Qonağımız var..., Baş xəbər
28.12.2018 / 14:00

“Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”- Rəsmiyyə Sabir/Foto

“Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”-

İnform.az-ın "Qonağımız var" layihəsinin növbəti qonağı, AMEA-nın İqtisadiyyat İnstitutun elmi katibi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, DGTYB-nin məsləhət srasinin uzvu, Prezident təqaüdçüsü, şairə Rəsmiyyə Sabirdir.

-Rəsmiyyə xanım, xoş gördük. Öncə sizi TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına və Fəxri Fərmana layiq görülməyiniz münasibəti ilə təbrik edirəm.

-Sağ olun, təşəkkür edirəm. TÜRKSOY tərəfindən belə bir medala layiq görülmək bir yazar olaraq çox qürürvericidir. Bu medal hər il hər ölkə üzrə yalnız bir namizədə verilir. Bu, təltif həm də 20 illik zəhmətimə verilən dəyər olduğundan, mənim üçün çox əzizdir.Səmimi olaraq deyim ki, verilən dəyər hər zaman insanı sevindirir.

-Necəsiniz, nə işlər görürsünüz?

-Yaxşıyam. Gündəlik qayğılarla məşğulam (gülür).

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

-Yəqin ki, KİV-də gedən informasiyaları görmüsünüz. Bu il çoxdan bəri nəşr etdirmək istədiyin yeni şeirlər kitabım – “Sonun başlanğıcı” işıq üzü gördü. Sonuncu şeir kitabım qardaş Türkiyədə yayımlanmışdı. Yaradıcılığımda əlamətdar hadisədir. Bundan başqa, bu il daha bir neçə önəmli işlərim olub. Belə ki, DGTYB-nin layihələri çərçivəsində Kərküklü yazar, araşdırmaçı, ictimai xadim Şəmsəttin Kuzəcinin “Sarmaşıq duyğular” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırmışam.
Onu da qeyd edim ki, bu kitab Azərbaycan türkcəsində həm Bakıda, həm də Ankarada nəşr olunub. Bundan başqa, bir neçə yazarla birlikdə Saxa Yazarlar Birliyinin sədri Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabını Azərbaycan dilinə çevirdik. Həmin kitabdakı ingilis dilindən tərcümələr mənə aiddir.

-DGTYB-dən söz düşmüşkən, Siz və dostlarınız (Əkbər Qoşalı, Şəmsəttin Kuzəci, Aygün Həsənoğlu və başqaları) Türk dünyasının hər yerindən olan gənc yazarların tanıtdırılmasında böyük iş görürsünüz.

-Sağ olun verdiyiniz qiymət üçün. Həqiqətən də, DGTYB Türk dünyasının gənc yazarlarının tanıtdırılmasında əvəzsiz rol oynayıb. Keçirilən tədbirlər, nəşr olunan antalogiyalar, ayrı-ayrı müəlliflərin kitabları, edilən tərcümələr və s.

Məsələn, mən bir neçə yazarın, Özbəkistandan Xasiyət Rüstəmin “Qorxunc”, Türkiyədən Yaqub Dəli Öməroğlunun (Avrasya Yazarlar Birliyinin başqanı) “Türküstan” kitablarını Azərbaycan türkcəsinə uyğunlaşdırmışam. Bundan başqa, ayrıca olaraq çağdaş Azərbaycan poeziyasını Türkiyə türkcəsinə Oktay Hacımusalı ilə birlikdə, müasir Qazax və Özbək yazarlarının şeirlərindən ibarət antologiyanı da bir neçə yoldaş Azərbaycan türkcəsinə uyğunlaşdırmışıq. Bunlarla yanaşı, çağdaş Quzey Arxangelsk poeziyasından nümiunələri də Azərbaycan dilinə çevirib antologiya şəklində çap etdirmişik. Hazırda Qırğız yazarların əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırırıq. Bunlar bizim fəaliyyətimizin bir hissəsidir. Biz öz aramızda yarı zarafat, yarı ciddi deyirik ki, “Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”. Bu, bizi çox sevindirir.

-Rəsmiyyə xanım, oxuculara yaxşı məlumdur ki, Sizin yaradıcılığınızda mühüm yerlərdən birini şeirlərinizə yazılan mahnılar təşkil edir. Lakin son illərdə sanki bu istiqamətdə bir durğunluq var?...

