Dünya
02.11.2018 / 19:30

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək- ŞƏRH

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-
Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonrakı “inqilabi islahatlar” davam edir.

Hökumətin kəmiyyət və keyfiyyət baxımından yenilənəcəyi ehtimalı ilə bu prosesə “inqilab” da demək olar.

Məlumdur ki, hər bir prosesin başa çatması müddəti olur. Başqa sözlə, bunun başa çatması üçün möhlət verilir. Lap elə ərzaq mallarının istifadəyə yararlılıq müddəti kimi. Əks halda, məhsulun orqanizmi zəhərləməsi ehtimalı çox olduğu kimi, proseslərin də başa çatmaması dövlətə, cəmiyyətə ziyan vurur.

İnqilablar başa çatmayanda və müddətsiz davam edəndə ziyanı da çox olur. O qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədikdə də yeni inqilablara rəvac verir. 101 il əvvəl Rusiyada meydana gələn sosialist inqilabı 70 il sonra özünün axırına çıxdı. Həm Rusiya imperiyası çökdü, həm də bu ideya siyasi səhnədən silindi.

1979-ci ilin fevralında İranda baş vermiş antimonarxiya inqilabı da hələ başa çatmış sayılmır. Çünki onun ideyaları həyata keçməyib. Mülkiyyət bir əldən o birinə keçib, dini-siyasi cərəyan hakim olub.

Son 15 ildə keçmiş sovet respublikalarında da “məxməri”, “qızıgül”, “narıncı” inqilablar baş verib. Bunun nəticəsində Gürcüstan yeni mərhələyə qədəm qoyub, Ukrayna hələ qarışıq vəziyyətdədir. Qırğız Respublikası da bir neçə dəfə inqlab etmiş sayılsa da, proses hələ başa çatmayıb və ölkə qərblə şimal arasında tarazlığı qorumağa cəhd göstərir.

Bu inqilablar həm də xarici təsirlərin nəticəsi sayıla bilər. Məsələn, Afrikanın şimalında 3 ərəb dövlətində - Misir, Liviya və Tunis də “domino effektinə” bənzər siyasi-hərbi proseslər baş verdi. Nəticə isə hələ də ürəkaçan deyil. Bu ölkələrdə baş verənlərə də inqilab deyirdilər...

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-


Ermənistanda da yuxarıda sadaladıqlarımıza oxşar hadisə baş verib. Sabiq prezident və baş nazir Serj Sarqsyan və tərəfdarları siyasi hakimiyyətdən uzaqlaşdırıldı, onların yerinə yeniləri təyin edildi. İndi yeni gələnlər üstündən 10 il ötəndən sonra 2008-ci ilin mart hadisələrini araşdırmağa başlayıblar. Bu hadisələrə görə keçmiş prezident Robert Koçaryan əvvəlcə həbs olundu, sonra isə azadlığa buraxıldı. Hazırda istintaq davam edir və onun ölkədən çıxışına qadağa qoyulub. Serj Sarqsyanın iqtidarda olduğu dövrdə törətdiyi cinayətlərlə bağlı dosye toplanılır. “Sasna tserer” kimi silahlı qruplaşmanın həbs edilən üzvləri isə azadlığa buraxılır. Onların parlament seçkilərində iştirakına şərait yaradılır.

Noyabrın 1-də isə Serj Sarqsyanın dövründə formalaşdırılan parlament buraxıldı. Hazırda Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılıb.

Noyabrın 1-də Ermənistan prezidenti Armen Sarkisyan qanunverici orqana növbədənkənar seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Parlamentin buraxılması da paşinyançıların uğuru sayıla bilər. Bununla “Mənim adımım”çıların inqilabı başa çatdımı? Yaxud bu proses nə vaxt başa çatmış sayıla bilər?

