Sağlamlıq
27.12.2018 / 11:48

“Gülümsəyən həkim” Cəmiyyətinə qəbul olunan azərbaycanl həkim KİMDİR?

“Gülümsəyən həkim” Cəmiyyətinə qəbul olunan azərbaycanl həkim
Azərbaycan Tibb Universitetinin (ATU) mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Cəmilə Talıbovaya Türk Hava Yollarının (THY) rəhbərliyindən təşəkkür məktubu gəlib.

ATU-dan "Report"a verilən məlumata görə, eyni zamanda, o, THY-nın “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edilib.

Belə ki, C.Talıbova bundan sonra Türkiyənin milli aviadaşıyıcısının xidmətlərindən istifadə edərkən, əgər ehtiyac yaranarsa, təyyarədə həkim kimi fəaliyyət göstərə bilər. Buna səbəb isə onun bu ilin noyabrın 27-də THY ilə Bakıdan İstanbula uçarkən yolda halı pisləşən bir sərnişinə yardım etməsi olub.

2005-ci ildə ATU-nun mikrobiologiya və immunologiya kafedrasında çalışan, tibb elmləri üzrə fəlsəfə doktoru olan Cəmilə Talıbova həkimlik sənətinə böyük hörməti və sevgisi olduğunu deyir: “İstanbul şəhərinə uçduğum təyyarədə həkimə ehtiyac olunduğu elanını eşidəndə, tez stüardessalara yaxınlaşdım. Mənə arxa cərgədə oturan qadının vəziyyətinin ağır olduğunu dedilər. Xəstəni müayinə etdikdə, hipertonik kriz keçirdiyi bəlli oldu.

Çantamda ilk tibbi yardım məqsədi ilə daşıdığım dərman preparatlarından xəstəyə yardım etmək istədim. Bu zaman mənə bütün məsuliyyəti öz üzərimə götürmək barədə məlumat verildi və mən məsuliyyəti öz üzərimə götürdüm. Xəstəyə ilk tibbi yardım göstərərək onu kritik vəziyyətdən çıxartdım. Uçuşun sonuna qədər onun yanında oturub, səhhətindəki vəziyyətini nəzarətdə saxladım. Onunla söhbət etdikcə lazımi məsləhətlər də verdim. İstanbula çatanadək həm xanımla, həm də ekipaj üzvləri ilə mehriban və dostcasına ayrıldım”.

Həmin hadisədən iki gün sonra C. Talıbovanın e-mail ünvanına THY-dan xoş bir məktub göndərilib. Məktubda THY tərəfindən minnətdarlıq və “Gülümsəyən həkim” cəmiyyətinə qəbul haqda məlumat yer alıb. Bundan əlavə, ona 5000 mil uçuş hədiyyə edilib.



İnform.az

Baxış sayı: 187