Hüquq
04.12.2018 / 10:15

Polis ucqar kəndlərdə maarifləndirici tədbirləri davam etdirir

Polis ucqar kəndlərdə maarifləndirici tədbirləri davam etdirir
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə, növbəti görüş rayon mərkəzindən 40 kilometr aralı ucqar Oğrubulaq kənd ümumi orta məktəbində baş tutub. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak ediblər.

Çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Təyyar Rzaquliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən danışıb.

O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edərək özünü fiziki və mənəvi cəhətdən məhv edən şəxs nə ailəsi, nə ətrafdakılar, nə də bütövlükdə cəmiyyət üçün faydalı iş-güc sahibi ola bilməz. Çünki sağlam gələcək məhz təhsilli, sağlam ruhlu, sağlam düşüncəli gənclərdən asılıdır.

Belə maarifləndirici görüşlərin keçirilməsi də yeniyetmə və gəncləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları gözəl və işıqlı gələcəyə istiqamətləndirməkdən ibarətdir.

Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.



İnform.az

Baxış sayı: 213