Ermənistanda son proseslərə təkan verən əsas amil 2015-ci ilin dekabrında konstitusiya islahatı ilə bağlı keçirilən referendumdu. O vaxt R.Koçaryan xələfi Serj Sarkisyanın təşəbbüsü ilə konstitusiyaya dəyişiklik edilməsi qərarını ölkə üçün “son dərəcə təhlükəli” nəticələri olan “böyük səhv” adlandırmışdı: “Bu gün konstitusiya islahatına, özü də belə radikal xarakterli dəyişikliyə, heç bir ehtiyac yoxdur”.

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-


S.Sarkisyanın sələfi hesab edirdi ki, ölkənin üzləşmiş olduğu problemləri qüvvədə olan konstitusiya çərçivəsində də həll etmək mümkündür və əsas qanunun funksionallığını heç kəs şübhə altına qoymur. R.Koçaryan əvvəldən bu islahata qarşı çıxış edirdi.

Onda Ermənistandakı təxminən 20 ictimai və siyasi qüvvənin birləşdiyi “Yox!” Hərəkatı seçiciləri referendumda konstitusiya layihəsinin əleyhinə səs verməyə çağırır, dəyişikliyinin S.Sarkisyan hakimiyyətinin ömrünün uzadılması məqsədi daşıdığını bildirirdi. Etirazlara baxmayaraq, konstitusiya ilə bağlı referendum keçirildi, yeni əsas qanun qəbul edildi.

Qeyd edək ki, müstəqillikdən sonra Ermənistanın ilk konstitusiyası 1995-ci ildə qəbul olunub, 2005-ci ildə isə ona dəyişiklik edilib. 10 il sonra yeni əsas qanun qəbul olunub. Ancaq hadisələrdən sonra yeni konstitusiyada da islahata ehtiyac duyulduğu bildirilir. Ermənistan prezidenti Armen Sarkisyanın təşəbbüsü ilə hüquqşünaslardan ibarət İşçi qrupu da yaradılıb. Onlar konstitusiyaya dəyişikliklər üzərində artıq işləməyə başlayıblar. Məlumata görə, İşçi qrupu yeni konstitusiya üzərində işləyir. Hələlik əsas qanunla bağlı referendumun keçiriləcəyi tarix məlum deyil.

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-


Deməli, inqilabın başa çatması mərhələlərindən biri konstitusiya islahatıdır. Sonuncu parlament yeni Seçki Məcəlləsini qəbul etmədi. Bunu beynəlxalq təşkilatlar da qınada. Odur ki, yeni Seçki Məcəlləsinin qəbulu da inqilabi prosesin tərkib hissəsinə aiddir.

Ermənistana sərmayə qoyuluşu sıfır səviyyəsindədir. Parlament seçkilərindən sonra qurulacaq yeni hökumət bu acınacaqlı vəziyyəti aradan qaldırmağa cəhd göstərəcək. Hazırda Rusiyada yaşayan erməni əsilli iş adamları Ermənistana sərmayə qoymur. Bu azmış kimi Rusiya Federasiyasına məxsus şirkətlər də ölkəni tərk edirlər. Hətta 2016-cı ildə Qafan rayonundakı qızıl mədənini satın alan “Polymetal” şirkəti Ermənistandan getmək qərarına gəlib. Alaverdi misəritmə zavodu ilə bağlı problem də hələ öz həllini tapmayıb. Nikol Paşinyan zavodun fəaliyyətinin insan həyatı üçün təhlükə daşıdığını deyir, qarşı tərəf isə onunla razılaşmır. Bu iki fakt ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən əlvan metalrugiya sənayesinin vəziyyətinin göstəricisidir.

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-


Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (“Rosselxoznadzor”) Avrasiya İqtisadi İttifaqının sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyub. Belə sanksiyaların müddətinin uzadılacağı və ya sərtləşdiriləcəyi ehtmalı da hələ ki yüksəkdir.

