Baş xəbər, İdman
12.11.2018 / 11:35

Gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək

Gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək13 noyabr 2018-ci tarixi, saat 10.30-da Bakı Kristal Zalının Media Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Gənclər təşkilatlarının V Respublika sərgisində təşkilatlar üçün özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaranacaq. Sərgi ziyarətçiləri müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər.

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər və maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Gənclər təşkilatları ilə yanaşı gənclər evlərinin də sərgidə iştirakı nəzərdə tutulub.


Gənclər və idman naziri Azad Rəhimov, PA rəsmiləri, Milli Məclisin komitə sədrləri, deputatlar, nazirlər və rəsmilər də sərgidə iştirak edəcəklər.

Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası məqsədilə təşkil edilir.


İnform.az


Baxış sayı: 273