Elm-təhsil
04.12.2018 / 10:37

Azərbaycanlı alim yüksək mükafata layiq görülüb

Azərbaycanlı alim yüksək mükafata layiq görülüb[b]Noyabr ayının 8-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının və Rusiya Elmlər Akademiyası K.A.Timiryazev adına Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman İfxan oğlu Allahverdiyev 2018-ci ildə Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi Scopus Awards mükafatına layiq görülüb.[/b]

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən [b]İnform.az-[/b]a verilən məlumata görə, Hirş indeksi 52 (Web of Science və Scopus görə) və 60 (Google Scholara görə) olan görkəmli alim 400-dən artıq elmi işin, 6 ixtiranın və 8 kitabın müəllifidir, onun işlərinə 12500-dən artıq istinad olunmuşdur. Hazırda o, 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

Alim “International Journal of Hydrogen Energy” (Elsevier), "Photosynthesis Research” (Springer), “Photosynthetica” (Springer), "Helion" (Elsevier), “Functional Plant Biology” (CSIRO) jurnallarının redaktor müavini, “BBA Bioenergetics” (Elsevier) jurnalının bölmə redaktoru və eləcə də ixtisası üzrə çoxlu beynəlxalq jurnalların və qrant layihələrinin rəyçisidir.

S.İ.Allahverdiyev tərəfindən fotosistem 2-nin (FS-2) elektron transport zəncirinin fəaliyyətinin əsasını təşkil edən ilkin mexanizmlər öyrənilmiş, feofitin molekulunun FS-2 reaksiya mərkəzində aralıq akseptoru olduğu tapılmış və təsdiq edilib.

Feofitinin iştirakı ilə fotosintez zamanı elektron daşınmasının enerji və kinetik sxemi təklif olunmuşdur. DNT-mikroçiplər də daxil olmaqla, fiziki-kimyəvi biologiya metodlarının vasitəsilə bitkilərin fotosintetik aparatının ətraf mühitin əlverişsiz şəraitinə uyğunlaşmasının molekulyar mexanizmləri tədqiq edilmiş və bu məlumatlar bütün dünyada fiziki-kimyəvi biologiya dərsliklərinə daxil edilib.

Professorun son işləri nanobiotexnologiya sahəsində tədqiqatlara həsr olunmuşdur. Bu tədqiqatların əsas məqsədi alternativ enerji mənbəyi kimi molekulyar hidrogen almaq üçün, təbii fotosistem 2-nin prinsiplərinə uyğun olaraq, daha effektiv müxtəlif çeşidli katalizatorlar sintez edib, suyu (H2O) günəş enerjisi hesabına parçalamaqla süni fotosintez sisteminin yaradılmasından ibarətdir.

Scopus Awards mükafatı mühüm elmi-texniki nailiyyətləri əks etdirən məlumatların nəşri ilə məşğul olan Elsevier şirkəti tərəfindən 2004-cü ildən təsis edilib.

Scopus elmi nailyyətlərin ən obyektiv göstəricisi hesab olunur: “Elmin inkişafına hər bir alimin töhfəsi onun nəşr etdirdiyi elmi məqalələrin sayı və beynəlxalq kütləvi informasiya vasitələrində istinad indeksi ilə müəyyən olunur.” Namizədlərin seçilməsi üçün Scopus verilənlər bazasında 11 elm sahəsi üzrə analizlər aparılır və hər bir elm sahəsi üzrə 2015-2018-ci illərdə Scopus bazasında indexsləşmiş nəşrlərin sayı, istinadların orta sayı, istinad indeksi nəzərə alınır. Bu mükafat Latın Amerikasında, Asiyada, Avropada və 2011-ci ildən isə Rusiyada ən çox nəşr olunan və istinad olunan müəlliflərə təqdim olunur.

Noyabrın 27-də isə Clarivate Analytics (Thomson Reuters) şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib.

Məlumat üçün bildirək ki, Clarivate Analytics —elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, Web of Science məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir.

Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub.

Şübhəsiz ki, nüfuzlu alimləarin sayına görə ABŞ lider olaraq qalır. Reytinqə düşən ABŞ alimlərinin sayı 2639 nəfərdir. ABŞ-dan sonra Böyük Britaniya (546) və Çin (482) yüksək nəticələr göstəriblər.
Ən yaxşı nəticələr göstərən təşkilat isə Harvard universiteti (ABŞ) olaraq qalır. Qürurverici haldır ki, həmyerlimiz S.Allahverdiyev dünyada ən çox istinad olunan 1% alimlərin sırasındadır.



İnform.az[/b]

Baxış sayı: 372