Mədəniyyət
09.11.2018 / 11:25

Amalyanın “plastik xərçəngi”...

Amalyanın “plastik xərçəngi”...
Jalə Mütəllimova


Hamı başsağlığı yazacaq. Gözəlliyi qarşısında baş əyəcək. Rollarından söz açacaq. Kimsə etiraf etməyəcək: Sizi ələ salırdım, qocalıqda yorğalıq etdiyinizi düşündüm, belə deyilmiş, günahkaram, əfv edin, böyük sənətkar!

*****

Dəqiq bildiyim bir şey var, yaxşılı-pisli atılan hər addımın, verilən hər qərarın mütləq bir alt səbəbi vardır. Bəzən o elə səbəb olur ki, sən ictimailəşməsini, müzakirə olunmasını istəməzsən. Hətta səni bir zamanlar özünə baş tacı edən publika, ələ salıb, məsxərəyə qoysa da, susarsan. Anladığın bir şey olar, ictimai rəy qədər amansız ikinci qüvvə yoxdur. Tək sənin məsələndə yox, hamının məsələsində və hər şeydə amansızdır...

*****

Son dəfə Kukla Teatrında gördüm, onu... Qolundan bir xanım tuturdu, rahat yerisin deyə... Rica eləyib, qızlarımla şəkil çəkdirməsini istədim. Onlarla tanış oldu, əllərini öpdü. Yavaşca dedi ki, adamlar ələ salır, amma bu gözəllərlə şəkilim olsun, istəyirəm. O şəkil qızlarım üçün hazırladığım yadigar albomun ən önəmli səhifələrindən birində yer alacaq. Təkcə böyük sənətkarı xatırlamaları üçün yox, həm də qürurlu, şəxsiyyətli birini rəhmətlə ansınlar deyə...

Bir zamanlar Amalya Pənahovadan danışanda desinlər ki, illərin sevimli sənətkarını cilddən-cildə təkcə plastik əməliyyat yox, həm də hamıdan gizlətdiyi xərçəng xəstəliyi salırmış. Bütün bunlar haqda o, həmişə susurmuş, qürurundan və ailəsinə sayğısından... Ancaq adamlar onu ölənə qədər ələ saldılar. Sonra xərçəng olduğunu bildilər və təriflədilər...

...O da tamaşaçıya sevgidən, sayğıdan, bir də tərbiyədən irəli gələn keyfiyyətdir, yəqin... Sizə eşq olsun, Amalya xanım, həm də rəhmət... Əmin olun, sizi ələ salanlar daha amansız xəstəlikdən əziyyət çəkirlər, adı “ritorika”...

Kiməsə dərs olsunmu? Bunu demək çətindir. Biz hətta öz başına gələnlərdən belə, heç dərs almayanlardanıq.

*****

...Xalq artisti Amalya Pənahovanın ölümü paslı duyğuları, hər şeyə ritorika ilə yanaşanları "yontaladı", bəlkə... Adam xərçəngin onu necə "yediyini" plastik əməliyyat adı altında gizlədib. Kimsəyə əyilməyib, yalvarmayıb, yavaşca, astadan davranıb, susub. Qəfildən də çıxıb, getdi bu dünyadan... Yoluna uğur, böyük və gözəl sənətkar... Sizsə, ey... insan yaradılanlar, duyğularınızı təftiş edin, xüsusən də hamını, hər şeyi, hər kəsi ələ salan, sizi lənət günə qoyan tərəfinizi… RİTORİKANI!..

musavat.com

Baxış sayı: 76