Ədəbiyyat
06.12.2018 / 14:20

Bizi dünyaya özümüz tanıtmalıyıq

Bizi dünyaya özümüz tanıtmalıyıq
Məti Osmanoğlu


Azərbaycanın müstəqil dövlət, azərbaycanlıların müstəqil dövlətin vətəndaşları olmasının üzərimizə qoyduğu mühüm vəzifələrdən biri özümüzə dünyanın gözü ilə baxa bilmək, öz dəyərlərimizi dünyanın dəyərləri içində görə, göstərə və qiymətləndirə bilmək məsuliyyətidir.

Bu məsuliyyəti doğrultmaq üçün bizim özümüz qabağa düşməsək, təşəbbüskar olmasaq, heç kimdən yüksək, yüksək olmasa da obyektiv qiymət ummağa mənəvi haqqımız çatmaz. Biz özümüzü tanıda bilməsək, dünya bizi öz istədiyi kimi tanımağa və tanıtmağa davam edəcək.

Bəs dünya bizi necə tanıyır? Bu sual nə qədər mücərrəd səslənsə belə, ona sadə və konkret cavab tapmaq da mümkündür: məsələn, yoxlaya bilərik ki, dünyanın ən populyar ensiklopediyalarında bizim dəyərlərimiz necə təqdim olunur. Mən, adətən, "Britannika" ensiklopediyasını seçirəm. Dünyada ictimai rəyi formalaşdıran, yönəldən və idarə edən ən nüfuzlu mənbələrdən biri bu ensiklopediyadır. Hazırda mərkəzi ofisi Amerikada yerləşən "Britannika" ensiklopediyasının ilk buraxılışı 1768-ci ildə Şotlandiyanın Edenburq şəhərində nəşr edilib, XX əsrin əvvəllərindən isə ensiklopediya ABŞ-da nəşr olunur. 2010-cu ildən sonra "Britannika"nın çap nəşri dayandırılıb və onun məqalələri ilə yalnız elektron formatda tanış olmaq mümkündür.

İndi, belə demək mümkündürsə, hər kəsin əlinin altında olan "Britannika" ensiklopediyasında Azərbaycan haqqında da kifayət qədər məlumatlara rast gəlmək mümkündür və təbii məsələdir ki, ölkəmizlə bağlı ilkin məlumat almaq istəyən hər hansı əcnəbi, ilk növbədə, bu mənbəyə (və ya bunun kimi mənbələrə) müraciət edir.

Bizim üçün məsələnin maraq doğuran tərəfi isə bu ensiklopediyada Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında yazılanların obyektivliyi, həqiqəti nə dərəcədə əks etdirməsidir. Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvini (eləcə də digər böyük şəxsiyyətlərimizi) "Britannika"nın necə təqdim etməsinə laqeyd, yaxud bundan bixəbər qalmağa mənəvi haqqımız çatmır.

Lüğətdən oxuyuruq: "Nezami, in full Elyas Yusof Nezami Ganjavi, Nezami also spelled Nizami, (born c. 1141, Ganja, Seljuq empire [now Ganca, Azerbaijan] - died 1209, Ganja), greatest romantic epic poet in Persian literature, who brought a colloquial and realistic style to the Persian epic".

"Nezami, tam adı Elyas Yusif Nezami Gəncəvi, Nezami, həmçinin Nizami kimi də yazılır, (1141-ci ildə Gəncədə, Səlcuq imperiyasında [hazırda Gəncə, Azərbaycan] anadan olub - 1209-cu ildə Gəncədə vəfat edib), fars ədəbiyyatında ən böyük romantik epik şairdir, fars epik ədəbiyyatına danışıq dili və realist üslub gətirmişdir".

Bu, sadəcə bir faktdır və söhbətə buradan başlamağımız təsadüfi deyil. Bir həqiqəti mütləq nəzərə almalıyıq ki, bu tendensiya - Azərbaycan mədəniyyətinin digər xalqların mədəniyyəti ilə "qarışıq", yaxud "dəyişik" salınması mövzunu dərindən bilib-bilməməyin, elmli və ya elmsiz olmağın təzahürü deyil. Əslində, "Britannika" ensiklopediyasının materiallarını hər sahə üzrə ixtisaslaşmış və öz işini yaxşı bilən mütəxəssislər hazırlayırlar. "Öz işini yaxşı bilən" müəlliflər isə kimin kim, nəyin nə, haranın hara olduğunu çox yaxşı bilirlər...

