Türk dünyası, Siyasət
10.12.2018 / 16:50

İsrail-Bakı dostluğundan Türkiyə narahatdır?- İNSAMER-ə cavab

İsrail-Bakı dostluğundan Türkiyə narahatdır?-
Türkiyənin İnsan və sosial araşdırmalar mərkəzi (İNSAMER) İsrail-Azərbaycan münasibətlərindən bəhs edən araşdırma-hesabat yayımlayıb. Sözügedən araşdırmada bir çox həqiqətlər öz əksini tapsa da, ümumilikdə yanlış tezislər də kifayət qədərdir.

Müəllifın İsrail-Azərbaycan, xüsusən bu iki xalq arasındakı münasibətləri kənardan müşahidə etdiyi üçün bəzi əsas məqamları gözdən qaçırdığı aydın sezilir. Məqalədəki bəzi yanaşmalar səthi olmaqla bərabər, bir çox yanlış informasiyaların ötürülməsi baxımından da təhlükəlidir. Təbii, qardaş ölkə Türkiyənin bu qurumunun araşdırmasında ölkəmizlə bağlı mühüm həqiqətlər, həmişə olduğu kimi, qayəni təşkil edir. Lakin məqalədəki bəzi nüanslara diqqət yetirmək və kənar müşahidədən doğan yanlışlıqları aradan qaldırmaq olduqca vacibdir.

İndi isə keçək məqalənin təhlilinə.

Müəllif yazının əvvəlində doğru olaraq qeyd edir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də İsraildir. İsrailin Azərbaycana “xüsusi münasibətini” və bu islam ölkəsi ilə əlaqələri gücləndirməsinin səbəblərinə bir qədər səthi toxunan araşdırmada qeyd olunur ki, 1993-cü ildə Bakıda İsrail səfirliyi açılsa da, eyni addımı Azərbaycan atmayıb:

“Azərbaycan Təl-Əvivdə səfirlik açmaq istəyir, lakin islam dünyasından sərt reaksiya görməmək üçün bu addımı atmır”.

Əslində isə Azərbaycanın İsraildə səfirlik açmaması məhz islam dünyası həmrəyliyinin nümayişidir. Çünki rəsmi Bakı İsrail-Fələstin arasında Qüds böhranının iki dövlət prinsipi əsasında həll edilməsinin tərəfdarıdır. Yəni İsrailin Azərbaycanın strateji tərəfdaşı olmasına rəğmən, Təl-Əvivdə səfirliyimizin açılmamasına səbəb Qüds böhranıdır.

O Fələstin ki, İsraildən kəskin şəkildə fərqli olaraq, vaxtilə Dağlıq Qarabağ münaqişəsində qatı ermənipərəst mövqe nümayiş etdirib. Fələstin Qarabağ müharibəsi dönəmində Ermənistana hər cür yardım etməklə yanaşı, sonrakı dönəmdə də Dağlıq Qarabağın işğalını dəstəkləyib.

Fələstin tərəfinin belə, qatı ermənipərəst mövqeyinə baxmayaraq, Azərbaycan daim bu ölkənin problemlərinə diqqət çəkir, Qüds məsələsinin ədalətli həlli yolunu dəstəkləyib. Azərbaycan həmçinin, Fələstinlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görüb və praktiki yardımlarını da heç vaxt əsirgəməyib.

Xüsusən, 29 sentyabr 2014-cü ildə Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb.

Bütün bunların fonunda Azərbaycan rəsmilərinin Fələstin dövlət adamları ilə mütəmadi görüşlər keçirməsini diqqətdən qaçırmaq olmaz.

Halbuki rəsmi Bakı tam fərqi mövqe ortaya qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü birmənalı və qəti olaraq dünyanın ən mötəbər kürsülərində belə dəstəkləyən, Azərbaycana görə Ermənistanla münasibətlərini inkişaf etdirməyən dost ölkə İsrailin maraqlarına xidmət edən siyasət yürüdə və Fələstinə qarşı adekvat mövqe sərgiləyə bilərdi.

Ancaq Azərbaycan daim həqiqətin yanında olduğunu və beynəlxalq prinsiplərə əsaslandığını, zorakılığa qarşı çıxdığını hər zaman nümayiş etdirib və bunu Fələstinin timsalında da qoruyub.

Diqqətəlayiq odur ki, İsrail Azərbaycanın bu ədalətli mövqeyinə qarşı heç zaman kəskin mövqe ortaya qoymayıb və Bakının bu ədalətli mövqeyini anlayışla qarşılayaraq, münasibətlərin inkişafına heç vaxt xələl gətirməyib.

