Elm-təhsil
28.11.2018 / 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına Vikipediya təlimləri keçirilib- MEK-da

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına Vikipediya təlimləri keçirilib-
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Təlim Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları üçün təlim keçirilib.

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, təlimdə nazirliyin Meşə inkişafı, Təbiət ərazilərinin inkişafı, Milli Hidrometeorologiya Departamentlərinin, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geologiya və marketinq şöbəsinin əməkdaşları iştirak ediblər.

Vikipediyada məqalələrin yerləşdirilməsinə dair bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyan təlim MEK-in Sərbəst elektron resurslar şöbəsinin Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova tərəfindən keçirilib.

Son 3 ildə Mərkəzi Elmi Kitabxanada ardıcıl surətdə vikipediya təlimlərinin təşkil edildiyini bildirən G.Məmmədova qeyd edib ki, təlimlərin başladığı vaxtdan bugünə qədər 40-dan çox qrup qəbul edilərək, Vikipediya üzrə ödənişsiz maariflənmə imkanına yiyələnib. Hazırda həyata keçirilən digər təlimdə ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iştirak edirlər.

Şöbənin mütəxəssisi Nuray Tanrıverdiyeva MEK təlimlərində iştirak edən Vikipediya Metodik Mərkəzi könülülərinin Milli Qəhrəmanlar, dövlətçilik tariximiz, əlamətdar günlərlə bağlı xaricidilli (ingilis, italyan, ərəb, fars, ispan və s.) vikipediyalarda məqalələr hazırladığını və onların Vikipediya tədbirlərində fəal iştirak etdiyini bildirib.

Məlumat üçün bildirək ki, ETSN-in müraciəti əsasında azərbaycanca Vikipediyada MEK-in Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Səbinə Abizadə tərəfindən isə “Azərbaycanda ekologiya” məqaləsi yaradılıb. Bu istiqamətdə faydalı əməkdaşlığı və əldə edilən nəticələri Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Mərkəzi Elmi Kitabxanaya ünvanladığı təşəkkür məktubunda bildirib.

Təlim keçən əməkdaşlar Vikipediyaya maraq göstərənlərin günü-gündən artdığını, AMEA-nın institutları ilə yanaşı, digər təşkilatların da təlim üçün müraciət etdiklərini vurğulayıb, təlimlərin Azərbaycanca vikipediyada keyfiyyətli məqalələrin sayının artmasına səbəb olmasını bildiriblər.

Qeyd edək ki, MEK Vikipediya Təlim Mərkəzində son üç ildə AMEA Respublika Seysmoloji Mərkəzinin, İqtisadiyyat, Ədəbiyyat, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Əlyazmalar, Ədəbiyyat, Kataliz və Qeyri-üzvi Kimya, Fizika institutlarının və Hüseyn Cavidin Ev Muzeyinin və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin tələbələrinə, Kaspi liseyinin şagirdlərinə, SOCAR və digər təşkilatlardan əməkdaşlara viki-təlimlər keçirilib.



İnform.az

Baxış sayı: 179