Ədəbiyyat
30.10.2018 / 14:30

Onun şeirlərində...

Onun şeirlərində...
Poeziyamızın yeni-yeni imzalarla zənginləşməsi müasir ədəbi prosesin əsas görüntülərindən biridir.
Ötən yüzilliyin sonlarında ədəbiyyatımıza gələn, özü ilə oxucular arasında qırılmaz ünsiyyət yaradan gənc yazarlardan biri də Ləman Məmmədovadır.


Qabaqcadan deyək ki, Ləman xanım Vətənimizin dilbər guşəsi olan Lənkəranda vətənpərvər ziyalı və hərbçi ailəsində böyüyüb tərbiyə alıb, ictimaiyyət arasında, oxucu auditoriyasında kifayət qədər tanınan Xalidə xanım Xalidin övladıdır.

Bu günlərdə mənə onun yaradıcılığı ilə bir daha tanış olmaq qismət oldu.

Gördüm ki, bu nümunələr şair ömrünün rəngarəng mozaikası, insan simasının dəqiq bədii cizgiləri, narahat bir ürəyin döyüntüləridir.

Ləman xanımın şeirlərinin, publisistikasının sadə və lakonik, sözün əsil mənasında oxucu ilə mükalimə olduğunu hiss etdim.

Ləmanın yaradıcılığının mayası həqiqətdən yoğrulub, orijinal ifadə tərzi, real, təbii lövhələr, əlvan boyalar insanı valeh edir.

Şairənin şeirlərindəki bütün görüntülər həqiqətdən qaynaqlanır, poeziyanın ümumi fonunda yenidir, gözəgəlimlidir, cəlbedicidir.

Bu şeirlərin dili anlaşıqlıdır, ən əhəmiyyətlisi budur ki, şeirə məxsus olan musiqililiyi, ritm və avazı hiss edirsən.

Müəllif, həm klassk, həm də müasir poeziyaya yaxşı bələddir, həm məzmunca, həm də formaca poeziya leksikasına sadiq qalmaqla, şeirin gözəl nümunələrini yaratmaq qabiliyyətinə malikdir.

Ləmanın yazılarında milli dəyərlər çox qüvvətlidir, vətəndaşlıq hissləri şeirlərin mayasına hopmuşdur.

Mahiyyət etibarilə milli-mənəvi dəyərlərin ümid nəğmələri kimi təzahür edən psixoloji yaşantılar tutarlı bədii detallarla, obrazlı ifadələrlə elə dəqiq səslənir ki, oxucuda bir çox hallarda hətta heyrət oyadır.

Bizi əhatə edən aləmə, yaranmışların əşrəfi olan insana sevgi şairəmizin ürəyinin içindən gəlir. Hiss edirsən ki, o, elə bir əsər yazmaq istəyir ki, oxucu həmin əsəri əlindən yerə qoymasın.

Bəlkə də bu həyat qumar kimidir,
Çox qoyan hər şeyin birdən itirir.
Gözlərin kimidir həyat, əzizim,
Baxanlar günahı müqəddəs bilir.

Ləmanın əsərlərində əsas yeri məhəbbət lirikası tutur. O, həyati qayğılarını bu vasitə ilə daha mükəmməl ifadə edə bilir, şeiri yaşatmaqla eşqin ruhunu yaşadır.

O, köhnə məhəbbət mövzusunu da təzələməyi bacarır, şairin eşqi insanı ruhdan salan kədərli eşq deyil, onu ucaldan eşqdir, əgər burada kədər vardırsa da, o, insan ruhunun ölməzliyindən nişan verən kədərdir.

Bu yazıları mütaliə etdikcə görürsən ki, Ləmanın yaradıcılığında müasir ədəbi proseslə yanaşı klassiklərin təsiri də yetərincədir.

Lakin o, klassik ənənələrə söykənsə də, bir sıra mövzularda bu təsir müəllifin özünüifadəsi şəklində meydana çıxır və orijinaldır, ürəkləri özünə məxsus nəfəslə titrədir, ehtizaza gətirir.

Beləliklə o, klassik formaya yeni ruh verir, klassik ənənələri yaşatmaqla şeirə müasirlik nəfəsi gətirir, köhnəlmiş sözlər də ümumi axında yeni görünür, asan başa düşülərək dərk edilir.

Bizim xalqın təfəkkürü aydınlığı və duruluğu ilə bərabər, mürəkkəb təfəkkürdür. Ləmanın yaradıcılığı bu təfəkkürün fövqündə cilalanmışdır. Şairənin qəhrəmanı bütün varlığı ilə MƏN iradəsinə bağlıdır, onu hər şeydən uca tutur.