Bu, həm də Azərbaycan yəhudiləri və ümumiyyətlə, Azərbaycan türkləri ilə yəhudilər arasında olan və hər iki dövlətin siyasətinə də təsir edən tarixi münasibətlərin nəticəsidir.

Azərbaycan yəhudiləri

Azərbaycan-İsrail münasibətlərinin tarixi köklərindən bəhs edən sözügedən araşdırmada da bu məqama diqqət çəkilir və bu əlaqələrdə əsrlərdir ölkəmizdə yaşayan yəhudilərin böyük rol oynadığı diqqətə çatdırılır, qeyd edilir ki, yəhudilər bu ölkədə heç vaxt antisemit münasibətlə qarşılaşmayıblar. Əlbəttə, orta əsrlərdən bəri mühüm dini-fəlsəfi ideyaların, təriqətlərin beşiyi olan Azərbaycanda insanlar daim mehriban dostluq-qardaşlıq prinsiplərində yaşayıblar. Yəni ölkəmizdə mövcud olan bu tolerantlığın kökləri ta orta əsrlərə gedib çıxır. Bu torpaqlarda azərbaycanlılar nəinki yəhudilər, bütün xalqlara tolerant münasibət bəsləyiblər, qoynunda onlara yer veriblər - hətta ermənilərə də. O ayrı məsələdir ki, bəzən qoynumuza buraxdığımız ilan olub – ermənilər kimi.

Xalqımızın bu tolerantlığı, xoşgörülü mövqeyi SSRİ-nin dağılmasından sonra Azərbaycandan İsrailə köçən minlərlə yəhudinin yaddaşında dərin iz buraxıb. Bunun nəticəsi kimi, onlar İsraildə - “öz doğma yurdlarının” - Azərbaycanın adət-ənənələrini, hətta dilini qoruyub saxlayır, təbliğ edirlər. Azərbaycandan İsrailə köçən yəhudilər öz toylarını, məclislərini indi də Azərbaycan adətlərinə uyğun təşkil edirlər, öz mərasimlərinə azərbaycanlı müğənniləri dəvət edirlər, Azərbaycan dilini nəinki özləri yaşadır, hətta orada doğulan övladlarına da öyrədirlər.

Ölkəmizdəki yəhudilərin Azərbaycanı necə sevməsinin başqa nümunəsini Qarabağ müharibəsində arxa cəbhədə, beynəlxalq tribunada, yəhudi lobbisinin təbliğatında deyil, ön cəbhədə də gördük. Onlarla yəhudi azərbaycanlı qardaşları ilə çiyin-çiyinə ordu sıralarına könüllü yazılaraq, Qarabağda Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda döyüşdü. Onlardan biri - Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov bunun bir simvoludur.

Fələstin tərəfi isə qeyd etdiyimiz kimi, Ermənistana canlı qüvvə - əsgər göndərərək, azərbaycanlı hərbçilərin, mülki şəxslərin ölümündə bilavasitə rol oynayıb.

Sözsüz ki, Azərbaycan xalqı belə həssas məqamları heç vaxt unutmur və kimin dost, kimin düşmənin yanında olduğunu yaxşı bilir.

Təəssüf ki, araşdırmada Azərbaycanın daxilindən görünən reallıqlar əksini tapmadığından, bu qardaşlığa qarşı tərəfin “planı” kimi baxmaq istəyi də sezilir.

Media yalanı

İNSAMER-in məqaləsində ən heyrətləndirən məqamlardan biri də media sahəsi ilə bağlıdır. Belə ki, yazıda yəhudi lobbisinin Azərbaycanda İsrailin təbliğatını apardığı vurğulanır və iddia edilir ki, bu təbliğat hətta Türkiyə, Rusiya kimi yaxın, qonşu ölkələrin təbliğatını geridə qoyub.

Bu hissəyə diqqət yetirəndə müəllifin məsələyə necə səthi, səriştəsizcə yanaşdığının bir daha şahidi oluruq. Müqayisə üçün deyək ki, Azərbaycan mediası Türkiyədə baş vermiş hər bir xəbərə xüsusi həssaslıqla yanaşır. Azərbaycan mediası nəinki Türkiyənin haqlı maraqlarına xidmət edən yazıları, hətta bu ölkədə baş vermiş adi yol qəzasını belə xəbər kimi təqdim edir.

