İqtisadiyyat
28.12.2018 / 11:00

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilibAzərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında cari il ərzində aparılan tədbirlərin müzakirəsi keçirilib.

Palatanın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

“Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə dair;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin cari məsələlərə baxılıb.



İnform.az



Baxış sayı: 139