Din
16.11.2018 / 16:20

Tolerantlıq diyarı AZƏRBAYCAN

Tolerantlıq diyarı
Emin Həmidli/Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı


Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olub.

Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə dözümlülük baxımından dünyanın bir çox ölkələrindən fərqlənir.

Əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin dini və etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlayaraq mədəniyyətlərini inkişaf etdirmişlər.

Dünyada sabitliyi qoruyub saxlamaq üçün ilk növbədə insanlar arasında mehribanlıq və qarşılıqlı anlaşma təmin olunmalıdır.

Mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dinlərə etiqad edən insanların adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür.

Azərbaycan bu baxımdan digər ölkələr üçün nümunədir. Ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində əsasının qoyulması, tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider deyirdi: “Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməlidir.”

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünyanın nüfuzlu din xadimləri dəfələrlə ölkəmizə səfər ediblər. Roma Papası, Rus Pravoslav Kilsəsinin rəhbəri, Konstantinopol patriarxıAzərbaycanı, burada insanlara münasibəti gördükdən sonra bir həqiqəti söyləyiblər: “Azərbaycan təkcə neft ixrac etmir, o, Qərbin özünə tolerantlıq ənənələri ixrac edəcək bir ölkədir. Azərbaycanda kimsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalmamışdır.”

Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik mənəvi-siyasi xətti uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycandakı tolerant və multikultural mühit qorunub saxlanılır.

Ölkəmizə gələn qonaqlar dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelini təqdir edən bəyanatlarla çıxış edirlər. Məsələn, İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfərinin yekunları “İsrailin səsi” dövlət radiosunda şərh olunmuşdur.

20 minlik yəhudi icmasına münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirən Mer bildirib: “Mən hər dəfə yorulmadan deyirəm: istər müsəlman, istərsə də xristian olsun mənə ikinci ölkə göstərin ki, orada prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda yəhudilər üçün ən böyük təhsil mərkəzi tikilib. Prezident İlham Əliyev dünyada yəhudilər üçün sinaqoq tikən yeganə dövlət başçısıdır”. Mer Bakı sinaqoqunda Dağ yəhudiləri icması qarşısında çıxışında deyib: “Azərbaycanda yaşayan yəhudilərAzərbaycan kimi ikinci belə ölkə, İlham Əliyev kimi prezident tapa bilməzlər.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xalqımızın həyat tərzini təşkil edən tolerantlıq və multikulturalizm dövlət siyasəti səviyyəsində həyata keçirilir. Cənab Prezident deyir: “Tolerantlıq artıq ölkəmizin vizit kartına çevrilib.

Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu bizim güc mənbəyimizdir.”

Bu gün dünyada başlıca demokratik dəyərlərdən biri kimi təbliğ edilən tolerantlıq xalqımızın əsrlər boyu formalaşan xarakterik xüsusiyyətidir. Daha dəqiq desək tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Biz tarixən xalqımızın birgəyaşayış formasına çevrilən və mənəvi sərvətimiz olan tolerant dəyərlərimizi qorumalı, inkişaf etdirməli və paylaşmalıyıq.



İnform.az

Baxış sayı: 123