Şərhlər
10.12.2018 / 12:00

Tale qapıları

Tale qapıları
Aydın Hüseynov

Keçdiyim həyat yoluna nəzər salıram, mənə bəxş olunmuş tale qapılarını açıram.

Görürəm ki, yaşadığım illər adi bir insanın ömür payıdır, mənalı yaşasan, bəsindir. Bütün varlığımla doğma-el obama vurğunam, bilirəm ki, tarixi-mənəvi ucalığımızın mühafizəsi ali məqsədimizdir, özü də heç vaxt indiki kimi aktual olmayıb. Harada yaşamağımızdan asılı olmayaraq azərbaycanlıyıq.

Əcdad, kök yaşadığın torpağın üstündə olub, altında yatır, sən harada doğulmusansa, ora sənin ilk Vətənindir. Yaşadığımız bu torpağın üzərində öz qədim mədəniyyəti olan insanların izləri var, onların bəşər mədəniyyətinin başlanğıc epoxasından nişan verən obalarının, sivilizasiya mərhələsinin əsas göstəricisi olan yadigarlarının yiyəsi görəsən daha kimlər ola bilərdi? Gəlmədən əcdad olmaz, gəlmədən qohum, uzaqbaşı qonşu olar. Əcdadlarımızı arayıb adlarını yaşadanda MİLLƏT oluruq!

Vətənimiz Azərbaycanın hər yeri bizim üçün eyni dərəcədə doğma və əzizdir. Doğma yurdun, el-obanın qədrini bilmək, onun təəssübünü çəkmək, şöhrətini artırmaq, milli-mədəni dəyərlərimizi göz bəbəyi kimi qorumaq hər bir vətəndaşımızın birinci dərəcəli borcu, əsas vəzifəsidir.

Zaman-zaman döyüş meydanlarında qılınc çalmış şir biləkli cəngavər oğulları, qəhrəman insanları ilə ad qazanmış bir millətin indi həm də savadlı, siyasətdən və real həyatın olaylarından baş çıxaran, mənəviyyatın bütün parametrlərinə uyğun gələn övladları olmasa, milli ləyaqətdən danışmağa dəyməz.

Bizdə belə oğullar çoxdur. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz belə insanların çiyinlərində yüksəlib inkişaf edərək kamala yetib. Bu insanlar xalqın qiymətli potensialıdır və onların qədrini bilmək lazımdır.

İnsanın mənəviyyatca dolğun varlıq kimi təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir, daha sonra, yəni müdriklik dövründə zirvəyə çatır. Yeni açıqözlü insan bizim aramızda formalaşır.

İnsanı insan yetişdirir, deməli kamil insan, bütün müsbət dəyərlərə malik cəmiyyət üzvü tərbiyə etməkdə fasilə ola bilməz, bu, ardıcıl xarakter daşıyan bir fəaliyyət sahəsidir. Həmin məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hamımızdan ötrü savab işdir.

Fikrimcə, bu proses, yəni insanın özünü doğrultması, onun bir güclü amil kimi cəmiyyətin həyatında rolunun hifz edilməsi üçün ilk növbədə o, özü fəal olmalıdır. Çünki, cəmiyyətin həyatı hər birimizlə zənginləşir, inkişaf edir, formalaşır.

Mən Vətən oğullarını həmişə qeyrətli, dəyanətli, mərd və cəsur görmək istərdim. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin daş dövründən bu yana formalaşmış köklü duyğuları yaşayır. Məhz onların sayəsində yüz illər bundan sonra da xalqımız irəliyə doğru iri addımlar atacaq, şöhrətlənəcək, varlanacaq, yaşayacaqdır.

Bəli, bu gün elə bir məkan və zamanda yaşayırıq ki, haraya ayağımız dəyirsə, harada oluruqsa, o yerdə erməni məkri və fitnələri yada düşür. Məkr, fitnə, iftira, böhtan öz yerində, bunların hərəsinin öz dəqiq mənası var. Bir başqa sifət də var ki, ona TƏCAVÜZ deyirlər. Bu, ən çox müharibə ilə bağlıdır, ona yaxın sinonim kimi XƏYANƏT də demək olar. Hər necə olsa, söhbət erməni xislətindən gedir.

Erməni təcavüzünə müharibə demək olmaz, bu, davadan da dəhşətli bir görüntüdür. Müharibəni belə etmirlər, onun da öz qanun-qaydaları, nizamı var. Azərbaycan öz tarixi boyu neçə-neçə təcavüzə məruz qalıb, beləsi isə görünməyib. Hunların, xəzərlərin, ərəblərin, monqollarıın və qeyrilərinin hücumları erməni təcavüzünün yanında nə idi ki?

Qədimdə üstümüzə hücum çəkənlərin əksəriyyəti köçəri idilər, əslində torpaqlarımızı zəbt eləməyə gəlməmişdilər, onlara at belində daşına biləcək xəzinələr, sərvətlər, mal-qara və qoyun sürüləri, qısası, yaşamaq üçün təminat lazımdı. Bu ermənilərin isə qəlbi kin-küdurətlə doludur, qarşılarına insanlıqla bir araya sığmayan məqsədlər qoyublar: xalqımızı bir etnos kimi Yer üzündən silmək, kökümüzü-soyumuzu məhv eləmək.

Bizim işimiz haqq işidir, haqq-ədalət əvvəl-axır öz yerini tutacaq, qanlı cinayətlərin səbəbkarları hökmən tarixin məhkəməsi qarşısında cavab verəcəklər.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi belə deməyə haqq verir.



İnform.az

Baxış sayı: 104