O, heç də aciz bəndə deyildir, öz iradəsi yolunda qurban getməyə hazır olan şəxsiyyətdir, öz yaradıcı gücünə inanır. Başqa sözlə, öz mənliyinə məhəbbət və sevgi şairin həyatının özüdür, mahiyyətidir, bu iradə ilə yetkinləşdikcə, psixoloji aləmi də biçimləşir, estetik-etik görüşləri təkmilləşir.

Çağır yalqızlığı, gəlsin, qorxmasın,
Ürəyim boşalır, ona da yer var.
Vursun əcəli də qoluna gəlsin,
Bu dünya genişdir, ona da yer var.

Yandıraq tütünü, içək şərabı,
Havasız ciyərdə dumana yer var.
Çağır diriləri, ölü də gəlsin,
Boşalır masalar, ona da yer var.

Boşuna torpağa verməyin kürək,
Mənim yaddaşımda yatmağa yer var.
Çağır o rəssamı, seçərək bir rəng,
Gəlsin, ürəyimdə cızmağa yer var...

Beləliklə, Ləman Məmmədova fəlsəfi lirikaya daha çox meyillidir, bütün əsərlərində insanları mənəvi paklığa səsləyir, yeri gəldikcə ictimai xarakterli məsələlərə öz fikrini bildirir, oxucunun diqqətini çox vaxt həlli müşkül olan problemlərə yönəldir.

Abır, həya, vəfa, sədaqət, fədakar məhəbbət Ləmanın lirik qəhrəmanlarının yüksək əxlaqi-etik xüsusiyyətləridir, bu qəhrəmanların əsas keyfiyyəti həyatın mənasını yetərincə anlamaqdadır və onların həyat kredosu tərbiyəvi cəhətdən olduqca ibrətamizdir.

Ləman xanımın poeziyasında dərin lirizm hakim mövqedə dayanır, ən zərif duyğular öz əndazəsindən çıxmır, sənətin ladına köklənmiş simlər heç vaxt kökdən düşmür, avazını itirmir. Şeirlərdə insan münasibətləri, psixoloji problemlər həll olunur, fikirlər, düşüncələr özünə məxsus üslub və çalarla, şair həyəcanı və narahatlığı ilə qaynayıb-qarışır, bu hisslər və duyğular oxucu üçün də doğmalaşır.

Şübhəsiz, bunlara nail olmağa müəllifin zəngin müşahidə qabiliyyəti, həyatı öyrənmək yolunda axtarışları, özünə qarşı tələbkarlığı, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləməsi imkan yaratmışdır.
Onun yazılarını diqqətlə oxuduqca dərk edirsən ki, lirik qəhrəmanın həyəcanları heç də əsassız deyildir.

Ləmanın təsəvvüründə lirik qəhrəmanın hissləri dünyaya açılmış pəncərədir, bu təsəvvürə mənəvi ruhun füsunkarlığı, gözəlliyi, uluların mənəvi dəyərləri fövqündə qeyri-adi harmoniya, xalq, cəmiyyət qarşısında məsuliyyət hissləri hakimdir.

Bu sırada ola bilər ki, bəzi misralar adi oxucu üçün dərhal aydın olmasın, yəni dərhal dərk olunmasın. Amma narahat olmaq lazım deyil, əgər sən doğrudan da poezilya həvəskarısansa, bu Yaradan vergisindən həqiqətən zövq almaq istəyirsənsə, bir daha geri qayıt, gözünün önündəki yazıya bir daha nəzər sal, onda sənə çatar ki, müəllifin içindən gələnlər mahiyyətcə nədən ibarətdir. Görərsən ki, öz duyğularını və qəlbinin haraylarını insanlara çatdırmaq, axıcılıq, səmimilik yaradıcı insanın qələminə, fərdi yaradıcılıq üslubuna məxsusdur, bu cəhət oxucunu yormur, əksinə, düşündürür, ona şirin duyğular bəxş edir.

Söz verərək gedənləri saxlama,
Əllərində ürəyinlə gedirlər.
Boş sinəni ümidlərlə dağlama,
Geri ancaq yuxularda gəlirlər.

Həm gedən ol, həm gələn ol, həm ölən,
Qoy fələyin ağlı çıxsın başından.
Həm görən ol, həm eşidən, həm bilən,
Qoy desinlər, tez böyüyüb yaşından.

Bu dünyada çox da ayaq saxlama,
Qocalırsan, “vaxtı yetdi”, deyirlər.
Gəncliyini xoşbəxtliyə bağlama,
Oyanırsan, “qismətdi də...”, deyirlər.

Müəllifin lirikasında poetik ustalıq yalnız mövzu ilə məhdudlaşmır, şeirin strukturu dəqiq məntiqə əsaslanır, ən intim və həzin hisslər yeni söz və çalarlarla oxucunun mühakiməsinə təqdim olunur.

