Ədəbiyyat
27.12.2018 / 11:00

Ailə dostu Rasputin

Ailə dostu Rasputin
Məqsəd Nur


(Sosial şəbəkə silsiləsindən)


...Onlar bir az əvvəl Bayraq Meydanı tərəfdəki restoranlardan birində tanış olmuşdular...

Gənc qadın yanar od üstündə qaymaqlı türk paxlavası sifariş edib iri dəsgahın ətrafına düzülmüş rəngli şamları yandırmağa çalışırdı və bunu bacarmadığını anlayıb, çəkinmədən, qonşu masada kofe içən Tobidən kömək istəmişdi.

Qadın durmadan danışırdı. Tobini masasına dəvət edib ondan nəsə istəyib-istəmədiyini soruşmadan darçınlı çay da sifariş etdi və bu paxlavanı dadmaq üçün xüsusi olaraq Moskvadan buraya gəldiyini söylədi. Əlbəttə, Moskvanın havası zəhrimardır, orada niyə yaşayasan ki, amma o geniş küçələr, ormanlar, qaynar həyat, buraya gələn kimi geri çağırır.

Beləliklə, bircə saatın içində bu yaraşıqlı, baxımlı gənc qadın qarşısındakı orta yaşlı, çal saqqallı, sakit təbiətli Tobiyə ətrafında baş verən hər şeyi danışdı. Məsələn, təhsil: burda təhsil var ki, ya da Rusiyada? Bacısı Danimarkada yaşayır, bax təhsil ordadı, gəzməyə isə Türkiyə yaxşıdır, xüsusilə də İzmir, bir bacısı da orada ərdədir.

Amma Tobi fikir verdi ki, paxlava yeyilib qurtardıqca və altındakı közlər sönməyə başladıqca, gənc qadının da çılğınlığı keçir, üzünə kədər və qayğı çökməyə başlayır.

– Qızım sözümə baxmır, atasından gizlin rəqsə getmək istəyir.

– Buraxın getsin – deyə, Tobi gülümsündü.

– Atası rayonludur, qısqancdır, hələ mən ondan gizlin idmana gedirəm, bilsə...

Qadın bərkdən güldü. Tobi isə həyəcanlandı:

– Niyə gizlin?

– Bilirsiniz... bir-iki ildən sonra mən əlil arabasında olacağam...

– Nə mənada?

– İdmanı həkim məsləhət görüb. Xəstəliyimi də sizdən başqa bilən yoxdur, – Gənc qadın ərklə Tobinin gözlərinə baxır, qımışırdı, – Bura gələndə xeyli piyada gəzdim, fikir verdim, şəhərdə əlil arabaları üçün cığırlar düzəldirlər. Bu çox yaxşıdır...

Tobi qıcıqlanırdı. Ətrafa boylandı, qolundakı saatını, gümüş, ağac və müxtəlif daşlardan hazırlanmış bilərziklərini qurdaladı. Çallaşan saqqalını tumarladı, boynuna doladığı nazik, uzun şərfini düzəltdi. Hesabı ödəyib getmək istədi. Məlum oldu ki, gənc qadın necəsə hesabı ödəyibmiş. Üstəlik, onunla bircə saat bulvarda gəzişərək söhbət etmək istədiyini də söylədi...

Restorandan çıxdılar. Bayraq Meydanının ətrafındakı bulvar ərazisindən üzü şərqə gedirdilər...

Qadın bircə ondan narahat idi ki, əlil olsa, arabasını buralarda asanlıqla özü idarə edə biləcəkmi? Amma niyə əlil olacağını demirdi. Hə, bir də, on üç yaşlı qızı onunla Bakıya dönəcəkmi? Əlbəttə, dönməyəcək.

Tobi razılaşmadı:

– Uşağın əvəzinə danışmayın. Axı bilmirsiniz o özünü necə aparacaq. Hələ əriniz, onu orda qoyub gələcəkmi?