İndi real vəziyyət belədir ki, biz nə qədər həssaslıqla yanaşsaq, etiraz eləsək də, dünyanın etibar etdiyi nüfuzlu elmi və ensiklopedik nəşrlərin, demək olar ki, hamısında Nizami Gəncəvi İran və ya fars şairi kimi təqdim edilir. Vaxtilə bizimlə eyni mövqedən çıxış edən sovet məkanında da indi vəziyyət xeyli dəyişib. Bunun arxasında Azərbaycana münasibətlə yanaşı, həm də uzun zamanlar ərzində formalaşmış elmi yanaşma stereotipi dayanır. Məsələn, bütün səviyyələrdə (etnik, siyasi, iqtisadi, mədəni və s.) bizə çox yaxın və doğma olan Türkiyə filologiyasında nəinki Nizamini, eləcə də türk dövlətlərinin - Səlcuqlar və Osmanlı imperiyalarının ərazilərində yaşayıb-yaratmış, həmin dövlətlərin yaratdığı mədəniyyətə mənsub olan farsdilli mütəfəkkirləri "fars şairi", yaxud qeyri-müəyyən ad altında "İslam klassiki" kimi təqdim etmək ənənəsi davam etməkdədir.

Bu məsələləri vurğulamaqda başlıca məqsəd hər hansı elmi və ya publisistik nəşri tənqid etmək, etibardan salmaq deyil. Ona da tam əminəm ki, bu məqalədən sonra populyar ensiklopediyaların, nüfuzlu tədqiqatçıların, filoloji dairələrin, eləcə də bizə doğma olan türk filoloqlarının və tarixçilərinin mövqeyində heç bir dəyişiklik baş verməyəcək. Ancaq bu bizə haqq vermir ki, əlimizi əlimizin üstünə qoyub "taleyin hökmünü" gözləyək, barəmizdə nə qərar verilsə, onu da qəbul edək. Zaman bizdən öz mövqeyimizi qəbul etdirmək üçün inadla və yorulmadan işləməyi, dünya ilə əməkdaşlıq etməyi, dünya ilə yanaşı durmağı bacarmağı tələb edir...

Bu baxımdan, akademik Nərgiz Paşayevanın Böyük Britaniyanın Oksford Universiteti ilə qurduğu əməkdaşlıq, beynəlxalq səviyyədə gördüyü işlər müstəsna əhəmiyyətə malikdir. Oktyabr ayında Nərgiz xanımın Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə təntənəli surətdə qəbul edilməsi də böyük perspektiv vəd edən hadisə kimi qiymətləndirilməlidir. Bu da əlamətdardır ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında Xatirə Lövhəsinə həkk olunub. Belə bir nüfuzlu qurumun təşkili Azərbaycan tarixinin və mədəniyyətinin dünyanın ən qabaqcıl alimləri tərəfindən araşdırılması və aparılan araşdırmaların dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilməsi baxımından misilsiz dəyər daşıyır.

Britaniya Fondu Azərbaycan və ümumilikdə Qafqaz regionu ilə bağlı mövcud təhsil və mədəniyyət layihələrini bir araya gətirmək məqsədilə Böyük Britaniyada yaradılmış ilk qurumdur. Fondun təqdimatında qeyd edilmişdir ki, Azərbaycan 1990-cı ildə müstəqillik əldə edəndən sonra Böyük Britaniya ilə Azərbaycan arasındakı əsas əməkdaşlıq enerji və ticarət sektorunda olmuşdur. Əməkdaşlığın miqyasları, iqtisadi və işgüzar əhəmiyyəti Azərbaycanın rəngarəng və zəngin mədəniyyətinin, qədim tarixinin Böyük Britaniya ictimaiyyətinə tanıdılması zərurətini də gündəliyə gətirmişdir.