-Ola bilər ki, əvvəlki qədər şeirlərimə mahnılar yazılmasın, ancaq bu durğunluq kimi qiymətləndirilməməlidir. Keçən il yayımlanan “Dəfnə ağacı”, bu il isə “Uçurum” serialında səsləndirilən mahnıların sözləri mənə aiddir. Hazırda gözəl bəstəkarımız Nadir Əzimovla yeni mahnılar üzərində çalışırıq. Bilirsiniz ki, mənim ən gözəl mahnılarımın musiqisi Nadir Əzimova məxsusdur. Nadir müəllim öz ölməz musiqiləri ilə mənim şeirlərimə yeni nəfəs verib.

-Müasir Azərbaycan poeziyasındakı vəziyyəti necə qiymətləndirirsiniz?

-Əslində ədəbi prosesləri baş verdiyi zaman dəqiq qiymətləndirmək olur. Çünki müəyyən vaxtdan sonra əsl sənətin qiyməti bəlli olur. Ümumiyyətlə isə müasir Azərbaycan poeziyasını müsbət qiymətləndirirəm. Yeni istedadlı imzalar görünür. Nəsillər bir-birini əvəzləyir.

-Rəsmiyyə xanım, mənə elə gəlir ki, ədəbi proses 20 il öncəsi kimi dinamik deyil. O zaman bir-birini inkar edən ədəbi nəsillər və cərəyanlar çox aktiv idilər.

-Bu fikrinizlə razıyam. O zaman ədəbi proses daha canlı idi. Proseslərin o qədər canlı olmasında ədəbi tənqid də mühüm rol oynayırdı. Amma ədəbiyyatda belə qalxmalar və enmələr iqtisadiyyatdakı kimi təbii hal sayılmalıdır.

-İqtisadiyyatdan söz etmişkən, Siz həm də bir elm adamısınız...

-Elədir, mən Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi katibiyəm. Tədqiqatla məşğulam. Hazırda elmlər doktorluğu üzrə dissertasiya işimi tamamlayıb Elmi məsləhətçimə təqdim etmişəm. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentiyəm.

-Rəsmiyyə xanım, bildiyim qədəriylə, Sizin bir qızınız da var. Bu qədər işin öhdəsindən necə gəlirsiniz? Çətin deyil?

-Əlbəttə, çətindir. Şətin olduğu əqədr də şirindir.
Elm ən ağır sahədir. Xüsusilə də iqtisadiyyat. Statistik məlumatlar tez-tez yenilənir, müasir iqtisadi proseslər sürətlə dəyişir. Baş verən proseslərin nəinki arxasınca gedərək onları qiymətləndirməklə yanaşı, baş verəcək prosesləri ön görmək, proqnozlaşdırmaq lazımdır. Yaradıcılıq, tərcümə işləri hamısı vaxt və əmək tələb edir. Ancaq bunların hamısından çətin Ana olmaqdır. Bayaq həyatımdakı əlamətdar hadisələrdən danışdıq. Lakin mənim üçün ən əlamətdar hadisə qızımın bu il 1-ci sinifə getməyi oldu. Hər gün qızımla birlikdə onun dərsləri ilə məşğul oluruq. Elm, ədəbiyyat, ictimai işlər, müəllimlik və s. Bəzən çox yoruluram. Enerjimin tükəndiyini hiss edirəm.

-Belə hallarda vəziyyətdən çıxmağı necə bacarırsınız?

-Yorulduğum vaxtlarda enerjimi qızımdan alıram.Onun bir gülüşü belə məni ən gərgin vəziyyətdən çıxara bilir.

-Rəsmiyyə Sabir 2019-cu ildə nələri planlaşdırır?

-Hazırda dostlarla birlikdə müasir Qırğız yazarlarının şeirlərindən ibarət antalogiyanı hazırlayırıq. Yenə də DGTYB olaraq gözəl işlərə, böyük layihələrə imza atacayıq. Bilirsiniz ki, gələn il DGTYB-nin dövlət qeydiyyatına alınmasının 20-ci ildönümüdür. Bunu qeyd etməyə hazırlaşırıq.

-İşdən vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün, Rəsmiyyə xanım, Sizə təşəkkür edirik.

-Mən diqqətiniz üçün sizə təşəkkür edir,İnform.az-a Yeni ildə yeni-yeni uğurlar arzulayıram.

“Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”-


“Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”-


“Biz bir cığır açmışıq, indi o böyük yola çevrilməkdədir”-




İnform.az

Baxış sayı: 443