Din
05.12.2018 / 17:40

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib- FOTO

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib-
Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi olub.

Tədbirdə YAP Gənclər Birliyinin fəalları iştirak ediblər.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları “Vəhdət qanımızdadır” filmini izləyiblər.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov Azərbaycandakı həmrəylik, tolerantlıq ənənələrindən söz açıb. Bildirib ki,

dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə, İslamın aparıcı din olmasına baxmayaraq, digər dinlərin mənsublarına da bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bütün lazımi tədbirlər görülür.

Filmin əhəmiyyətinə toxunan şöbə müdiri vurğulayıb ki, təmsil etdiyi qurum tərəfindən dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin, vəhdətin qorunması və təşviqi istiqamətində maarifləndirmə işinin aparılmasına və təşkilinə xüsusi diqqət yetirilir. O bu istiqamətdə çoxsaylı tədbirlərlə yanaşı, sənədli filmlərin də çəkilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, “Vəhdət qanımızdadır” sənədli filmi Azərbaycanda İslama aid olan ayrı-ayrı məzhəblər, təriqətlər arasındakı birliyi, əməkdaşlığı təbliğ edir. Filmin məsləhətçiləri DQİDK-nın sədr müavinləri, mütəxəssislərdir. Bu filmin geniş şəkildə yayılması Azərbaycanda dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə qeyd edib ki, “Vəhdət qanımızdadır” filmində uzun əsrlərdir İslam dünyasının üzləşdiyi mürəkkəb problem öz əksini tapıb. Onun sözlərinə görə, filmdə Azərbaycanda vəhdətin tarixi, siyasi, mədəni əsasları göstərilir. Azərbaycan təkcə məzhəblərin vəhdət içində yaşadığı bir ölkə deyil, eyni zamanda, dinlərin vəhdət içində yaşadığı bir ölkədir. Azərbaycanda heç vaxt məzhəblərarası, digər dinlərin nümayəndələri arasında qarşıdurmalar olmayıb. Ölkəmizdə hər zaman multikultural mühit hökm sürüb. Gənclərə dini sahədə geniş maariflənməyi tövsiyə edən S.Orucov söyləyib ki, maariflənmə olduğu şəraitdə dini radikalizmə qarşı mübarizə daha da güclənir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında ölkəmizdə dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, cəmiyyətimizin ən üstün cəhətlərindən biri Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə yaşamaları, xüsusilə sünni və şiələrin bir yerdə vəhdət namazı qılmalarıdır. Vəhdət namazının Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidində icra olunması xüsusi əlamətdir. Çünki Ulu Öndər Azərbaycanda multikulturalizmin siyasi əsaslarının banisi və dövlət-din münasibətlərini və dinlərarası harmoniyanı ən yüksək səviyyəyə çatdıran tarixi şəxsiyyətdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

O qeyd edib ki, dini radikalizmlə mübarizə yollarından biri də maarifləndirmədir və bu istiqamətdə vacib işlər görülür. Bu istiqamətdə maarifləndirici kitablar çap edilir, insanları tolerantlığa çağıran, zorakılığın zərərlərini göstərən filmlər çəkilir. “Vəhdət qanımızdadır” filmi də bunlardan biridir.

Tədbirdə çıxış edən digər natiqlər də DQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, film Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edir. Bir çox ölkələrdə məzhəblərarası gərginlik müxtəlif rəqəmlərlə göstərildiyi halda, Azərbaycanda belə gərginlik yox dərəcəsindədir.

Tədbirdə həmçinin, gəncləri maraqlandıran suallar cavablandırılıb.

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib-


YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib-


YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib-


YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib-




İnform.az

Baxış sayı: 33