Diaspora Akademiyası
19.11.2018 / 02:40

Azərbaycan Mədəniyyət Günü keçirilib- Vaşinqtonda(Foto)

Azərbaycan Mədəniyyət Günü keçirilib-
ABŞ-ın ən nüfuzlu təhsil ocaqlarından sayılan Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət Günü keçirilib.

İnform.az-ın xəbərinə görə, bu barədə Trend-ə ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumata görə, universitetin tələbə və müəllim heyəti, yerli ictimaiyyət və Azərbaycan icması nümayəndələrinin iştirak etdiyi tədbir həmin universitetdə oxuyan Azərbaycanlı tələbələrin assosiasiyası tərəfindən ölkəmizin ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdindəki Mədəniyyət Mərkəzinin dəstəyilə təşkil edilib. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib.

Tədbirin rəsmi hissəsində fəxri qonaqlar qismində Corc Vaşinqton Universitetinin akademik məsləələr üzrə müavini Tereza Mörfi və Beynəlxalq xidmət ofisinin direktoru Cenifer Donağ çıxış edərək Azərbaycan heyətini salamlayıb, ölkəmizin zəngin mədəniyyətinin dünyada tanındığını, bu tədbirin keçirilməsinin universitetin tələbələrinin dünyagörüşünü genişləndirdiyini, Azərbaycanla daha sıx əməkdaşlıq etmək istədiklərini qeyd edib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov Corc Vaşiqnton Universitetinin rəhbərliyinə və Azərbaycanlı tələbələr assosiasiyasına təşəkkür edib. O, Azərbaycanın strateji coğrafiyada yerləşməsilə yanaşı həmdə müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu, Azərbaycan cəmiyyətinin mədəniyyətləri daha da zənginləşdirərək tolerantlıq və multikulturalizm prinsip və ənələləri əsasında inkişaf etdirdiyini qeyd edib.

Səfir Azərbaycan mədəniyyətini təmsil edən nümunələrin dünyada geniş tanınması barədə danışaraq milli mətbəx, arxitektura və folklor sırasından misallar göstərib.

Mədəniyyətimizin əsas sütünlarından olan musiqimiz barədə bəhs edərək hazırda ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin milli müsiqimizin əsas qaynağı olduğunu, həmin bölgə və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğala məruz qaldığından sonra isə oranın musiqi ruhunun da öldüyünü qeyd edib və bu faktı bir daha Dağlıq Qarabağın Azərbaycanın yalnız tərkib hissəsi olmadığını, eyni zamanda ona ruhən bağlılığının təsdiqi olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayaraq Azərbaycan tələbələrinin dünyanın tanınmış universitetlərinin birində belə mədəniyyət gününün keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib, ölkəmizin zəngin mədəniyyətinin bu sahədə digər ölkələrlə əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını, dövlətimizin hər zaman xaricdə yaşayan soydaşlarımızın yanında olduğunu bildirib.

Bundan sonra Universitetin Azərbaycanlı tələbələri Çilənay Səfərli və Yaşar Əliyev Azərbaycanın mədəniyyətinə dair geniş prezentasiya ilə çıxış edərək müxtəlif sahələrə dair təfərrüatlı məlumatlar verib.

Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdindəki Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri milli rəqslərimizdən nümunələr göstərmiş və Azərbaycan və inglisicə şerlər səsləndirmişlər. Bundan sonra tədbirdə iştirak edən qonaqla milli yemək və şirniyyat nümunələrindən ibarət ziyafət verilib.

Tədbirin rəsmi hissəsindən sonra müzeydə Azərbaycan mədəniyyətini əks etdirən eksponatlara baxış keçirilib və iştirakçılar çoxsaylı şəkillər çəkdiriblər. Qeyd edək ki. Tekstil muzeyində hazırda tanınmış Azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət sərgi nümayiş etdirilməkdədir. Corc Vaşinqton Universitetində keçirilmiş Azərbaycan Mədəniyyət Günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Eyni gündə, ABŞ-ın paytaxtında Vaşinqton və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə görüş keçirilmişdir. Bu görüş ölkəmizin ABŞ-dakı Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdir.

Səfir Elin Süleymanov soydaşlarımızı salamlayaraq dövlətimizin yaşadığı məkandan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarını müdafiə etməli olduğunu və bu istiqamətdə çalışdığını qeyd etmişdir. O, hər yerdə olduğu kimi ABŞ-da da icmamızın inkişafına inamla baxdığını söyləmişdir.

Daha sonra görüş çərçivəsində Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən ölkəmizin diaspor quruculuğu sahəsində siyasəti barədə geniş məlumat vermişdir. Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiyası və mədəni irsinin qorunması, soydaşlarımızın ümummilli məsələlərdə daha sıx birliyinin irəli aparılması vacib məsələlər kimi qeyd edilmişdir. F.Muradov vurğulamışdır ki, dövlətimiz icma quruculuğu məsələlərinə müraciətlər olduğu təqdirdə, dəstək göstərməyə hazırdır.

Bundan sonra iştirakçılar arasında fikir mümadiləsi aparılmış və icma inkişafı layihələri müzakirə edilmişdir.

Qeyd edək ki, 20 ildən artıq bir müddətdə Vaşinqtonda fəaliyyət göstərən Mədəniyyət Mərkəzi çərçivəsində Azərbaycan Məktəbi fəaliyyət göstərir və bir sıra digər icma quruculuğu layihələri həyata keçirilir.



İnform.az

Baxış sayı: 51