Gündəm, Şərhlər
31.07.2015 / 10:52

Yalvarış necə “adres” dəyişdi?

Yalvarış necə “adres” dəyişdi?

Aqil CAMAL / İnform.az


Dünən, Türkiyə Böyük Millət Məclisində (TBMM) son günlər ölkədə yaşanan hadisələrlə bağlı danışıqları sonadək seyr etdim. Öncə, dinləmələrdə müşahidə etdiyim iki məqam haqqında.
Əvvəllər də, TBMM-də AKP-çi, MHP-çi, CHP-çi, HDP-çi deputatların çıxışlarını dinləmişəm. Bu dəfəki çıxışlarda ortaya çıxan fərqliliklər bunlar idi: Hər zaman “məsum insanların”, “əzilən xalqın” təmsilçisi simasında çığır-bağırla danışan, dövləti, hökuməti, ordunu, polisi borclu çıxaran, ittiham edən, ali kürsüdən bölücü şüarlar səsləndirməkdən çəkinməyən HDP-lilər bu dəfə səslərini xeyli alçaltmışdılar. Partiyanın parlament qrupu adından çıxış edən Osman Baydemir, sanki bir “barış mələyi”nə dönmüşdü. Daha əvvəlki ötkəm ritorikasını udmuş, sülhdən, barışdan, silahların susmasından, axan qanların durdurulmasından danışırdı. Yalvarıcı bir tərzdə hazırda Türk Silahlı Qüvvələrinin terrorçu PKK düşərgələrinə və üzvlərinə qarşı həyata keçirdiyi əməliyyatların təcili dayandırılmasını rica edirdi. Hətta, maraqlıdır ki, (əslində gerçəkdə belədir) PKK-nın adından danışaraq “48 saat ərzində bütün silahların susması, terror aktlarının dayanması mümkündür” deyə vəd verirdi.
Daha sonra AKP, MHP və CHP-çi millət vəkilləri çıxış etdi. Yenə də, fərqli bir “performans”. Çıxış edənlər (CHP-çi deputat nisbətən mülayim danışsa da) silahlı qüvvələrin hücumlarını dəstəklədilər, əməliyyatların davam etməsini tələb etdilər. Əvvəllər müşahidə olunan sülhə, barışa çağırış yalvarışları bu dəfə sözü gedən partiyaların təmsilçilərinin leksikonundan qeyd olmuşdu.
Bu iki rol dəyişimini - hər çıxışlarında hədə-qorxu, təhdid saçan HDP-lilərin “quzuya dönməsi”nin, digər partiya təmsilçilərinin isə qətiyyətli mövqe sərgiləmələrinin başlıca səbəbi əlbəttə, hazırda Türkiyə Silahlı Qüvvələrinin İraq ərazisində PKK düşərgələrini hədəf götürən əməliyyatlarıdır. Bu hal, “Güclüsənsə haqlısan!” gerçəyini bir daha ortaya qoydu.
HDP-lilərin mülayim davranışlarının, yalvarışlarının bir səbəbi, son günlər PKK-ya vurulan ağır zərbələr, digər səbəbi isə, bölgədəki proseslərlə bağlı Türkiyə ilə ABŞ arasında koordinasiyalı işin aparılmasıdır.
Məlumdur ki, 2003-cü ilin baharında İraqda Səddam Hüseyn rejiminə qarşı başlanmış savaşdan bu yana, bölgədə kürdlərin aktivləşməsinin, mövqelərinin gücləndirməsinin başlıca amili kimi ABŞ-ın “Böyük Orta Doğu” layihəsi göstərilir. Çünki bu layihədə İraq, İran, Suriya və Türkiyədən torpaq qoparılaraq, müstəqil kürd dövlətinin yaradılması nəzərdə tutulur. İndi, ABŞ-ın PKK və İŞİD terroruna qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq etməsi, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması haqda razılaşma və s. HDP-liləri “xəyal qırıqlığına” uğradıb.
Bəli, hazırda HDP Türkiyədə psixoloji üstünlüyü əldən verməkdədir. O üstünlüyü ki, son parlament seçkisində bu partiyaya heç gözləmədiyi halda, 13 faizlik səs bəxş etmişdi. İndi isə, çarx geriyə doğru fırlanır. Bu geriyə sayımın getdikcə artması isə, PKK-ya qarşı həm ölkə daxilində, həm də xaricində aparılan əməliyyatların davamlılığından asılı olacaq.

Baxış sayı: 369