– Axı o pul qazanmalıdır, məndən olsa, o da orda bir rus qızı tapar, evlənər, işinin başında qalsın yəni...

Qadın bu sözləri tələskənliklə, deklarasiya oxuyurmuş kimi deyir, təngnəfəs olur, səsi titrəyirdi...

Tobi dayandı. Qadın isə danışa-danışa yoluna davam edirdi. Axır susdu. Tobi bir az arxada qalsa da, gənc qadının susduğunu görüb onun qızı barədə danışmağa başladı. Və bayaqdan qoruduğu təmkinini pozaraq bu yaşda qızların psixikasında baş verən üzüntüləri sahmanlamağın zəruri olduğunu əsaslandırmağa çalışdı. Tövsiyələr verdi, kitablar siyahısı sadaladı, dedi ki, əgər qız bu kitabları ardıcıl oxusa, daha tez yaxşı tərəfə dəyişəcək, həlimləşəcək, insanlaşacaq... Hətta Bakıya gələrsə, Tobi onunla dostluq edə biləcəyini, mühitə uyğunlaşma dərsləri və milli köklərə bağlılığa dair mühazirələr oxuyacağını söylədi. Tobi israrla danışırdı.

Qadın dayandı və Tobinin üzünə baxıb həvəslə soruşdu:

– Ailəvi dost olarıq hə?

– Əlbəttə!

Tobi eyni həvəslə cavab verdi.

Gənc qadın üzünü kənara çevirdi, dənizə baxdı, acı gülümsündü. Sakitcə dönüb irəli getdi, gödəkcəsinin cibindəki əllərini çıxarmadan dirsəklərini tez-tez yanlarına vuraraq söyləndi:

– Ailə dostu Rasputin!

Tobi yerində dondu. Bu atmacadan çaş-baş qaldı. Hətta geri dönüb sağollaşmadan uzaqlaşmaq üçün qanrıldı da...

Amma gözünün bir qırağıyla qadının qəfil səndələdiyini sezdi. Tobi ona tərəf cumdu. Qadın az qala bulvarı dənizdən ayıran dəmir məhəccərə çırpılacaqdı. Yerə yıxıldı. Məhəccərin o üzündə isə köpüklü dalğa olaydan gizlənirmiş kimi beton enişin üzərində ağ şırımlar buraxaraq dənizə qaçırdı. Tobi özünü itirmişdi. Yerdə balıq kimi çırpınan qadına necə yardım edəcəyini bilmirdi. Və necəsə, bir andaca bu xırda, nazik sür-sümüklü qadın Tobinin güclü qolları arasında çırpınaraq onun bədənini qapı kimi döyəcləyirdi. Tobi ətrafa baxdı, gec olduğundan kimsə gözə dəymirdi. Tobiyə elə gəldi ki, uzun bir zaman keçdi, əslində isə az sonra qadın özünə gəlmişdi. Onu yerə oturtdu:

– Allah kəssin! – Qadın oturduğu yerdəcə üst-başını təmizləməyə başladı, təzədən gözləri qaraldı, süstləşdi və başını məhəccərə söykəyib gözlərini yumdu, gülümsündü.

Tobi birdən başa düşdü ki, bu naməhrəm gənc qadın onun əllərindən bərk-bərk yapışıb. Qorxdu, üşündü. "Semaşko" xəstəxanasının soyuq koridorlarında o baş-bu başa qaçan həkimləri təsəvvür edirdi.

– Siz kimsiniz? – deyə qadın təəccüblə soruşdu.

Tobi çaşıb qalmışdı. Bir anlıq dili tutuldu. Amma içinə bir fərəh gəldi – yaddaşı pozulub! Gülümsəyərək cavab verdi:

– Adım Tapdıqdı. Yanınızdan keçirdim, gördüm yıxıldınız...

