Şərhlər
12.11.2018 / 14:35

Tərbiyəsiz tərbiyəçilər - Ağlar günə qalmış ana dili

Tərbiyəsiz tərbiyəçilər -
Züleyxa Nadir


Üçüncü kursda oxuyurdum. Bir dəfə ədəbiyyatşünas qohumum söhbət əsnasında dedi ki, ya tam azərbaycanca danış, ya da rusca, dilləri bir-birinə qarışdırma. Bir də çalış ki, ədəbi dildə danışmaq vərdişi qazanasan.

Onda ötən əsrin 70-ci illəri idi. Ölkədə rus dili hökmranlıq edirdi, ikinci ana dili kimi beynimizə hopdurulurdu. Hər yerdə rus dilində danışılırdı. Ona görə də danışıqda rus sözləri çox işlənirdi. İnsanlar yarı rus, yarı azərbaycanca danışırdılar. Amma bu qarışıq danışıq tərzi mətbuata qətiyyən yol tapa bilmirdi. Heç bir mətbuat orqanında Azərbaycan dilinə qarışmış rus sözü, yaxud dialekt və şivələr yer almırdı. Radio-televiziyada da Azərbaycan dili tərtəmiz əks olunurdu.

İndi isə mənzərə tam başqadı. Şifahi nitq qalsın bir yana yazılı mətbuatda, həmçinin də elektron KİV-də Azərbaycan dilinin "anası ağlar günə" qalıb. Kim necə istəyir, hansı formanı seçir o cür yazır, o cür də danışır.

Ədəbi dilin normaları, Azərbaycan dilinin qrammatik qaydaları it-bata düşüb. Demək olar ki, bu məsələdə bir xaos yaranıb, ləhçə, şivə və dialektlər ədəbi dili üstələyib. Hələ onu demirəm ki, rus, ingilis sözləri, qardaş osmanlı ləhçəsi gözəlim Azərbaycan dilinə qarışıb efirlərdə səslənir.

Bu, çox pis haldır, hətta deyərdim ki, qorxulu tendensiyadı. Ədəbiyyat və mətbuat millətin ədəbi tərbiyəçisi və xalqın yolunu maarifçilik işığı ilə aydınladan vasitədir.

Amma tərbiyəçi özü "tərbiyəsizlik" edəndə vəziyyət təhlükəli olur. Bu gün Azərbaycanda həmin "tərbiyəsizlərin" meydan suladığı bir zamandı. Ədəbiyyat yaradanların çoxu yazdıqlarında ədəbi dilin normalarına əməl etmirlər. Dialekt və şivə obrazın dilində verilə bilər, bu, qəbulolunandı. Amma yazıçının dilindən söylənən dialektlər əsərdə yer almamaılıdır. Eləcə də mətbuatdakı dialekt və şivələr ədəbi dilə kölgə salır.

Hər millətin dili onun üçün sərvətdi, yüksək dəyərdi. Millət özünün dili ilə yaşayır, tarixdə qalır. Amma onun təmizliyinə, saflığına kölgə salan dialekt və şivə, eləcə də xarici sözlər var. Ki... bu da çox ağrılıdr.

Həmin neqativ hallar aradan qaldırılsın deyə dövlət ana dili haqqında qanun qəbul edib. Amma bu qanunun müddəaları qəzet, jurnal və saytlar, reklam agentlikləri, xüsusən də televiziya və radio aparıcıları tərəfindən durmadan pozulur. Çünki istər yazılı, istərsə də elektron KİV-də işləyənlərin çoxu savadsız, peşəkarlıqdan uzaq, ana dilini mükəmməl bilməyən, dialekt və şivə ilə yazanlar, danışanlardı.

Belələri peşəkar jurnalistikadan xəbəri olmayan, onun hüquq və vəzifələrini bilməyən, jurnalist etikasından kənar olanlardı. Televiziyada, məsələn Tovuz ləhcəsində mahnı oxuyan müğənni, yaxud da Naxçıvan, Lənkəran, lap elə bakılı şivəsində aparıcılıq edən, dialekt sözlərdən istifadə edən şərhçilər, ekspertlər sübut edir ki, onlar sadəcə həvəskarlardı, ana dilinin saflığının nə qədər vacib olduğuna əhəmiyyət verməyənlərdi. Əslində onları qınamaqdan çox, bu adamları ekranlara çıxarıb meydan verənləri, qəzet və saytlara dəvət edib ən yüksək maaşla təmin edənləri tənqid edərək savadlanmağa, doğru seçim etməyə dəvət etmək daha doğrudu.

