İqtisadiyyat
16.11.2018 / 17:30

Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib

Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilibAzərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində öz biznesini qurmaq istəyən xanımlara təlim keçirilib.

AS-nın Kadrlar və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov tərəfindən keçirilən təlimdə xanımlar biznes planın hazırlanması, bazarın təhlilinin aparılması, məhsulun və xidmətin maya dəyərinin hesablanması, reklam və marketinq strategiyasının qurulması ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələniblər.

14-15 noyabr tarixlərində keçirilən təlimlərdə Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun bir sıra kəndlərinin sakinləri iştirak ediblər.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Qeyd edək ki, layihə çərçivəsində eyni təlimlər ötən ay Bakı və Sumqayıt şəhərlərində, Quba, Xaçmaz,Salyan və Neftçala rayonlarında keçirilib. Eyni mövzuda təlim 16 və 17 noyabr tarixlərində isə Mingəçevir şəhərində keçirilir.

Yekunda təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi ayrılacaqdır.

Əfraflı məlumatı ASK-nın facebook səhifəsindən əldə etmək olar-https://www.facebook.com/sahibkarlar/


İnform.az


Baxış sayı: 69