Kimsə deyə bilməz və bircə fakt ortaya qoya bilməz ki, Azərbaycan mediasına yəhudi lobbisindən bir qəpik də olsa, yardım edilir. Nəinki yəhudi lobbisi, hətta qardaş Türkiyənin belə bu ölkədə hansısa mediaya maddi dəstəyindən söhbət gedə bilməz. Əslində, bütün mediamız doğmalıq və qardaşlıq baxımından Türkiyə mediasından fərqlənmir. Azərbaycan mediasında “yəhudi təbliğatının” Türkiyə təbliğatından önə keçdiyini iddia etmək üçün yalnız və yalnız Marsda yaşamaq və Yer kürəsi ilə heç bir internet-kommunikativ əlaqəsi olmamaq lazımdır.

İndi isə gəlin Azərbaycan mətbuatında İsraillə bağlı yayımlanmış xəbərlərə baxaq. Bu xəbərlərin böyük əksəriyyəti İsrail ordusunun Qəzzada həyata keçirdiyi bombardmanla bağlıdır. Bu bombardmanlarda Fələstin tərəfindən mülki şəxslərin ölməsi də mediamızda xüsusi vurğulanır və bu qətliamlar pislənilir.

Əlbəttə, azərbaycanlıların içində bir İsrail sevgisi vardır. Amma bunun səbəbi, dediyimiz kimi, Qarabağ münaqişəsində yəhudilərin azərbaycanlıların, İsrailin isə Azərbaycanın yanında olması, əsrlərlə qardaş kimi yaşamağımız, yəhudilərə azərbaycanlı kimi baxmağımız və yəhudilərin də hər yerdə özlərini məhz azərbaycanlı kimi ləyaqətlə aparması, bu torpağın müqəddəsliyini, bütövlüyünü, birliyini qorumasıdır.

Mövzu Qarabağ münaqişəsinə gəlmişkən, münaqişənin taleyində mühüm rol oynayan silahlanma məsələsinə diqqət çəkmək yerinə düşər. Məqalənin müəllifi özü də qeyd edir ki, Rusiya hər iki ölkəyə - Azərbaycan və Ermənistana silah satsa da, İrəvana daha modern olanları göndərir. Belə bir vəziyyətdə İsrailin Azərbaycana modern silahlar tədarük edib rəsmi İrəvanın təcavüzkar siyasətində Bakıya dəstək verməsi təqdirəlayiq haldır. Bunun nəticəsini biz 2016-cı ildə Aprel döyüşləri zamanı gördük. Həmin vaxt Ordumuz “Harop”, “Spayk” və başqa İsrail silahları vasitəsilə Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını almışdı.

İran


Müəllif bildirir ki, Azərbaycan-İsrail münasibətləri bölgədə İranı da ciddi şəkildə narahat edir.

Əslində, iki ölkə arasındakı bu dostluğa irad bildirməyə heç bir haqqı olmayan ölkə İrandır. Rəsmi Tehranın Qarabağ müharibəsi dönəmində Ermənistana verdiyi dəstəyi unutmaq olmaz. Təəssüf ki, bu dəstək və yardım sonrakı dönəmlərdə də davam edib və təxminən 30 ildir davam etməkdədir. Dünyaya “islam həmrəyliyi” deyə bağıran bəzi müsəlman ölkələr, eləcə də İran nədənsə Qarabağ müharibəsində təcavüzkar Ermənistanı, işğalı dəstəkləyir. Ermənistan məhz İranın sayəsində Azərbaycan torpaqlarını işğalda saxlayır; məhz İranın onlarla şirkəti nəinki Ermənistanda, hətta işğal altındakı torpaqlarımızda bütün beynəlxalq hüquqa zidd fəaliyyət göstərir, ermənilərin iqtisadi blokadasının qarşısını alır və s.

Müəllif iddia edir ki, islam dünyası Azərbaycanı İsraillə bu qədər yaxınlaşmaqda “ittiham edə” və Bakı təklənə bilər. Görəsən, Azərbaycanı İsraillə yaxınlaşmaqda “ittiham edəsi” islam dünyası niyə bir dəfə İrana Ermənistana dəstəyə görə nota göndərmir? Və özünü islam dünyasının dayağı kimi təqdim edən İran müsəlmanları qətlə yetirən, Xocalı soyqırımı törədən, məscidləri dağıdan, müsəlmanların ibadət etdiyi ocaqlarda donuz saxlayan Ermənistana yardımını dayandırmır?

