taya bağlayan ən əzəmətli körpü idi. Əminəm ki, 1989-cu ilin sərhədlər sökülən zamanlarında sevincindən hamıdan çox ağlayan, aşıb-daşan, göz yaşı ilə dalğalanan bir şey daha var idi-Araz!

Kimisi anasına, kimisi atasına, qardaş bacısına, kimisi sevdiyinə qovuşdu.

Araz isə minlərə, milyonlara qovuşdu, kim bilir tarixin neçə-neçə həsrətli səhnələrinin şahidi olub?!

Zaman Arazın köksündə, təbəssümlü göz yaşında donaraq əbədiləşdi.

Beləliklə, həmrəyliyimizin əsası qoyuldu.

Bu həmrəylik 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərmana əsasən bayrama çevrildi.

Sərhədlərin sökülməsi ilə başlanan milli həmrəyliyimiz daha geniş miqyasda bütün dünya azərbaycanlılarının birliyinə təkan vermiş oldu.

Hal-hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Və hər il dekabrın 31-də harada olmasından asılı olmayaraq şimallı-cənublu, şərqli-qərbli bütün azərbaycanlılar bu bayramı eyni sevinc, eyni fərəh hissi ilə qarşılayırlar.

Hərflər ayrı-ayrılıqda heç bir məna ifadə edə bilmir. Onlar yalnız yan-yana düzülüb bir araya gəldikdə böyük məhfumları, adları yaradır,hissləri, düşüncələri ifadə edirlər. Millət də belədir. Nə qədər birgə olsan, o qədər güclü olursan.

Bu gün bizim dünyanın çoxsaylı ölkələrində qəlbi vətən sevgisi ilə döyünən həmvətənlərimiz var. Azərbaycanın 9 milyon əhalisi başqa ölkələrdə yaşayan milyonları ilə birgə olduğu üçün güclüdür.

Bu gün bir çox ölkədə üçrəngli bayrağımızı zirvələrə qaldıran gənclərimiz, vətənin fəxri olan yüzlərlə bacı-qardaşlarımız var. Bizi Qorqud qanı, oğuz ruhu, vətən sevgisi birləşdirir.

Harada yaşayırsa yaşasın, heç bir azərbaycanlı öz dilini unutmur. Yeni doğulan körpələrinə şirin laylaları, oxşamaları, ilk nağılları ana dilində deyirlər. Axı hansı bir dil Azərbaycan dili qədər şirin ola bilər ki?

Hansı dilin nağılı “Məlikməmməd” qədər gözəl səslənər? Hansı dilin laylası bu dil qədər axıcı olub hopar körpələrin canına? Ona görə hər yerdə yaşayır, əbədiləşir bu dil. Dil varsa millət var, millət varsa vətən var.

Dalğalan, ey şanlı bayraq! Bu gün birliyindən, həmrəyliyindən qürur duy, Anam Azərbaycan!

Sən dədəm Qorqud əmanəti, ulu babaların mirasısan! Sən güclüsən, sən əbədisən! Çünki sən təkcə 86.6 kv kilometrdə yox, bütün dünyada yaşayırsan. Səni yaşadanlarda, dilində danışanlarda, bayrağını ucaldanlarda yaşayırsan.

Həmrəyliyin əbədi olsun, Vətən!

Mavi səmalarda hər sabah doğulan sönməz günəş kimi...

Min illərdir qocalmayan, hələ də coşquyla dalğalanan Xan Araz kimi...

Bəlkə də bir Şəhriyar şeiri kimi...

Misra-misra birlikdəlik, həmrəylik və kəlmə-kəlmə əbədilik...




İnform.az

Baxış sayı: 321