Din
26.12.2018 / 18:15

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/ FOTO

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/
Dekabrın 26-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Tədbirdə DQİDK-nin rəhbərliyi, Prezident Administrasiyasının, Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili işlər, Gənclər və İdman, Təhsil nazirliklərinin, Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri iştirak ediblər.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Aparılan təhlillərin nəticələrinə görə, dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır.

Dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır.

Səyavuş Heydərov təəssüflə vurğulayıb ki, dünyanın güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər.

Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib. Xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür.

DQİDK-nın sədr müavini dünyada din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının çox vacib olduğunu bildirib.

Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən Səyavuş Heydərov diqqətə çatdırıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.

Azərbaycan dövləti və onun rəhbəri beynəlxalq təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verməkdədir. Uzaqgörənliklə həyata keçirilən, balanslaşdırılmış, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib.

Sədr müavini bildirib ki, çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir, eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun sürətlə artmasına xidmət edir.

O, respublikamızın tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyaraq inanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi olduğunu vurğulayıb. Natiq bütün bunlara baxmayaraq, Azərbaycanın bu uğurlarını, nailiyyətlərini gözü götürməyən qüvvələrin mövcud olduğunu, bu dairələr tərəfindən ölkəmizə yad dini ideologiyaların idxal olunmasına cəhdlər edildiyini bildirib.

Qeyd edib ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən ideoloji təhlükəsizliyə təhdidlərin səngimədiyi müşahidə olunur.

S.Heydərov mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. Bugünkü konfransın da bu istiqamətdə atılan addımlara bir nümunə olduğunu deyən sədr müavini maarifləndirmə tədbirlərinin səmərəliliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

“Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, məzhəbçiliyin, xarici təsirlərin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi, cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılması istiqamətlərində məkrli qrupların zərərli fəaliyyəti barədə danışıb.

İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən birinin də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması olduğunu bildirən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar dini kimliyimizlə milli kimliyimizi məqsədli şəkildə qarşı-qarşıya qoyurlar. Onun sözlərinə görə, azərbaycançılıq nəinki İslama zidd deyil, əksinə özündə dinimizlə bağlı elementləri ehtiva edir. Bunu özündə ən gözəl formada əks etdirən üçrəngli bayrağımızdır.

Dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin gücləndirilməsi cəhdlərindən, habelə diasporumuza dini zəmində yönəlik təhdidlərdən də bəhs edən Gündüz İsmayılov bildirib ki, cəmiyyətdəki xurafat elementləri dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İslamda elm öyrənmək, təhsil almaq kişi və qadın fərqi qoyulmadan bütün insanlara vacib buyurulub.

Xalqımızın ailə dəyərlərinin tərkibində həm İslamdan, həm milli adət-ənənələrimizdən, həm də müasir dövrümüzün tələblərindən qaynaqlanan keyfiyyətlərin olduğunu vurğulayan sədr müavini məkrli qruplar tərəfindən cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılmasına müəyyən cəhdlərin olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir, çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə medianın rolu” mövzusunda çıxış edib. Deputat bu cür konfransların keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır.

H.Babaoğlu milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib. Bildirib ki, jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.

Milli Məclisin deputatı Elman Nəsirov “Din və terrorçuluq: əks qütblər” mövzusunda məruzə ilə çıxış edərək beynəlxalq terrorizmə qarşı mübarizənin əhəmiyyətinə toxunub. Bildirib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, ötən ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən Milli Məclisin deputatı bu nümunəvi siyasətin təqdir edildiyini, ölkəmizin dünyaya tolerantlıq ixrac etdiyini vurğulayıb.

Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan deputat dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, bəzi xarici qüvvələr dini radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, dinimizi terrorla eyniləşdirməyə, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər.

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları” mövzusunda çıxış edən Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

R.Məmmədov bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Respublikada xarici dövlətlərin və onların təsiri altında olan siyasi və dini dairələrin müdaxilələrinin qarşısının tamamilə alınması, Azərbaycanın dünyada gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, yad dini ideologiyalar yayan dini qruplara qarşı planlı, əlaqəli şəkildə iş aparılmasının önəminə toxunub.

Konfransda “İctimai təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizlik amili” mövzusunda məruzə ilə çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev bildirib ki, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi yolverilməzdir. Vurğulayıb ki, radikalyönümlü təriqətlər tərəfindən cəmiyyətdə ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılmasına yönəlik cəhdlərin qarşısının alınması məqsədilə təmsil etdiyi qurum tərəfindən lazımi addımlar atılır, o cümlədən profilaktik işlər görülür. Natiq radikal dini qrupların zərərli təbliğatının qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında cəmiyyətin bütün təbəqələrini fəal olmağa çağırıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda ətraflı çıxış edib. Vurğulayıb ki, beynəlxalq aləmdə cərəyan edən hadisələrin gedişi göstərir ki, dini mühitdə radikal və ekstremist təmayüllərin inkişafı insanların hüquq və azadlıqlarının, xüsusilə təhlükəsiz yaşamaq hüququnun pozulmasına zəmin yaradır. Natiq Azərbaycanın müxtəlif qüvvələrin maraqlarının kəsişdiyi strateji mövqedə yerləşməsinə baxmayaraq, ölkəmizə qarşı düşmənçilik və pozuculuq niyyətlərinin vaxtında qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Diqqətə çatdırıb ki, dini radikalizmin fonunda təbliğ olunan baxışlar təkcə dini inancın deyil, adət-ənənələrin özgələşməsinə səbəb olur. O, bu cür halların qarşısının alınması üçün ardıcıl iş aparıldığını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək bildirib ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır. Vurğulayıb ki, bu cür tədbirlər gənclərin mənəviyyatının zənginləşməsinə də təkan verir.

Təhsil Nazirliyinin nümayəndəsi İntiqam Cəbrayılov “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu”, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Hüseynov “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova “Azərbaycan ailəsinin zərərli dini ideologiyalardan qorunması” mövzularında çıxış ediblər.

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/


Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/


Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/


Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib/



İnform.az




Baxış sayı: 180