Şərhlər
30.07.2015 / 16:33

Yeni xəyallar dalınca, yoxsa...

Yeni xəyallar dalınca, yoxsa...

Səmra KƏRİMLİ / İnform.az


Gənclik - xəyallarla alışıb yanan qəlblər, istədiyi hər şeyə çata biləcəyini düşünən beyinlər...
Həyatın ən saf, ən kövrək illəridir gənclik illəri. Hər insanın təkrar-təkrar qayıdıb yaşamaq istədiyi dövrdür. Səhvlərə, yanlışlıqlara baxmayaraq ən şirin çağlarıdır.
Azərbaycanın müasir gəncləri öz savad, bacarıq və düşüncə tərzilə müasir dünyanın tələblərinə çatmağa can atırlar. Texnologiyanın inkişaf etdiyi bir zamanda gənclər bundan mümkün olduqca çox yararlanmağa çalışırlar. Müasir Azərbaycanda öz ixtiraları ilə mükafatlar qazanan gənclər az deyil.
Fikrimizcə, günümüzdə gənclər həm mənfi, həm də müsbət cəhətlərə malikdirlər. Nə yaxşı ki, bu mənfi cəhətlərin bir çoxunu aradan qaldırmaq heç də çətin deyil. Düşünürük ki, ölkəmizdəki gənclərin əksəriyyəti məqsədyönlü, inadkar, həvəslidir. Axı niyə də olmasın?! Təhsil üçün, savad üçün, bilik və bacarıq üçün demək olar ki, hər cür şərait olan bir ölkədə bizə qalan sadəcə çalışmaqdır.
Bir xəyal qurursan. Hər gün, hər gecə, hətta hər dəqiqə ona çatmaq ümidilə yaşayırsan. Sonra bir şans yaranır və budur, ömrün boyu arzuladığın o xəyalın bir addımlığındasan. Geriyə qalan həvəslə, əzmlə çalışıb istədiyini əldə etməkdir. Necə deyərlər: “Bir şeyi çox istəsən, sənin olar”. Lakin bu şansın yaranıb-yaranmayacağını gözləmək üçün səbr lazımdır. Onun yerinə isə şansı özümüz yarada bilərik. Bunun üçünsə həm səbr, həm də ağıllı manevrlər köməyimizə gəlir. Bizə görə hal-hazırkı gənclərin çoxu diplom, yaxşı karyera və keyfiyyətli bilik xəyal etsələr də, azlıq isə bunun üçün səbr və əzm göstərir. Ya bezərək sanki heç nə etməməklə reallaşdırmaları mümkün olacaqmış kimi yeni xəyallar dalınca düşürlər, ya da “qismətdə yoxmuş” deyərək məsuliyyəti üzərlərindən atırlar.
Əlbəttə, hər bir arzu ona sahib olmadığımız üçün əlçatmazdır, müqəddəsdir və biz onun dəyərini bilərək onun gerçəkləşməsi üçün çalışmalıyıq. Yalnız bu zaman əldə etdiyimiz uğurla qürur duyarıq. Sıxılmadan, yorulmadan, təkrar-təkrar cəhd etsək, öz məqsədimizə çatarıq.
Bu, səsləndiyi qədər çətin deyil. Tək ehtiyacımız olan məqsəddir. Yəni nə üçün çalışdığımızı bilmək və fikrimizi yayındırmadan onun üçün çalışamaq yetər ki, istəyimizə nail olaq.
Məsələn, ali məktəbə qəbul olmaq istəyən bir gənc var. Lakin bu gənc universitetdə oxumağı istəsə də, qorxuları onu həyəcanlandırır və nəticədə o, istədiyi nəticəni əldə edə bilmir. Məsələ burasındadır ki, valideynləri, dostları və ətrafındakı tanışlarının inamını boşa çıxarmaq qorxusu onu öz biliyindən, savadından şübhələnməyə vadar edir. Və budur, hər şey düşündüyü kimi olur: ya qəbul olmur, ya da istədiyi nəticəni əldə edə bilmir.
Fikrimizcə, bu vəziyyətə düşməmək üçün gənc öz düşüncəsinə və ağlına güvənməyi bacarmalıdır: “Mən ali məktəbə qəbul olmalıyam. Ona görə yox ki, ətrafımdakılar belə istəyir, ona görə ki, mən buna qadirəm və bunu bacaracağam. Öz həyatımı ən yaxşı şəkildə qurub, tam müstəqil şəkildə ayaqlarımın üstündə durmaq üçün mənə savad lazımdı və mən bu savadı qazanmaqçün ali məktəbə daxil olmalıyam”.
Yəni hər bir gənc özünü bu ölkənin bir vətəndaşı olduğunu dərk etməlidir ki, müstəqil düşüncə tərzinə sahib olsun və həm millət üçün, həm də özü üçün gərəkli işlər görə bilsin.
Yaxın gələcəkdə bu mənfi cəhətlərini yox edən gənclərin sayının daha da artacağına inanırıq. Yetər ki, hər kəs öz zəif cəhətlərini görməyi və onunla mübarizə aparmağı bacarsın.

Baxış sayı: 473