İlk baxışda adi görünən sözlər, sintaktik birləşmələr qəribə dramatik gərginlik yaradır. Şeirlərdə ata-babadan qalma namus, ar, qeyrət kimi müqəddəs anlayışlar qabarıq verilir.

Mənəvi bütövlük, aydınlıq, pafos, həyatdan doğan süjet, fərdi ovqat, sakit və çılğın, məğrur və milli keyfiyyətlər bizi beləcə daim heyrətləndirir. Bu minvalla ən çətin problemlərimizi ürəyimizə körpü bina edən şairlə bölüşürük.

Şairlərimizdən biri milli poeziyamızın vəznlərini üç qardaşa bənzətmişdir: böyüyü əruz, ortancılı heca, kiçiyi isə sərbəst vəznlərdir.

Məncə, şeirin hansı vəzndə yazılması, ölçü meyarları əsas şərt deyildir, yəni şair forma seçməkdə sərbəst olmalıdır, hökmən deyil ki, şeiri bəndlərə böləsən. Əsas məsələ odur ki, fikir gözəl olsun, ən gözəl forma gözəl şeirin yazıldığı formadır.

Ləmanın yazılarında Azərbaycan şeirinin forma rəngarəngliyi, əlvanlığı yaxşı əks olunur, sanki şeirlərin hansı vəzndə yazılması, ölçü meyarları bütövlükdə əsərin boyuna biçilib.

Payızda ağacdan düşən yarpağın,
Yerini tutmaqçün yaza doğru gəl!
Qəlbimin qışında donan əllərin,
Əridən istinlə buzun açmağa
Yazından sürünüb yaya doğru gəl!
Kimləsən? Yanında olduğun kəsin,
Bağrından sıyrılıb mənə doğru gəl!
Məni saxlamayan qəfəslərimin,
Açarın dəryadan almaq üçün gəl!
Yollarda iz qoyub gedənlərimin,
Qayıdıb izlərin silmək üçün gəl!
Məni mənsiz qoyan ziddiyyətlərin,
Sirrini açmaqçün mənə doğru gəl!

Misalların sayını istənilən qədər artırmaq olar. Amma, bir cəhət də diqqəti daha çox cəlb edir. Ləmanın əsərlərinin baş mövzusu insana, varlığa məhəbbətdir. Obyektin təsvirini duyduqca sanki dastan vərəqləyirik. Bu dastanın qəhrəmanı bizim müasirimizdir, həyat yollarında birgə addımlayan, gözəllikdən zövq alan həmvətənimizdir. Bu mənada Ləman Məmmədova məhsuldar şairədir, onun yaradıcılıq imkanları genişdir, tərənnüm diapazonu zəngindir.

Ləman xanım qələmini həm də esse yaratmaq kimi bir sahədə sınamış, şair kürəyini belə bir ağır yükün altına vermişdir.

Esse ədəbiyyat tariximizdə bir janr kimi son əsrlərdə təşəkkül tapmış, bu günə kimi yaşayır, sevilə-sevilə oxunur, onun öz tələbləri var, bu tələblərə əməl etmək yazıçının borcudur.
Esse, quruluşuna, yazılışına və məzmununa görə mürəkkəb olsa da, müxtəlif fikir növlərinin toplusundan yaranıb yekcins əsərə çevrilsə də, bəlkə bu çətinliyinə görə ədəbi prosesdən uzaq düşsə də, Ləman xanım öz sözünü deməyə çalışıb.

...Və gənclik həvəsinə, ruhuna sadiq qalan Ləman xanımın poeziya butaları hələ tam açılmamışdır, yollar yeni yaradıcılıq zirvələrinə aparır.

Bu yollarda, şübhəsizdir ki, yoxuşlar da olacaq, çünki yaradıcılıq öz mahiyyəti ilə əzab-əziyyətli yoxuşlardan keçməlidir, belə olmasa, yaxşı əsər də ərsəyə gəlməz.

Bizim getdikcə qloballaşan, siyasiləşən, dağıdəcı silahlarla yüklənən, bir-birinin ətini yeyən şeytanların dünyamızı düçar olduğu bəlalardan geniş mənada gözəllik xilas edəcək.

Əminik ki, Ləman xanımın poeziyasının leytmotivini bundan sonra da məhz həmin amal təşkil edəcəkdir.

Biz gənc şairəyə bu yoxuşları cəsarətlə adlamağı diləyirik. Arzu edirik ki, onun yaradıcılığından həmişə gözəllik duyulsun.

Biz ondan gözəllik tutumlu yeni-yeni əsərlər gözləyir və yaradıcılığın çətin yollarında ona uğurlar diləyirik!

P.S: Ləman Məmmədovanın yaradıcılığı ilə tanış olmaq istəsəniz bu bloga nəzər sala bilərsiniz-http://lmhn.blogspot.com/


Aydın Hüseynov/publisist-araşdırmaçı

Baxış sayı: 295