Ədəbiyyat
06.12.2018 / 11:00

Bəşəri duyğuların təcəssümü- FOTO

Bəşəri duyğuların təcəssümü-
Sönməyən ocaqdır, bitməyən sözdür,
Sirlərlə doludur, uludur kəndim.
Möhtəşəm qaladır, yenilməz gücdür,
Odlar yurdumuzun qoludur kəndim.



Bu şeir bəndi Cəlilabad rayonunun qədim tarixi olan, lakin digərlərindən elə bir fərqli olmayan bir kəndində gözlərini dünyaya açmış Qaçay Qarayarlının – Əhmədov Qaçay Xasay oğlunun yenicə çapdan çıxmış “Yaşayıram Allaha məhəbbətimlə” kitabındandır və bu kiçik nümunəni el-obaya, doğma yurda, əcdadların ruhuna sevginin ehtivası kimi qiymətləndirmək olar.

Qaçaq Qarayarlı yaşının müdriklik çağını yaşayır, onun müxtəlif mövzularda qələmə aldığı şeirlərini oxuduqca görür və hiss edirik ki, müəllif gerçəkliklə nəfəs alır, oxucunu düşündürən, narahat edən məqamlara qorxub-çəkinmədən toxunur, obyektiv münasibətini bildirir, ağa ağ, qaraya qara deyir, qəlbinin döyüntülərini açıq şəkildə cəmiyyətə çatdırır.

Əlbəttə, cəmiyyətin gözü də tərəzidir, şair bu mühüm cəhəti də unutmur, el qarşısında məsuliyyətini qələminin gücü ilə nümayiş etdirir.

Qaçayın şeirləri bir daha sübut edir ki, istər maddi, istərsə də mənəvi dünya insanın həyatına stimul verir, çünki o, yaranmışların alisidir. Və ən əsası odur ki, müəllifin şeirlərində həyat hadisələri dolğun təəcəssümünü tapır, bu zaman milli-bəşəri hadisələr ön plana çəkilir, beləliklə, onun düşündüyünü hamı düşünür, dərk edir, düzgün qavrayır.

Kitabın adından göründüyü kimi, şair, iman sahibidir, Yaradana inam və ibadət yazıların leytmotivi qismində çox təbii görünür.

Bu mənada müəllif əsil Allah adamı mövqeyindən çıxış edir, insan və zaman anlayışı, şairin gerçək həyata münasibəti ümumbəşəri məfrurənin təcəssümünə çevrilir.

Sirli bir dünyanın kəlamlarıyla,
Ömrün süzgəcində yaşadın, qardaş!
Bir varlıq yaratdı Allah canında,
Əyildin önündə o adın, qardaş!


Bütün dövrlərdə poeziyanın baş mövzusu məhəbbətdir. Məhəbbət fenomeninin aspektləri isə müxtəlifdir. Qaçayın şeirlərində xüsusilə anaya məhəbbət duyğuları qanadlandıran ən gözəl vasitədir.

Sinəmdə döyünən, vuran ürəyim,
Keçmişim, bu günüm, izimsən mənim.
Hayqıran haqq səsim, hər an gərəyim,
Gecəm, gündüzümsən, özümsən mənim.


Q.Qarayarlı poeziyanın qayda-qanunlarına yaxşı bələddir, ümumiyyətlə, nəzəriyyəni yetərincə mənimsəyib.

Onun şeirlərində ritm və intonasiya, vəzn ölçüsü, qafiyə kimi vacib cəhətlər diqqətlə nəzərə alınır, hər bir misranın məna çaları öz aydınlığı ilə fərqlənir. Burada lirik “mən” hər bir oxucunun yaddaşına asan süzülür, onun ruhunu təzələyir, diqqətdən yayınmır.

Qaçay Qarayarlının kitabı onun yaradıcılığının poetik davamıdır, desək, səhv etmərik. Və bu poetik duyğular bitib-tükənmək bilmir. Aldığımız məlumata görə şairin ikinci kitabı yaxın günlərdə oxucuların mühakiməsinə veriləcəkdir və həmin duyğulardan növbəti dəfə bəhrələnəcəyik.

Ümidvarıq ki, ilk kitabında özünü təsdiqləyən müəllif yeni poetik bacarığını bir daha ortaya qoyacaq.

Bəşəri duyğuların təcəssümü-




Aydın Hüseynov/yazıçı-publisist

Baxış sayı: 120