Yeni siyasi qüvvələr ölkədəki daşınmaz əmlakın çoxunun korrupsiyalaşmış Koçaryan və Sarqsyan hakimiyyətləri dövründə əldə edildiyini bildirirlər. Odur ki, Nikol Paşinyan inqliabının uğurlu sonluğu və ya başa çatması amillərindən bir də mülkiyyət məsələsi, iqtisadi islahat və Rusiya ilə əməkdaşlıqdan asılıdır.

N.Paşinyanın şüarlarından biri anti-korrupsiyadır. Bir neçə gün əvvəl Ermənistanın Dövlət Gəlirləri Komitəsinin 19 əməkdaşına rüşvətxorluq və rüşvətin çatdırılmasına vasitəçilik ittihamlar irəli sürülüb. Həmin şəxslərə qarşı ilkin istintaq hərəkətləri başa çatıb, ittiham aktı və digər materiallar prokurorluğa göndərilib. Deməli, inqilabın əsas vəzifələrindən biri də korrupsiyaya qarşı mübarəzini davam etdirməkdir. Ermənistanda rəsmilərinin etiraf etdikləri məsələlərdən biri də insan hüquqlarının müdafiəsi sahəsindəki problemdir. N.Paşinyan etiraf edib ki, ölkədəki penitensiar müəssisələrində şərait biabırçı vəziyyətdədir. Ona görə də ölkədə insan hüquqlarının qorunması sahəsində inqilabı islahatlara ehtiyac olduğu da istisna deyil.

Ölkənin üzləşdiyi ən ciddi problemlərdən biri demoqrafiya məsələsidir. 2018-ci il oktyabrın 1-də Ermənistan əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub. Əhalinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb. Ötən ilin hesabat dövrü ilə müqayisədə ölkədə 2018-ci il yanvar-sentyabr ayları ərzində yeni doğulan körpələrin sayı 4,2 faiz azalaraq 26 min 483 nəfər təşkil edib.

Bu sahə Ermənistanda problem olaraq qalır. Çünki ermənilər “vətəni dabanlarında daşıyan” xalqlardandır. Onlar “yaxşı həyat” arzusunu gerçəkləşdirmək üçün təbəəsi olduqları şahları, sultanları, çarları belə satıb, yenilərinə qulluq ediblər. Bu, tarix də çoxdan təsdiqlənib. Mühacirətin qarşısının alınması isə ölkədə siyas-iqtisadi və sosial vəziyyətdən asılıdır. İnqilabın başa çatması həm də bundan asılıdr.

Ermənistanın gələcək hakimiyyəti üçün başlıca problem Rusiya və ABŞ-la münasibətlərin tənzimlənməsidir. Rəsmi Yerevanın ABŞ silahlarına tamahlanması yeni hakimiyyət üçün baş ağrısı ola bilər. Bu sadəcə, yeni silah anlaşması ehtimalı deyil, həm də Kremli satmaq kimi dəyərləndirilə bilər.

Qarabağın işğalına son qoyulmayanadək Ermənistanda inqilablar davam edəcək-


İnqilabın başa çatması şərtlərindən biri də Ermənistanın işğal etidiyi Azərbaycan torpaqlarından çıxmasıdır. Ötən gün Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsi bir daha sübut edir ki, Ermənistanın bir dövlət olaraq, yaranması, mövcudluğu və gələcəyi Dağlıq Qarabağdan asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan inqilabın başa çatması şərtlərindən biri və ən başlıcası Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

Beləliklə, Nikol Paşinyanın inqilabının başa çatmasına sevinənlər deyəsən tələsirlər. Sadaladığımız və qeyd etmədiyimiz məsələlər öz həllini tapmayanadək işğalçı ölkədə inqilab bitmiş sayıla bilməz. Əks halda yeni və daha kəskin hadisələrin baş verəcəyi istisna edilmir. Ermənistanda parlamentə silahlı basqın, “Sasna tsrer”in polislərə silahlı hücumu, 2008-ci ilin mart hadisələri bunu deməyə əsas verir./Report

Baxış sayı: 63