Baş xəbər, İdman
02.11.2018 / 16:30

Bayrağımızı ucaltmaq ən böyük səadətdir- FOTO

Bayrağımızı ucaltmaq ən böyük səadətdir-
İdman hər bir ölkənin ictimai həyatında çox böyük önəm daşıyır.Azərbaycan idman ölkəsidir.

Bu gün ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınması üçün daxili işlər orqanlarının əməkdaşları, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələri də əllərindən gələni əsirgəmirlər.

Oktyabrın 20-dən 28-dəkMacarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə keçirilən dünya çempionatı millimizin təmsilçiləri üçün uğurlu olub. Altmışdan artıq ölkənin qatıldığı bu yarışda milli komandamız ümumi hesabda dördüncü yeri tutub.

Milli yığmamızın tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Eldəniz Əzizli qələbə uğrunda inamlı mübarizə aparıb.

Yunan-Roma güləşi üzrə millimizin favoritlərindən hesab olunan pəhləvanımız çəkisi 55 kiloqramadək olan güləşçilərin mübarizəsindəbütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.
Əksər görüşləri vaxtında əvvəl qələbə ilə başa vuran təmsilçimiz dünya çempionatının ən güclü fiqurlarından hesab olunub. Artıq Vətənə qayıdan təmsilçimizin bu uğuru münasibəti ilə DİN İdman Cəmiyyətində tədbir keçirilib.

Çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradılıb.

Qeyd olunub ki, Eldəniz kimi perspektivli idmançılarımızın sayı ildən-ilə çoxalır.

Bütün bunlar da onu deməyə əsas verir ki, gələcək yarışlarda, olimpiyadalarda hələ bizi çox qələbələr gözləyir.

Zemfira Meftaxetdinova millinin baş məşqçisi Şaban Donata da xüsusi təşəkkürünü bildirib.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov və şöbənin baş inspektoru, polis polkovnik-leytenantı, əməkdar məşqçi Radik Hüseynov çempionumuza daha böyük nailiyyətlər qazanmağı arzu ediblər.

Avropa və Dünya çempionu Eldəniz Əzizli bu qələbə iləarxayınlaşmayacağını, Azərbaycan bayrağını daim zirvələrə ucaltmaq, himnimizi səsləndirmək üçün bütün qüvvəsi ilə çalışacağını deyib, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə öz təşəkkürünü bildirib.

Bayrağımızı ucaltmaq ən böyük səadətdir-



Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 45