Mədəniyyət
24.12.2018 / 12:30

Kimdir müqəssir? - PSİXOLOQLU GÜNDƏM

Kimdir müqəssir? -
Çinarə Nağıyeva/psixoloq


"Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil" - deyirdi Cəlalləddin Rumi.

Mənə görə tam da haqlı idi. Niyə məhz bu kəlamla başladığımı da yəqin ki, məqalənin ən sonunda anlamış olacaqsınız.

Bu dəfəki mövzu bir çoxlarının əsil vətənpərvər hissini oyadan, bir çoxlarının da üzdə vətənpərvər obrazı yaradıb daxildə heç o sözün mənasını, şəhidliyin izahını verə bilməyənlərdəndir.

Bir neçə gün öncə psixoloq Nərmin Şahmarzadənin nitqi necə deyərlər, sosial şəbəkələri silkələməyi bacardı. Mən isə tam olaraq Nərmin Şahmarzadədən yox, ümumi minvaldan yazmağa çalışacam.

Təxminən bir neçə ay öncə şəhid adını daşıyan bir neçə məktəbdə həvəskar olaraq şagirdlərdən həmin məktəblərə adı verilən şəhidlərin kim olduğunu, ümumiyyətlə, məktəbin niyə o adla qeyd edildiyini öyrənməyə çalışdım.

Bir çox şagirdlər şəxslərin kim olduqları haqqında məlumatsızlıqları bir kənara, məktəbin kimin adını daşıdıqlarından belə xəbərsiz idilər.

Bu məsələ zənnimcə, bir-iki şəhid adı verilən məktəblərdə deyil, bəlkə də 90% məktəblərdə yaşanmaqdadır. Sual yaranır bəs bu məsələdə günahkar kimlərdi?

Niyə düzgün maarifləndirilmə aparılmır? Şagird və ya vətəndaş niyə şəhidini, onun gələcəyi üçün canından keçən şəxsləri yaxşı tanımır?

Bu sualın cavabını günahkar olan hər kəs öz-özlüyündə çox yaxşı bildiyi üçün cavablandırma aparmadan bir digər məsələyə keçməyi lazım bilirəm.

Bir digər məsələ elə sosial şəbəkələrdəki görüntü ilə bağlıdır.

Təxminən beş il öncə facebookda yenicə qeydiyyatdan keçəndə bir neçə ay ərzində bir qrup yaratmışdım. Qrupda bacardığım qədər şəhidlərimiz və onların xidməti haqqında məlumatlar paylaşırdım. Amma həmin paylaşımlara diqqət və maraq çox aşağı olurdu.

Təbii ki, bizim paylaşımlarımız hərəyə bir "Amin" yazaq kontekstində də olmurdu. Sadəcə biz mövcud paylaşımlarla xatırlamaq və xatırlatmağa çalışırdıq. Üzərindən 5il keçməsinə baxmayaraq, sosial şəbəkələr inanılmaz aktivləşsə də, bugün də biz o cür paylaşımlara marağın efirdə onun-bunun geyimini, vizual görüntüsünü müzakirə edənlərdən, şou yaradan mövzulardan, hansı ekstrasensin harada nə etməsindən və s. kimi mövzulardan daha çox olduğunun şahidiyik.

Burada yenidən həmin sual yaranmış olur: kimdir müqəssir?

Niyə bu istiqamətə meyilliyik?

Məsələ burasındadır ki, bizim Mübariz İbrahimov kimi yüzlərlə qəhrəmanlarımız var, yüzlərlə canından keçən igidlər var, Vətənə xidmət edib ən son nəfəsinə kimi vuruşanlar var.

Bəs biz onların hamısını tanıyırıqmı? Və ya tanıyıb təbliğat aparırıqmı?

Bu sualın cavabını da düşünürəm hər kəs öz-özlüyündə bilir, dərk edir. Ancaq dərk etsə də, susur və ya fəaliyyət göstərmir.(istisnalarla)

Xülasə, əgər iki gün sonra yenidən mövzu kiminsə ekatravaqant şeirləri olacaqsa, yenidən mövzu efirə kim, hansı geyimdə çıxdı olacaqsa, yenidən mənasız mövzular ən çox baxış sayları ilə izlənəcəksə, yenidən beynimizi və zamanımızı səviyyəcə aşağı məsələlərə yoracayıqsa məncə elə sussaq yaxşıdır.

Bir alimin də dediyi kimi, "Susmaq və çalışmaq dözülməsi çox ağır olan bir cavabdır".

Dəfələrlə bir çox insanların gündəm yaratmaq xatirinə müxtəlif fikirlər deyərək dillərdə əzbər olmasını, bir müddət sonra isə yenidən unudulmasının şahidi olmuşuq. Bu işdə ən böyük cavab isə qeyd etdiyim kimi xidmətdir.

Sözü hər kəs deyər, dəyərli və düşünülmüş sözü isə hər kəs deməz, deyə bilməz. Siz də çalışın hər sözü danışana yox, VƏTƏN üçün, CƏMİYYƏT üçün çalışanlara əhəmiyyət verin.

Çünki danışanlar həmişə var.

Çalışanların isə hər sözü danışanlardan daha dəyərli olması diləyi ilə...


İnform.az

Baxış sayı: 364