Hüquq
10.12.2018 / 15:30

Ulu Öndərimizin ideyaları əbədi yaşayacaq/ FOTO

Ulu Öndərimizin ideyaları əbədi yaşayacaq/Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə əlaqədar dekabrın 8-dəDİN-in Əlahiddə Çevik Polis Alayında anım mərasimi keçirilib.

Tədbirin əvvəlində ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Alay komandiri, polis general-mayoru Zaur Abdullayev çıxışında qeyd edib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir.

Azərbaycanın ən yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasi xadim Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır.

Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayaraq bildirib ki, ulu öndərimiz dövlətimizin iqtisadiyyatını dirçəltdi, ölkənin gələcək yüksəlişini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail oldu.

Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış xarici siyasətin təməlini qurdu, beynəlxalq nüfuzunun artmasını təmin etdi.

İllər keçdikcə Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin və təməlinin ulu öndər Heydər Əliyev ilə bağlı olduğunu daha dərindən dərk edir.

Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər elə bir iz qoyub ki, xalqımız özünün dahi rəhbəri ilə daim fəxr edəcək.Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin ömrünün mənası, onun şah əsəridir.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliümummilli liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıb. Vurğulayıb ki, bu dahi şəxsiyyət zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilib.

Bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq, ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Ümummilli lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir. Xalqımızın ulu öndəri Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaradıb.

Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşub. Ümummilli liderimizin hələ SSRİ-nin mövcud olduğu dövrdə cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi bu tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin və xalqımızın firavan həyatının möhkəm təməlini yaradıb. Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlayıb.

O qeyd edib ki, ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev titanik fəaliyyəti nəticəsində xalqımız dövlətçiliyini itirmək təhlükəsindən xilas olub,müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, Azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub.Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi fəaliyyəti, Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir.

Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılıb.

Mərasimin sonunda ulu öndərimizin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Ulu Öndərimizin ideyaları əbədi yaşayacaq/


Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 139