Ədəbiyyat
25.12.2018 / 12:15

Alain Badiou və Nicolas Truonun "Eşqin tərifi" kitabından parçalar

Alain Badiou və Nicolas Truonun "Eşqin tərifi" kitabından parçalarTəhlükədəki eşq

Eşqin ikibaşlı zövq olduğuna, demək olar, hər kəsin yaşamına yeni məna qazandırdığına inanıram.

***
Eşqi beynəlxalq təhlükəsizlik qaydalarına görə hazırlanmısızsa, dincliyinizi pozanları özünüzdən uzaqlaşdırmağın min bir yolu var.

Əgər əzab çəkirsə, bundan sizə nə? Eləmi? Əzab çəkirsə, ağrını dadırsa, deməli, müasir həyata uyğunlaşmayan biridir.

Nə təsadüf, oxşar hal qərbli əsgərlər üçün də keçərlidir. Atdıqları bombalar onlardan "aşağıda” yaşayan, belə bir xətaya düşən hər kəsi öldürür. Amma ölənlər əfqan, amma ölənlər fələstinli...

Amma... Axı onlar müasir insanlar deyillər...

Fəlsəfə və eşq

Şopenhauer eşqə həris qadınları heç vaxt bağışlamadı. Çünki heç bir dəyəri olmayan insan nəslinin artımına səbəbkar həmin qadınlar idi.

Sevgililərin kərpic-kərpic hördüyü eşq

Eşq inadcıl macəradır. Şübhəsiz ki, o macəralar gözəldir, fəqət birləşmənin birinci tərəfini də unutmamalıyıq.

Qarşımıza çıxan ilk əngəldə, fərqli münasibətdə, problemdə imtina eşqin mahiyyətinə uyğun deyil.

***

Eşq həyatın yenidən qurulmasıdır.

Alain Badiou və Nicolas Truonun "Eşqin tərifi" kitabından parçalar

***
Fəqət aşiqlər ən çılğın anlardan sonra – səhər oyananda eşq elanını hiss edən bədənlərinə çökən dincliklə birgə bu sevginin qoruyucu mələk kimi yanlarında olduğunun fərqindədirlər. Bax, elə buna görə də eşq fiziki tələbatın bəsit mübaliğəsi, nəsil artırmanın qarmaqarışıq və xəyali məhsulu deyil, ola da bilməz.

Alain Badiou və Nicolas Truonun "Eşqin tərifi" kitabından parçalar

Eşqin həqiqiliyi

Hər kəsin eşq hekayələrinə necə heyran olduğu bəllidir. Filosoflar bu mətnlərə niyə heyran olduğumuzu tədqiq etməlidirlər. Axı niyə eşqə həsr olunan bu qədər film, musiqi, roman var? İnsanların son dərəcə aludə olduğu eşqi bəşəri məsələ adlandırmamaq mümkündürmü? Buradakı bəşərilik hər eşqin təklik deyil, ikilik adlanan yeni həqiqətdə – kainatın, sadəcə, bir şüurdan fərqli görünə, hətta yaşana biləcəyini göstərməsində gizlidir. Bax buna görə Aziz Augustinusun dediyi kimi "eşqi sevirik, sevməyi sevirik, amma eyni zamanda başqalarının aşiqliyinə də aşiqik. Bunun bircə səbəbi var: biz sadəcə həqiqəti sevirik. Sevgidən bixəbər anlarımızda belə....

***

Şeirlə eşqi dilə gətirmək arasında da oxşarlıqlar var. Hər iki halda dilin "çiyin”lərinə böyük bir yük düşür. Əsas məsələ həyat boyu təsiri azalmayacaq söz söyləməkdədir. Elə şeirin arzusu da bu deyilmi?

***

Sədaqətin "xəyanət etməmək” sözünün fövqündə bir anlamı varmı? Başlanğıcdakı "səni sevirəm” fikrinin eşqi təsadüf pəncəsindən azad etmə məqsədi güddüyü açıq-aşkardır. Mallerme şeiri "sözbəsöz dəf edilən təsadüf” adlandırırdı. Eşq də, sədaqət də o zəfərə işarə edir: ilk qarşılaşmanın günbəgün yox edilən təsadüfiliyinə. Niyə tez-tez "səni sevirəm” deyirlər? Çünki bu ifadə hər zaman üçün keçərlidir. Deməli, "səni daima sevəcəyəm” cümləsi də, əslində, təsadüfləri sonsuzluqla əvəz etməkdir. Bu mənada, hər bir eşq nəhayətsizliyi elan etməkdir. Sonrakı əsas məsələ isə sonsuzluğu zamana qata bilməkdədir. Çünki eşq elə budur: sonsuzluğun zamana nüfuz etməsi...

***
Bəli, eşqin xoşbəxtliyi zamanın sonsuzluğa bərabər ola biləcəyinin isbatıdır.

Eşq və siyasət

Eşqdə əsas məsələ iki şəxsin fərqlilikləri qəbul edərək birgə yaratmağı bacarıb bacarmamağında gizlidir. Siyasətdə isə əsas müxtəlif təbəqələrin birlik yaratmağında. Necə ki eşqi idarə etməyi ictimailəşdirmək üçün ailə var, siyasətdə də xaosun qarşısını almaq üçün iqtidar mövcuddur.

***
Qısqanclığın eşqin təməlində dayandığını iddia edənlərlə razı olmadığımız məqam budur: Aralarındakı ən ağıllısı Prust eşqin dərin, həqiqi və şeytani xarakterinin qısqanclıq olduğuna inanır. Məncə, bu, sadəcə əxlaqa söykənən və şübhəcil tezisin fərqli formasıdır. Qısqanclıq qondarma bir eşq parazitidir və eşq qavrayışında yeri yoxdur. Hər eşq aşkara çıxmaq, reallaşmaq üçün xaricdən rəqibmi seçməlidir? Yox bir! Əksinə! Eşqdəki əsas maneələr, ikiliyin səhnəsindəki problemlər yalnız və yalnız üçüncü bir şəxs – gerçək və ya xəyali rəqib sayəsində gün üzünə çıxa bilər. Eşqdəki çətinliklər bəlli bir düşmənin varlığına bağlı məsələ deyil. Eşqin düşməni eqoizmdir, əğyar yox. Belə ifadə etsək, eşqin ən amansız, aradan qaldırılmalı düşməni başqası deyil, mənəm – yenidən yaranmış dünyaya inad öz dünyasını müdafiə etmək istəyən "mən”.

***
Düzü, eşq ən az inqilabi siyasət qədər "sülhsevər”dir. Həqiqət heç vaxt gülüstanlıqda yetişmir. Qətiyyən! Eşqin özünəməxsus şiddət və uyğunsuzluq dərəcəsi var. Amma əsas fərq budur: siyasətdə düşmən obrazı, eşqdə isə dramla qarşı-qarşıyıq.


artkaspi.az

Baxış sayı: 233