Necə olur ki, Qəzzada iki müsəlmanın burnu qanayan kimi İsrailə barmaq silkələməyi özünə “müsəlman şərəfi” sayan İran minlərlə müsəlman ananın, uşağın, qocanın ermənilər tərəfindən qətlə yetirilməsinə biganə yanaşır, hətta xristian ermənilərə “qardaş xalq” deyə bilir?

Qarabağ münaqişəsində iki qonşu ölkədən – İran və Rusiyadan zərbə görən və görməyə davam edən Azərbaycanın münaqişədə onu dəstəkləyən İsraillə dostluq münasibəti qurması xeyli təbii və məqsədəuyğundur.

Digər tərəfdən, Azərbaycan heç də İsraillə dostluq münasibəti quran yeganə ölkə deyil. Rəsmi Bakı ilə yanaşı, İordaniya, Oman, Misir, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrin də İsraillə möhkəm dostluq əlaqələri mövcuddur. Üstəlik, Azərbaycan bir çox müsəlman ölkəsindən fərqli olaraq, hər bir dövlətlə, o cümlədən, İsraillə gizli, pərdəarası əlaqələrə deyil, beynəlxalq hüquqa dayanan legitim, şəffaf münasibətlərə üstünlük verir.

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.

Türkiyə

Məqalədə İsrail-Türkiyə münasibətlərinin gərgin olduğu, lakin bunun müqabilində Bakının Təl-Əvivlə möhkəm əlaqələr yaratdığı vurğulanıb. Xatırlatmaq yerinə düşər ki, İsrailin legitimliyi bütün müsəlman dünyasında mübahisəli sayılan vaxtlarda yalnız İran və Türkiyə İsraillə xüsusi əlaqələrə malik idi.

İsrail-Azərbaycan əlaqələri qarşılıqlı dostluğa, mənfəətə söykənən real, sivil münasibətlərdir. Azərbaycan yəhudiləri İsrail və Qərb ölkələrində yəhudi lobbisi ilə Azərbaycan arasında körpü rolu oynayır. Bu əlaqələrdən Azərbaycan güclü erməni lobbisini neytrallaşdırmaq üçün istifadə etməyə, öz təhlükəsizliyini təmin etməyə çalışır. Bu əlaqələr həm də Türkiyənin mənafeyinə uyğundur. Belə ki, İsrail parlamentində bir neçə dəfə gündəliyə salınmış qondarma erməni soyqırımının tanınması məsələsi məhz Azərbaycanın səyi ilə və Azərbaycanla münasibətlərin xarakteri nəzər alınaraq çıxarılıb. Hətta İsrail rəsmilərinin dilindən “Azərbaycanla əlaqələri qorumaq” və “dost xalqı incitməmək üçün” Türkiyəyə qarşı hansısa addımın atılmasından imtina edildiyi açıq-aşkar bəyan edilib.

Bakı-Təl-Əviv münasibətləri ilə bağlı başqa bir ağlasığmaz iddia isə İsrailin Naxçıvandan kəşfiyyat üçün istifadə etməsidir. Yazıda hətta Türkiyənin Naxçıvanın təhlükəsizliyinə qarant kimi çıxış etdiyi, Qars müqaviləsi xüsusi xatırlanır və guya Naxçıvan ərazisində İsrailin hərbi fəaliyyətinin onları narahat etdiyi vurğulanır.

Azərbaycan hökuməti İsrailin Naxçıvandan İrana qarşı kəşfiyyat əməliyyatlarında istifadə etməsi ilə bağlı iddiaları dəfələrlə qəti şəkildə təkzib edib. Digər tərəfdən, bu iddiaları təsdiq edəcək hər hansı dəlil ortaya qoyula bilərmi? Azərbaycanın Türkiyəni narahat edəcək bir fəaliyyətini yazı müəllifi necə təsəffür edə bilər? Milli davamızda yanımızda olan İsrailə qucaq açırıqsa, Türkiyədən gəlib, bizimlə birgə döyüşən, 100 il öncə Bakını işğaldan azad edən, ruhu-canı, soyu-kökü, dini-imanı bir qardaşlarımızın azərbaycanlıların onlara qarşı hansısa fəaliyyətindən narahat ola biləcəkləri müzakirə mövzusudurmu?

Yekun


Sonda onu bildirək ki, Azərbaycan öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüququ əsas götürür, bu zaman müttəfiq ölkələrin də mənafelərini nəzərə alır. Həyata keçirdiyi siyasət və layihələr bütün bölgədə əməkdaşlıq, dostluq mühitinin güclənməsinə xidmət edir.

Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar isə sadəcə yersizdir.


axar.az

Baxış sayı: 286