Bu zərurətdən irəli gələrək, ilk mərhələdə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi proqramının fəaliyyətə başlaması, Qafqaz və Şərq tarixini dərindən bilən mütəxəssislərin həmin təşəbbüsə qoşulması ölkəmizin mədəni dəyərlərinə maraq oyatmaq baxımından etibarlı və uğurlu təməl oldu. Bu təməl üzərində əvvəlcə Oksford Universitetində daimi fəaliyyət göstərən Nizami Mərkəzi yaradıldı. Mərkəzə Böyük Britaniyanın (və dünyanın) ciddi alimləri cəlb edildi. Həmin siyahıya Oksford Universitetinin şərqşünaslıq fakültəsinin professoru, Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Hersiq; qədim islam tarixi üzrə tanınmış mütəxəssis, Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü, professor Robert Hoyland; Oksford Universiteti Bodleyn Kitabxanasının direktoru Riçard Ovenden; Şərqşünaslıq İnstitutunun rəhbəri, professor Mark Smit; Azərbaycan və Qafqazı Öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü, Lord Malcolm Bryus; Vadham Kollecinin idarə heyətinin sədri, Lord Ken Makdonald; Oksford Universitetinin İnkişaf departamentinin direktoru, professor Entoni Qrin; şərqşünas alim, professor Culiya Bray; Bodleyn Kitabxanasının Şərq bölməsinin rəhbəri, doktor Gilliyan Evison; Humanitar Elmlər departamentinin rəhbəri Karen Obreyn kimi adlar daxildir.

Qəyyumlar Şurasına akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun dəstəyi ilə Oksford Universitetində açılmış Nizami Mərkəzi Azərbaycanın, Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin öyrənilməsi məqsədi daşıyır. Oksford Universitetində təşkil edilmiş xüsusi mərasimdə qeyd edildiyi kimi, Britaniya Fondu Orta Şərq və İslam Kolleksiyaları üzrə kitabxanaçı vəzifəsi və Oksford Universitetinin Türk dilləri bölməsində Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına dəstək verib. Minnətdarlıqla bildirilib ki, Britaniya Fondunun dəstəyi Bodleyn Kitabxanasında tələbə və tədqiqatçılar üçün qiraət otağının açılmasına şərait yaradacaq, kitabxananın fondlarını regionun nadir və əhəmiyyətli materialları ilə artırmağa imkan verəcək.

Burada bir məsələni xüsusi vurğulamağa dəyər: Azərbaycan dilinin Oksford Universitetində tədrisi istiqamətində atılmış addım, dilimizi öyrənmək istəyənlər üçün müəllim vəzifəsinin açılması, sözün geniş mənasında, milli varlığımızın beynəlxalq miqyasda öyrənilməsinin, tədqiq edilməsinin gələcəyi üçün faydalı təməl təşkil edir. Heç şübhəsiz ki, bu, gələcəkdə azərbaycanşünaslıq sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin yetişməsi üçün başlanğıc olacaq və Oksford Universiteti ilə əməkdaşlığa da başlanğıc perspektivindən yanaşanda qarşıdakı üfüqlər daha geniş və dərin görünür.

Oksford Universitetində Nizami Mərkəzinin yaradılımasının milli və dövlət maraqlarımız səviyyəsində necə böyük aktuallıq kəsb etdiyini bir fakt daha əyani sübut edir. Bu universitetin şərqşünaslıq fakültəsində erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi məqsədilə yaradılmış mərkəz 1965-ci ildən bu günə kimi fəaliyyətini davam etdirir. Həmin mərkəzin təsiri ilə Oksford Universiteti kimi dünyanın aparıcı təhsil müəssisəsində Qafqaz Albaniyasının tarixi uzun müddət məhz erməni tarixi kontekstində tədqiq və tədris edilirdi. Nizami Mərkəzinin yaradılması nəticəsində yaranan faydalı əməkdaşlıq sayəsində bu məsələyə münasibət dəyişib...

Təbii ki, yeni əlaqələrin yaranması, əməkdaşlığın üfüqlərinin genişlənməsi Azərbaycan elminin də qarşısında böyük vəzifələr qoyur. Bu vəzifələrin ən mühümü və perspektivlisi Azərbaycan elmini bəzən məhəlli və əyalətçilik səciyyəsi daşıyan stereotiplərdən azad edib, ölkəmizə və tariximizə yeni, obyektiv münasibət formalaşdırmaqdır. Biz öz stereotiplərimizdən əl çəkmədikcə, dünyanın da bizə bəslədiyi münasibətin asanlıqla dəyişəcəyinə ümid bəsləmək əsassızdır.


edebiyyatqazeti.az

Baxış sayı: 44