Hüquq
04.12.2018 / 17:35

Yol polisləri ana və körpəsinin həyatını xilas etdilər

Yol polisləri ana və körpəsinin həyatını xilas etdilər
Dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnform.az-a verilən məlumata görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər.

Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər.

Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.

Həkimlərin də müdaxiləsi ilə ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib.

Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2 polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.



İnform.az

Baxış sayı: 180