Siyasət
09.11.2018 / 14:30

"Milli kimliyimizin əsas əlamətləri məhz üçrəngli bayrağımızda öz əksini tapıb"- Ziyad Əmrahov

"Milli kimliyimizin əsas əlamətləri məhz üçrəngli bayrağımızda öz əksini tapıb"-"Milli kimlik olmadan siyasi kimlikdən söhbət gedə bilməz. Bu gün biz fəxrlə qeyd etməliyik ki, məhz Azərbaycan Respublikası bu milli kimliyin, üçrəngli ay-ulduzlu bayrağın təntənəsi altında dünya dövlətləri sırasında özünə layiqli yer tutub, öz siyasətini yürüdür".

İnform.az-ın xəbərinə görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov deyib.

O bildirib ki, Azərbaycan tarixi üçün bir çox əlamətdar hadisələr bu gün xalqımız tərəfindən böyük sevinc və fəxarət hissi ilə qeyd olunur.

Z.Əmrahov qeyd edib ki, belə əlamətdar günlər tariximizə sadəcə ötəri gün kimi daxil olmayıb: "Bu, bizim xalqımızın azadlığının, müstəqilliyinin və siyasi suverenliyinin rəmzi kimi qiymətləndirilməlidir. Bu gün fəxrlə qeyd etdiymiz bu tarixi günlərdən biri düz 100 il əvvəl müsəlman Şərqində müstəqilliyini elan etmiş və dünya dövlətləri ailəsinə daxil olaraq müstəqil yaşama haqqı qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay-ulduzlu səkkiz guşəli bayrağının qəbul edilməsi günüdür. 1813-cü ildən sonra itirilmiş dövlət müstəqilliyinin 1918-ci il mayın 28-də parlamentli respublika formasında elan edilməsindən sonra onun dövlət rəmzlərinin qəbul edilməsi olduqca mühüm hadisələrdən biri idi".

Tarixçi xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra - 1918-ci il iyunun 21-də ilk bayrağımız kimi qırmızı rəng fonunda aypara və 8 guşəli ulduzdan ibarət bayraq əsas götürülüb. Lakin sonradan Osmanlı dövləti ilə bayrağımızın qırmızı fonda oxşar olmasını əsas gətirən Cümhuriyyətin 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılığı ilə yenidən təşkil edilmiş ikinci hökumət kabineti elə həmin il sentyabrın 17-də Bakıya köçdükdən sonra özünün növbəti iclasında bir sıra məsələlərlə yanaşı, bayraq məsələsini də müzakirəyə çıxararaq bir sıra dəyişiklər edilməsini məqbul saydı. Beləliklə, üçrəngli fonda aypara və səkkiz guşəli ulduzdan ibarət bayraq Dövlət bayrağı kimi qəbul edilir:

"Bununla da bugünkü üçrəngli, ayparalı, səkkiz guşəli ulduzlu dövlət bayrağımızın hüquqi və siyasi əsaslı tarixi başlandı. Üçrəngli bayrağımızda əksini tapan rənglərin isə müasirləşmək, türkləşmək və islami dəyərlər kimi qəbul edilməsi və dərin ideoloji əsasları da Cümhuriyyət liderlərinin baxış və mülahizələrində özünə yer tapdı. Cümhuriyyətimiz 23 aylıq müstəqillik dövrü yaşasa da, bolşeviklər Azərbaycan xalqının 70 il ərzində mübarizə əzmini və tarixi köklərə bağlılığını sındıra bilmədilər. 1991-ci il 18 oktyabrda yenidən müstəqilliyə qovuşan Azərbaycan özünün tarixi varislik prinsiplərinə sadiq qaldı, özünü Cümhuriyyətin varisi elan etdi, Cümhuriyyətin dövlət atributlarını qəbul etdi. Üçrəngli, ay-ulduzlu bayrağımız yenidən dövlətimizin əsas atributları sırasına daxil edildi və dövlət bayrağı kimi qəbul edildi. Bayraq bizim milli kimliyimizdir, milli kimliyin əsas əlamətləri məhz bizim üçrəngli bayrağımızda öz əksini tapıb".


İnform.az

Baxış sayı: 50