Sosial
28.12.2018 / 18:30

DBX-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib/ FOTO

DBX-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə tədbir keçirilib/
Dekabrın 28-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə tədbir keçirilib.

Bayram əhval-ruhiyyəsində, xüsusi tərtibatla bəzədilmiş zalda musiqili-əyləncəli proqramla başlayan tədbirdə Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev çıxış edərək kollektivə xoş arzularını çatdırıb, onları bayramlar münasibəti ilə təbrik edib.

DBX-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticələrindən söz açılıb, eləcə də başa vurmaqda olduğumuz il ərzində Dövlət Xidmətinin əldə etdiyi uğurlardan danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, müxtəlif ölkələrdə 60 milyonadək azərbaycanlının yaşadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir.

Həmçinin çıxışlarda xidmət əməkdaşlarının dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Tədbir ziyafətlə davam edib.

DBX-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə tədbir keçirilib/



İnform.az

Baxış sayı: 99