Hüquq
13.11.2018 / 12:00

Polis maarifləndirmə tədbirlərini davam etdirir

Polis  maarifləndirmə tədbirlərini davam etdirir Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədibləri davam etdirilir.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, növbəti belə tədbir Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Abşeron rayonundakı tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə keçirilib.

Toplantıda Rayon Polis İdarəsinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov görüşün məqsədini açıqlayıb və mövzuları elan edib.

“Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edən Ə.Əkbərov törədilən hüquqpozmaların fəsadları barədə danışıb.

Abşeron Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Elçin Rəcəbov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliliklərin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi” və “təhsildən qərəzli şəkildə yayınmaların qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Hafiz Mikayılov, VVAQ şöbəsinin müdiri Qəhrəman Rəcəbli, narkoloq-həkim Aybəniz Baxışova və başqaları “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nigahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək ətraflı məlumat veriblər.

Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifələrin və məsuliyyətin düşdüyü vurğulanıb.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, qeyd olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib.


İnform.az

Baxış sayı: 135