Qadın azacıq dikəlib Tobinin əlini buraxdı və ayağa qalxmaq istəsə də, fikrini dəyişdi, dərindən nəfəs aldı, toparlanmaq üçün bir az da gözləmək qərarına gəldi. Üz-üzə olsalar da, Tobiyə baxmadan deyinməyə başladı:

– Çılğınlığımdan zəhləm gedir ey, nifrət edirəm. Axırıma çıxıb! Bilirsiniz, mən bütün ağrılarımı bitdə-bitdə xatırlayıram. Ta ağlım kəsəndən bu yana elə bir ağrım yoxdur ki, onu xatırlamayım, – Qadın qəhərləndi, gözündən bir damla yaş axdı, onu da çeçələ barmağının ucuna alıb ovcunun içinə ötürdü, – Dəqiq xatırladığım ən yaxşı şey ağrılarımdı, bircəsini də unuda bilmərəm, dəqiq ee, dəqiq, bütün xırdalığına qədər yadımdadır... Ona görə də təzə ağrıları dərhal tanıya bilirəm. Qızımın, ərimin üzünü xatırlamaya bilərəm, amma ağrının təzə-köhnəsini bilirəm...

Söhbətin bu cür dəyişməsi və uzanması Tobini qıcıqlandırdı. Hətta utanmasaydı, elə buradaca, bu halda qadını buraxıb qaçardı.

Tobinin ürəyi sıxıldı, nəsə bir təhlükə hiss edirdi. Yadına düşdü ki, ətraf təhlükəsizlik kameraları ilə doludur. Hələ qadın ağlamağa başladısa, bu da bir həngamə. Amma qadın o bir damla yaşla da bitirdi. Tobiyə isə elə gəldi ki, o bir damla yaş qadının gözündən deyil, kəhrizdən çıxmışdı, ovcuna girərək təzədən kəhrizə qayıtdı və yeraltı çaylara qovuşaraq gizlinlərə axıb getdi.

– Siz gedin vallah. Narahat olmayın!

Qadın Tobinin gözlərinə baxırmış. Baxışları ilə Tobinin qorxaqlığını, özünü burdan keçən birisi kimi təqdim etmək cəhdlərini anlamağa çalışdığını demək istəsə də, təmkinlə susurdu. Tobi gözlərini gizlətməyə çalışdı və qızardı.

Bayaqkı gənc qadından əsər-əlamət qalmamışdı. Tamam qocalmış, birçəkləri buruqlanıb üzünə dağılmışdı:

– ...axı mən burdakı evlərimizi kirayə verməyə gəlmişdim...

Qadın bu sözləri Tobiyə deyil, dənizə deyirmiş kimi geri qanrıldı.

– Təcili yardım çağırım? – deyə Tobi çaşqın halda ətrafa boylandı. Əslində isə Tobi taksi çağırmaq istəyirdi.

– Yox, nə danışırsınız?

Qadın Tobinin ifrat narahatlığını hiss edib güclə ayağa qalxdı və yeriməyə başladı. Arada müvazinətini saxlamaq üçün ondan yapışdı. Və cib telefonunu çıxarıb taksi sifariş etdi.

Gecə yarıya az qalırdı, şəhərin işıqları isə sayrışırdı. Dinməzcə taksini gözlədilər.

Tobi içindəki qorxu ilə onu taksiyədək ötürdü, hətta arxa qapını açıb sonra da ehmallıca örtdü və qadını ədəblə yola salmağa çalışdı.

Taksi uzaqlaşdı.

Tobinin ürəyinə bir fərəh, canına bir hərarət gəldi. Saqqalını qaşıdı, yerə baxıb gülümsündü. Kiçik mənzilini, eyvanda bəslədiyi çiçəklərini, isti döşəmədə mürgüləyən pişiyini xatırladı. Və ailə dostu olmağa can atmasından bərk utandığının ağrısını keçirtdi, ətrafa boylandı. Öz özünə deyindi:

– Ailə dostu Rasputin!


artkaspi.az

Baxış sayı: 197