Diaspora Akademiyası, Elm-təhsil
15.11.2018 / 14:19

Nuridə Atəş arxeologiya üzrə ilk azərbaycanlı elmlər doktoru oldu- Avropada

Nuridə Atəş  arxeologiya üzrə  ilk azərbaycanlı elmlər doktoru oldu-Həmyerlimiz Nuridə Atəşi (Qədirova) Fransanın Lion 2 Universitetində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

İnform.az milli.az-a istinadən xəbər verir ki, alimin "Mərkəzi və Cənubi Qafqazın son tunc-erkən dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: e.ə. 1300-700-cü yüzilliklər" mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarətdir. Müxtəlif ölkələrin universitet və elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq jüri tədqiqat işinə yüksək qiymət verib.

Alimlər bu tədqiqatın beynəlxalq elm aləmində geniş müzakirələrə səbəb olacağını bildiriblər.

Dissertasiya işinin elmi rəhbəri Lion 2 Universitetinin professoru xanım Mişel Kazanova, jürinin digər üzvləri Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutunun professoru Erik Tiro, rəyçilər İranın Tehrandakı Tarbiət Modarne Universitetindən Hejebri Nibari, Fransa Milli Təbiət Tarixi Muzeyi və Milli Elmi-Tədqiqat Mərkəzindən doktor Marjan Maşkur, İtaliyanın KaFoskari Venesiya Universitetinin professoru Elena Rova, Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutundan dosent Suzan Dibo daxil olublar. Azərbaycandan isə elmi işin müdafiəsində AMEA-nın Naxçıvan bölməsinin professoru Vəli Baxşəliyev iştirak edərək iddiaçının tədqiqatını qiymətləndirib.

Qeyd edək ki, Nuridə Atəşi ilk dəfə olaraq Xocalı-Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət edib. O, indiyə qədər bu mədəniyyətə verilən digər adlardan - "Gəncə-Qarabağ mədəniyyəti", "Mərkəzi Cənubi Qafqaz mədəniyyəti", "Samtavro mədəniyyəti", "Lçaşen-Metsamor mədəniyyəti", "Lçaşen-Tsitelqori mədəniyyəti" kimi adlardan imtina ediib və bundan sonra elmi ədəbiyyatda əslində ona xas "Xocalı-Gədəbəy mədəniyyəti" adının işlədilməsinin daha doğru olduğunu bildirib. Azərbaycanlı alim ilk dəfə olaraq 6 ölkənin (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) muzey və arxivlərində 5 dildə (alman, ingilis, fransız, rus və Azərbaycan) tədqiqatlar aparıb, indiyə qədər lazımi qədər elmi diqqət yetirilməyən çoxlu sayda yeni kolleksiyalar, arxiv materialları aşkar edərək Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini verə bilib. O, Xocalı- Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırıb və abidələrini tədqiq edib. Tədqiqatçı, eyni zamanda muzey materiallarını tipoloji təhlil edib, kataloqunu hazırlayıb və Azərbaycan arxeologiyasına, onun inkişafına beynəlxalq səviyyədə elmi diqqət yetirilməsinə nail olub.


İnform.az

Baxış sayı: 408