Baş xəbər, Hərbi
15.11.2018 / 11:00

DSX rəisi MDB ölkələrinin iclasında iştirak edib

DSX rəisi MDB ölkələrinin iclasında iştirak edib
Cari ilin noyabr ayının 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nüma­yəndə heyəti Qırğızıstan Respublikasının Bişkek şəhərində Müstəqil Döv­lətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 80-ci iclasında müşahidəçi qismində iştirak edib.

İnform.az DSX-i Mətbuat Mərkəzinin məlumatına istinadən bildirir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Ta­ci­kistan, Ermənistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əla­qələndirici Xid­məti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xid­məti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şu­ra­sının nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barə­də fikir mübadiləsi aparılıb, sərhədlərdə baş verən böhran hallarının tən­zimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Mühari­bə­sində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin Təd­birlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparıl­ması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xid­­mətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, qarşılıqlı əlaqələrin pers­pek­tivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıl­mışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­məti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sər­həd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilmiş, ikitərəfli əmək­daşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunmuş, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanıb.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


İnform.az

Baxış sayı: 145