Teleseriallarda da eyni hal davam edir. Aktyorlar ədəbi dilin "anasını ağladırlar", hər kəs doğulduğu kəndin ləhçəsi ilə danışır, guya obraz yaradır. Azərbaycan dili müəllimi obrazını oynayan aktryor talış, yaxud da lahıc ləhçəsi ilə danışır.

Demirəm bu dillər pisdi, yox əlbəttə, hərəsinin öz gözəlliyi var. Amma hər hansı bir azərbaycanlı aktyorun, yaxud da aparıcının başqa dilin şivəsi ilə efirdən, ekrandan danışması hər iki dilə hörmətsizlikdi. Qardaş Türkiyədə bəzi serialların reytinqi məzmunundan asılı olaraq ləhçə ilə ölçülür, xüsusilə də Qara dənizli ləhçəsi üstünlük təşkil edir və bu, həmin serialın baxımlı olmasını şərtləndirən amil kimi nəzərə alınır.

Çünki filmdəki obrazı oynayan aktyor özü qaradənizlidi. Bizdə isə bu, yerinə düşmür. Məsələn, Şamaxıda doğulub böyümüş bir aktyor gədəbəyli, yaxud da lənkəranlı obrazı yaratmağa çalışır, amma alınmır, sadəcə ləhçələri bir-birinə qarışdırır və gülüş hədəfinə çevrilir. Bədii dilin normaları gözlənilmir, ədəbi dilə kölgə düşür.

Hələ onu demirəm ki, dublyaj olunmuş filmlərdəki vəziyyət oldüqca gülüncdü. Bir baxırsan ki, Stalloni Şəki, Cennifer Lopes Bakı, Tom Kruz Saatlı, Monika Belluçi Gədəbəy, Alen Delon Gəncə, Madonna Tovuz ləhcəsində danışır. Bu çox böyük rəzillikdi. Doğrudanmı bu qədər məsuliyyətsizliyə gərək var? Dublyaja nəzarət edənlər ana dilinə qarşı bu qədərmi vecsizdirlər? Ana dilini bilməyənlərə baş rolu etibar etməyin adı nədi? Azərbaycan dilini mükəmməl anlamayanlar niyə efirlərdən əskik olmur?

Aparıcıların nitqində orfoepik qaydalara əməl olunmur, bəzən mətn emosional səslərlə oxunur, dinamik və sərbəst ifadələrdə qüsurlar baş alıb gedir, heca vurğusu düzgün səslənmir, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə olunur, dilin intonasiyası pozulur və s.

Bu neqativ halların aradan qaldırılmasının bir yolu var: rəhbərlik ana dilinin mükəmməl bilicisi olmalı, onu Allah qədər sevməli, dilin saflığını vətən sərhədlərinin keşiyində canı-qanı ilə dayanan əsgər kimi qorumalıdır. Vəssalam! Əks halda bu cür əyriliklər heç bir zaman düzəlməyəcək.

Nə qədər ki, televiziya rəhbərləri peşəkar jurnalistləri rusdilli və ləhcə ilə danışan, savadsız, ana dilinin gözəlliklərini və incəliyini anlamayan müğənnilərlə əvəzləyəcək dilimiz bir o qədər məhv olacaq.

Nə qədər ki, televiziyalarda Azərbaycan dilini mükəmməl bilməyən aparıcılar yersiz, süni, şit zarafatlarla, primitiv söhbətlərlə meydan sulayacaqlar, bir o qədər də ana dilimiz ucuzlaşıb hörmətdən düşəcək. Məhz belələrinin "xidmətidir" ki, son illər Azərbaycan dilini bəyənməyən, ona xor baxan, başqa dillərər üstünlük verən bir nəsil formalaşıb.

Bu gün Azərbaycan dilinin keşiyində ötən əsrin 60-70-ci illərində olduğu kimi dayanmaq, yad dillərdən təmizləmək, saflaşdırmaq kimi tendensiya çox azdır. Azərbaycan ədəbi dili demək olar ki, "zülüm-zülüm ağlayır", milli sərvət olmaqdan çıxıb. Ona görə də yerindən duranın ona soyuqqanlı yanaşmasına göz yummaq olmaz. Ana dilini qorumaq hər kəsin müqəddəs borcudur. Bu borcdan qaçmaq millət olaraq bizi uçuruma aparır.

Bəlkə də ana dilini məhv edən, onu ağlar günə qoyan tərbiyəsizləri inzibati yollarla cəzalandırmağın vaxtı çatıb...

Olaylar.az

Baxış sayı: 167