Elm-təhsil
15.11.2018 / 18:25

Batabat Astrofizika Rəsədxanası əməkdaşının beynəlxalq impaktfaktorlu jurnallarla əlaqəsi genişlənir

Batabat Astrofizika Rəsədxanası əməkdaşının beynəlxalq impaktfaktorlu jurnallarla əlaqəsi genişlənirAMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin Sankt-Peterburq Universitetinin xəbərləri jurnalının “Riyaziyyat, mexanika, astronomiya” seriyasının ikinci sayında məqaləsi çap olunub.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, “Günəş sistemi ilə ulduz yaxınlaşması zamanı Yupiter orbitinin evolyusiyası haqqında” başlıqlı məqalədə Günəş sistemi ilə yaxınlaşan sınaq ulduzun Yupiter orbitinə təsiri araşdırılıb. Qeyd edək ki, əməkdaşımızın göy mexanikası sahəsindəki tədqiqatları beynəlxalq nüfuzlu jurnalın əvvəlki nəşrlərində də işıq üzü görüb.

Bundan əlavə, Londonda, Oksvord Universitetində nəşr olunan Kral Astronomiya Cəmiyyətinin aylıq Xəbərləri (Monthly Notices of the Royal Astronomical Society) jurnalının ötən sayların birində çap edilmiş “Ulduz yaxınlaşması zamanı planet hərəkətinin dayanaqlığı haqqında” adlı elmi-tədqiqat işinə çinli tədqiqatçılar Çao Liu və Şenqpinq Qonq “Elliptik məhdud dörd cisim məsələsində peykin Hill dayanıqlığı” adlı məqalələrində istinad etmiş və alınan nəticələr haqqında Astrofizika və Kosmos Elmləri (Astrophysics and Space Science) nüfuzlu beynəlxalq jurnalının növbəti sayında məlumat vermişlər.

Müəllifin MNRAS jurnalında dərc edilən və yuxarıda adı çəkilən irihəcmli tədqiqat işində sınaq ulduzun Günəş sisteminə yaxınlaşması halında planetlərin hərəkətlərinin Hill və Lyapunov mənada dayanıqlığı problemləri ətraflı araşdırılıb, dəyərli elmi nəzəri və praktiki nəticələr əldə olunub.

Qeyd edək ki, sözügedən elmi məqalə orijinal astronomik tədqiqatların nəticələrinin dərc olunduğu və dünyanın bu sahədə nüfuzlu impaktfaktorlu nəşri sayılan Amerika Astronomiya və Astrofizika Jurnalının (American Journal of Astronomy and Astrophysics) redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilib və bununla bağlı redaksiya idarəsinin katibi Cessi Rayt tərəfindən müəllifə məktub göndərilib.

Məktubda tədqiqat işinin nəticələrinin aktuallığı, yeniliyi və mümkün tətbiq sahələrin genişliyi nəzərə alınaraq Azad Məmmədliyə bu istiqamətdə tədqiqat işinin davam edilməsi tövsiyə olunub və ona jurnalının redaksiya heyətinə üzv və nəşrin rəyçisi olmaq təklif edilib.



İnform.az

Baxış sayı: 50