Elm-təhsil
12.11.2018 / 17:20

Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb- FOTO

Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb- QHT Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə, dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb.

Bilik Fondunun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” Klubunda “Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

E.Behbud görüşdə Xalq Cümhuriyyətinin qurulması və 70 ildən sonra müstəqilliyin bərpası zamanı mətbuatın maarifləndirici missiya daşıyaraq proseslərin müsbət sonluqla nəticələnməsinə böyük töhfələr verdiyindən söz açıb.

QHT Şurasının bölmə rəhbəri bildirib ki, XIX əsrin son onilliklərində təşəkkül tapan maarifçilik hərəkatı məhz mütəfəkkir düşüncəli yazarların qəzetlərdə cahilliyə, əsarətə qarşı yazıları ilə geniş insan kütlələrinə təsir edə bildi.

Bu davamlı maarifçilik hərakatı, qələm mübarizəsi nəhayət 1918-ci ildə müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycanda qurulmasına gətirib çıxardı. Bu, jurnalistikanın ən böyük xidmətidir.

Mətbuat həmçinin dövlətçiliyin inkişafı naminə bütün sahələrdə başlanan islahatların təbliğatçısına çevrildi. SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində xalqın genetik yaddaşı mühüm rol oynadı. Tarixi gerçəkliklərin unudulmadan bu günümüzə gəlib çatmasında, insanlarda müstəqil dövlətə sahiblənmək arzusunun yaranmasında jurnalistlərin əməyi danılmazdır.

E.Behbud müasir mətbuatın üzərində senzuranın olmadığını, KİV-in tam müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman barəsində də danışıb. Bu fərmanla bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamın qüvvədən düşdüyünü deyib.

Natiq onu da vurğulayıb ki, müstəqil mətbuatın inkişafı ilə bağlı Prezident İlham Əliyev fərmanlar, sərəncamlar imzalayır, qərarlar verir, KİV təmsilçilərinə dəyərli tövsiyələr ünvanlayır. Jurnalistlər üçün tikilən ikinci binanın təqdimat mərasimində Prezidentin səsləndiridyi “Jurnalistlər mənim köməkçilərimdir” fikri dövlət başçısının KİV-ə yönələn diqqət və qayğısının bariz nümunəsidir.
QHT Şurasının fəaliyyətindən söz açan E.Behbud təmsil etdiyi qurumun ölkədə ilk milli donor olduğuna diqqət çəkərək, onun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Şuranın donorluq missiyası ilə yanaşı, bütövlükdə dövlətin QHT sektorunda siyasətini həyata keçirən qurum olduğunu deyib.

E.Behbud bildirib ki, QHT Şurasının yaradılmasında məqsəd cəmiyyətimizdə yeni ictimai münasibətlər modelinin formalaşdırılması, QHT-lərin müasir dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini qurmasına çalışmaqdır.

Həmçinin, vətəndaş təşəbbüslərinin artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatları fəaliyyətinin təşviq edilməsi, onların ictimai əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi də bu məqsədin tərkib hissəsidir.

Şuranın 10 illik fəaliyyətinin həm daxildə, həm də xaricdə dolğun tanıdılmasına görə jurnalistlərə minnətdar olduqlarını deyən natiq gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb. Tədbirdə Klub üzvləri fikirlərini bildirib, qonağa suallar ünvanlayıblar. Görüş dialoq şəklində davam etdirilib.

Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb-


Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb-


Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb-



İnform.az

Baxış sayı: 40