Baş xəbər, Elm-təhsil
15.11.2018 / 15:17

NDU-də elmi-praktik kofrans keçirilib- FOTO

NDU-də elmi-praktik kofrans keçirilib-
Naxçıvan Dövlət Universiteti Tibb Fakultəsinin “Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkiləri” mövzusunda elmi-praktik konfransı keçirilib.

Bu barədə İnform.az-a Naxçıvan Dövlət Universiteti Televiziya , mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Badəm Məmmədova məlumat verib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının özünəməxsus torpaq-iqlim xüsusiyyətlərinin, günəşli günlərin çoxluğunun burada zəngin floraya malik bitki örtüyü formalaşdırdığınıbildirib. Rektor gələcəyin əczaçılarına muxtar respublikanın zəngin bitki örtüyünü dərindən öyrənmələrini tövsiyyə edib.

Təməl tibb fənləri kafedrasının müəllimi Mürsəl Seyidov “Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkilərinin yayılma vəziyyəti və bioloji xüsusiyyətləri”ndən bəhs edib.

Qeyd olunub ki, muxtar respublikada 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin yayılıb. Bu, Azərbaycan florası növlərinin 65,8%-ni təşkil edir.

Vurğulanıb ki, hazırda ərazi florasında 750-800-ə qədər elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri vardır. Onlardan 150-i müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil edilmiş rəsmi dərman bitkiləridir.

Əczaçılıq ixtisası üzrə III kurs tələbələri Zülfiyyə Seyidzadə “Heyva”, Məhərrəm Hüseynzadə “Zirinc”, Əczaçılıq ixtisası üzrə II kurs tələbələri Aysun Nəbiyeva “Balqabaq”, Tünzalə Quliyeva “Palıd”, Minayə Əliyeva “Qoz”, Nicat Qasımov “Yemişan”, Fəridə Məmmədova “İtburnu” haqqında məlumat veriblər. Çıxışların sonunda “Ögey ana” filmindən itburnu ilə bağlı epizod təqdim olunub.

Əczaçılıq və stomatologiya kafedrasının müəllimi Elşad İsmayılov “Naxçıvan Muxtar Respublikası əczaçılıq sənayesində istifadə xüsusiyyətləri” barəsində danışaraq müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil etdiyini nəzərə çatdırıb.

Bildirilib ki, respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur və hər il min tonlarla dərman bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini isə yabanı dərman bitkiləri təşkil edir.

Sonda haqqında bəhs edilən bitkilərdən hazırlanmış müxtəlif yeməklər, şirniyyatlar təqdim olunub.

NDU-də elmi-praktik kofrans keçirilib-



İnform.az

Baxış sayı: 41