Sosial
12.11.2018 / 15:21

Nazirliyin məsul şəxsləri dörd narazı vərəsəni qəbul ediblər

Ötən dövrdə sığorta ödənişi almadıqlarını iddia edən daha dörd vərəsə qəbul olunaraq bu ödənişi aldıqlarına dair sənədlər təqdim edilib.

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən vərəsələrdən daha 4 nəfəri - Əliyeva Zərifə Əli qızı, Veysəlov Elçin Aydın oğlu, Binnətova Əkrabə Vəli qızı, Cəfərova Almaz Əli qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar.

Həmin vərəsələrə şəhid hərbi qulluqçulara görə əvvəllər onlara sığorta ödənişinin həyata keçirildiyinə dair aidiyyəti qurumların arxivlərindən çıxarılmış təsdiqedici sənədlər təqdim edilib.

Təqdim edilən sənədlər sırasına vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına yazılmış imzalı ərizələr, bu ərizələr əsasında notariat kontorlarından sığorta ödənişi alınması üçün verilən vərəsəlik şəhadətnamələri və s. daxildir.

Qəbul zamanı şikayətçilərə müvafiq izahatlar verilib. Şəhid hərbi qulluqçulara görə əvvəllər sığorta ödənişi ilə təmin olunmuş vərəsələrin yenidən birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı diqqətə çatdırılıb.

Baxış sayı: 48